Bu gündən Asiya ölkələrinə, daha dəqiqi, Çin və Cənubi Koreyaya səfəri başlayan Rusiya xarici işlər naziri Sergey Lavrov səfər öncəsi Pekinə yönəlik maraqlı təkliflərlə çıxış edib.ABŞ-ın yeni rəhbərliyinin hər iki ölkəyə qarşı sərt mövqe nümayişi və bilavasitə prezident Co Baydenin Vladimir Putin və Rusiyaya qarşı kəskin addımlar atmağa başlaması fonunda Lavrod Pekin və Moskvanın birgə addımlar atmalı olduğunu bildirib. Bu barədə Çin mətbuatına müsahibə verən nazirin fikrincə, Rusiya gözlənilən sərt sanksiyalarla bağlı riskləri azaltmaq üçün öz texnoloji müstəqilliyini möhkəmlətməli, dollara alternativ valyutalardan istifadə etməli, həmçinin beynəlxalq ödəniş sistemlərindən imtina etməlidir: “Siz görürsünüz ki, ABŞ necə Rusiya və Çin Xalq Respublikasının texnoloji inkişafını məhdudlaşdırmağa çalışır. Buna görə də bizə öz texnoloji müstəqilliymizi möhkmləndirmək, milli və dollara alternativ olan beynəlxalq valyutalardan istifadəyə keçməklə sanksiya risklərini azaltmaq lazımdır”.
Rusiyalı nazir həmçinin “Qərbin nəzarəti altında olan” beynəlxalq ödəniş sistemlərindən də uzaqlaşmağın lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, həyat Rusiya və Çini “bizim Qərbli partnyorlarımızın nümayiş etdirdiyi “sehrlərdən” asılı olmayan” iqtisadi və sosial xətt yürütməyə vadar edir.
Bu açıqlamadan sonra S.Lavrov bu gün Çinin Quylin şəhərinə gedib.Qeyd edək ki, Baydenlə Putin arasındakı sözlü mübadilədən sonra ABŞ hökuməti Rusiyanın ən iddialı layihələrindən olan "Şimal axını-2" qaz kəməri layihəsini həyata keçirən şirkətlərdən dərhal işi dayandırmağı tələb edib. Əks halda, onlara qarşı sanksiyalar tətbiq olunacaq. ABŞ dövlət katibi Blinken bu barədə xəbərdarlıqla çıxış edib.
Politoloq Şahin Cəfərlinin sözlərinə görə, indiyədək 18 Avropa şirkətinin layihədən çəkildiyi məlumdur:“Lakin Merkel hökuməti layihəni başa çatdırmaqda israrlı görünür. Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya uzanan boru kəmərinin 95 faizə yaxını hazırdır, təxminən 140 kilometrlik hissəsi qalıb. Bayden seçildikdən sonra Almaniya kimi dəyərli müttəfiqi incitməmək və Tramp dövründə müəyyən zərər görmüş əlaqələri təmir etmək üçün bu məsələdə güzəştə meylli idi. Lakin bir tərəfdən Konqres buna qəti şəkildə qarşı çıxdı, digər tərəfdən də, belə görünür ki, Bayden mövqeyini dəyişərək Rusiyaya geosiyasi və maddi faydalar gətirəcək bu layihəni əngəlləməyə davam etməyi zəruri sayıb.
Onu da qeyd etmək lazımdır ki, Almaniyanın özündə layihə ilə bağlı konsensus yoxdur. Mövcud hökumət - xristian birlik partiyaları ittifaqı (CDU/CSU) ilə sosial demokratlar (SPD) layihəyə fəal dəstək versələr də, sürətlə nüfuzunu artıran və son sorğulara əsasən reytinqinə görə 2-ci yerə yüksəlmiş Yaşıllar layihəyə qarşı çıxır. (Ekoloji qeyri-hökumət təşkilatları da o cümlədən.)”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ABŞ ilə Rusiya arasında münasibətlər çox kritik yöndə inkişaf edir:“Məni narahat edən odur ki, münasibətlərin gərginləşməsi Kremlin qonşularının başında çartlaya bilər. Şimal qunşumuzun Qərblə münasibətlərinin kəskinləşməsi qısa vadədə Putin rejimini gücləndirir, daxili tənqidçilərin mövqeyini zəiflədir, onları Qərbin "agenti" kimi təqdim edilməsinə Kremlə fürsət yaradır. Orta və uzun vadədə isə təbii ki, Rusiyanı zəiflədə biləcək addımlar atılır, amma qısa zaman kəsimində çox təhlükəli durum yaranır. Məsələn, sabah Kreml Donbasa qoşun yeritsə, Ukraynanın şərqini tam işğal etsə və bunu "öz vətəndaşlarımızın qorunması", adı altında atsa, Qərb buna necə mane olacaq?! Bu gün Donbasda artıq 500 min insana Rusiya pasportu paylanılıb, bunu bəhanə edib qoşun ora girsə rəsmi Vaşinqton, Brüssel hansı addım atacaq?! Bəyanat verəcək? Sanksiya qoyacaq?! Axı işləmir bu sanksiyalar, nə qədər ki, neft 60 dollardan, qazın hər 1000 m3-i 250 dollardan bahadırsa, sanksiyalar heç bir effekt vermir. Başqa nə edəcəklər? Rusiyanı SWIFT sistemdən çıxacaqlar? Bu mümkün deyil axı - həmən Kreml Rusiya ərazisində olan 400 milyard dollarlıq xarici yatırımı milliləşdirəcək, Rusiya bu sistemə Çin vasitəsi ilə qoşulacaq”.
Ekspert hesab edir ki, Qərbin Rusiyadan əsas gəlir mənbəyi olan neft-qaz alışını dayandırması da mümkün deyil:“Avropa Birliyinin qaz ehtiyacının 35-40 faizini Rusiya verir, Şərqi Avropa neftayırma zavodları Ural markalı Rusiya neftinə görə quraşdırılıb və o zavodlar böyük pul qazanırlar, bundan imtina edəcəklərmi?! Məncə, yox, ona görə də, yaxın zaman kəsimində ABŞ-Rusiya qarşıdurması çox kəskinləşərsə, bu Ukraynanın, Moldovanın, Gürcüstan, Ermənistan və Azərbaycanın başında çartlaya, Kremli yaxın ərtafında daha aqressiv olmağa təşviq edə bilər”.
Ş.Cəfərli isə bildirir ki, Rusiyanın beynəlxalq ödəniş sistemlərindən imtina etməsi, ölkəyə qoyulan 400 milyard dollarlıq Qərb yatırımlarını milliləşdirməsi mümkün deyil:“Qərbin əks addım olaraq Rusiyanın Avropa və ABŞ-dakı əmlakına əl qoyması daha ağır nəticələrə səbəb ola bilər. Bundan başqa, Qərb Rusiyanın dövlət borc kağızlarına sanksiya; oliqarxlara və üst məmurlara real sanksiya, onların özləri və ailə üzvlərinin əmlakına, pullarına həbs; "Şimal axını-2" layihəsinin operatoru olan şirkətə sanksiya; Rusiyadan neft idxalına sanksiya (Səudiyyə və digər ərəb ölkələri ilə hasilatın artırılmasını razılaşdırmaqla) və s. addımlarla daha təsirli nəticələrə nail ola bilər”./
Musavat.com/
Tarix: 22-03-2021, 16:18