Sülhəddin Əkbər: “Ermənistan uğrunda Rusiya ilə ABŞ-ın mübarizəsi kəskinləşib...”
Ermənistan və Rusiya bioloji təhlükəsizlik haqqında memorandum imzalayıblar. Bunu İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.“Biz bioloji təhlükəsizliyin təmin olunması məsələləri haqqında hökumətlərarası memorandum imzalamışıq. Sənəd bu həssas sferada əməkdaşlığa vacib töhfə verməlidir”, - deyə o bildirib və bu məsələnin digər MDB ölkələriylə də gündəmə gətiriləcəyini deyib.Qeyd edək ki, Rusiya bundan öncə dəfələrlə Ermənistanı ABŞ-ın biolaboratoriyalarını öz ərazisində yerləşdirməklə bağlı ittiham edib. 2019-cu ildə Rusiya bu laboratoriyalara mütəxəssislərin buraxılmasıyla bağlı İrəvanla memorandum imzalamağa çalışsa da, alınmamışdı. 2020-ci ildə isə İrəvan memorandumun layihəsində laboratoriyalara girişlə bağlı heç bir bəndin olmadığını demişdi.
Rusiya tərəfi “bağlı boğça” olan bu laboratoriyanın mövcudluğuna dəfələrlə etiraz edib. İrəvanı ittiham edib.
Cənubi Qafqazda belə bioloji laboratoriya yalnız İrəvandadır. 44 günlük Qarabağ müharibəsində məğlub olan Ermənistanın Paşinyan hakimiyyəti Rusiya qarşısında əvvəlki kimi duruş gətirə bilmədiyini sözügedən memorandumu imzalamağa məcbur olmaqla bir daha ortaya qoydu.
Sülhəddin ƏkbərMəsələ ilə bağlı “Yeni Müsavat”a şərhində Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirdi ki, kütləvi qırğın silahlarının qadağan olunması haqqında beynəlxalq sazişlər var, bioloji silah da kütləvi qırğın silahlarından biri hesab olunur: “Kütləvi qırğın silahının üç əsas növü var - nüvə silahı, kimyəvi və bioloji silah. Pentaqonun nəzarətində olan bu bioloji laboratoriyalar da əsasən bioloji silah hazırlanmasında müxtəlif eksperimentlərin aparılması, süni eksperimental mikroorqanizmlərin hazırlanması üçündür ki, onlardan da bioloji silah kimi istifadə oluna bilər. Həmin bioloji laboratoriyanın keçmiş sovet respublikasında yaradılmasının bir başlıca səbəbi var ki, ABŞ yuxarıda qeyd etdiyim beynəlxalq sazişlərin tərəfi olduğu və demokratik ölkə olduğu üçün, demokratik nəzarət mexanizmləri işlədiyinə görə öz ərazisində bir sıra belə eksperimantal işləri həyata keçirə, bu cür laboratoriyaları saxlaya bilmir. Çünki əks halda bu, sazişlərin pozulması demək olardı. Amerika öz ərazisindən kənarda, demokratiya, ictimai, demokratik nəzarət olmayan ölkələrdə bu laboratoriyalarda istədiyi eksperimenti aparır. Eyni zamanda ola bilsin ki, Ermənistandakı həmin laboratoriyada yeni bioloji silahların saxlanması üçün də istifadə olunur. Rusiyanın da əsas çəkindiyi ondan ibarətdir ki, burada o sazişin pozulması ilə bağlı hər hansı bir fəaliyyət varmı? İndi Rusiyaya məlum dinləmə və zəhərlənmə məsələlərinə görə sanksiyalar tətbiq olunur, gələcəkdə bu sanksiyalar daha da ağırlaşa bilər. Ona görə də Rusiya istəyir ki, ABŞ-a qarşı əlində bioloji laboratoriya amilinə əsaslanan arqumentlər olsun. Bunun üçün də Moskva neçə vaxtdır İrəvanın üstünə düşmüşdü bu məsələ ilə bağlı. Bu, çox ciddi məsələdir”.
Həmsöhbətimizin sözlərinə görə, bu, gizli laboratoriyalardır və əsasən gizli sazişlər əsasında qurulur: “ABŞ-ın Ermənistanla gizli sazişləri varsa da üzə çıxarılmayacaq. Hər halda həmin laboratoriyada araşdırma aparılmasına başlanana qədər Amerika tərəfi orada təmizlik işləri aparacaq. Eyni zamanda Rusiya ilə məlum memorandumu imzaladığı üçün rəsmi İrəvana Amerikanın qəzəblənəcəyi də gözləniləndir”.
Bəs Moskva daha da irəli gedərək Ermənistandakı ABŞ bioloji laboratoriyasını bağlatdıra bilərmi?S.Əkbər qeyd etdi ki, Rusiya buna çalışa bilər: “Ancaq nail ola biləcəyini dəqiq söyləmək mümkün deyil. İndi Ermənistan uğrunda Rusiya ilə ABŞ-ın mübarizəsi kəskinləşib. İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Seçki hər iki böyük dövlət üçün strateji əhəmiyyət daşıyır. Seçki dövründə mübarizə daha gərgin keçəcək. Ruslar artıq qarşılarına məqsəd qoyublar ki, laboratoriya məsələsində də dirəşsinlər. Yəqin, bununla bağlı da ciddi qarşıdurma olacaq”.
Tarix: 8-05-2021, 10:27