“Divan krizi”-nə münasibət olacaqmı ?



Avropa Birliyi ilə Türkiyə arasında çıxan protokol krizi özüylə başqa bir diplomatik krizi də gətirdi : İtaliyanın baş naziri Erdoğana “diktator” dedi və bu yəqin ki, 2 ölkə arasındakı diplomatik münasibətlərə təsirsiz ötüşməyəcəkdir.
Xəbəri olmayanlar üçün xatırladaq ki, bu gərginlik iki gün öncə Türkiyədə səfərdə olan Avropa Birliyinin rəhbərliyindəki 2 şəxsin, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının sədri xanım Ursula von der Leyenin, qəbulu zamanı ortaya çıxıb. Qəbul zamanı Şarl Mişel Erdoğanla üzbəüz, yəni eyni səviyyədə, xanım Von der Leyen isə Türkiyə Xarici İşlər naziri Çavuşoğlu ilə üzbəüz olan divanda əyləşməli olub. Bu da başda Von der Leyenin özü olmaqla, çox sayda Avropa siyasətçilərinin kəskin reaksiyasına səbəb olub. Türk tərəfi bunun məhz Avropa Birliyinin diplomatik heyətinin istəyinə uyğun edildiyini deməyinə baxmayaraq, çox sayda Avropa siyasətçiləri çox səviyyəsiz şəkildə Erdoğanı tənqid edən bəyənatlar, intervyülər verib və tvitter statusları paylaşıblar. Guya Erdoğan “patriarxal” dünya görüşünü, xanım olduğu üçün Von der Leyenə tətbiq edib və onu alçaltmağa çalışmışdır. Bununla birlikdə, bir çox Avropalı siyasətçi və peşəkarlar da bunun Türkiyə ilə əlaqəsinin olmadığını demə cəsarətini göstəriblər.
Buna baxmayaraq dünənin Avropa gündəmi, Erdoğanın diplomatik nəzakəti ilə məşğul qaldı. Verilən reaksiyaların ən ağırı isə İtaliya Baş naziri Mario Draqinin Erdoğanı bu hadisədən danışarkən « diktator » adlandırması olub. Türkiyə Xarici işlər naziri Çavuşoğlu bu ifadəni « həddini bilməz və eybəcər » adlandırıb, təbii ki, haqlı olaraq.
Şübhəsiz, AB ilə Türkiyə arasındakı normallaşmadan Avropanın özündə qıcıqlanan çevrələr vardır və onların bəziləri bu hadisədə Türkiyənin günahının olmadığını bildiyi halda bu protokol krizi üzərində spekulyasiya edirlər. Draqi uzun illər Avropa institutlarında çalışmış biridir və o güman ki, bilir həqiqəti. Deməli onun bu ifadəsi, bir az da Türkiyəyə olan münasibətinin nəticəsidir.
Gələk, Azərbaycana. Məlum olduğu kimi, İtaliya şirkətləri Qarabağın yenidənqurma işlərində aktiv təmsil olunurlar. Biz Qarabağı məhz Türkiyənin çoxsaylı dəstəyi ilə geri almışıq. Bu gün Türkiyə ilə həmrəylik göstərməyin yeni bir fürsətidir. Bir zamanlar Yunan səfirini Türkiyə ilə bağlı qabağına qoyub danlayan Azərbaycan dövlət başçısı, görəsən italyanlara da bu hörmətsizliyə görə mövqe göstərərmi ?
Heç kim inanmasın ki, İtaliya dövləti bizimlə uzun müddətli partner ola bilər. Qarabağ məsələsində bizi qane edən mövqe göstərmiş olsalar da, bunun səbəbi qüvvədə olan qaz kontraktları idi. Nikolo Makiavellinin vətəni olan İtaliyanın uzun zaman perspektivində, maraqları dəyişdikdə, bizə olan münasibəti də dəyişəcəkdir.
Əgər bu qədər haqlı olduğu halda Türkiyəyə diplomatik dəstək göstərməzsək, bir qalib dövlətin özünə inamı ilə belə hadisələrə səs çıxartmazsaq, dövlət olaraq diplomatik vəfasızlıq və « makiavelizm » ittihamına məruz qalarıq.
Tarix: 10-04-2021, 08:56
Xəbəri paylaş



Xəbər lenti