Qardaş Türkiyənin hazırda əsas gündəm mövzusu Türk lirəsinin sürətlə dəyər itirməsidir. Son məlumatlara görə, lirə ABŞ dolları qarşısında 17 faiz ucuzlaşıb. Məzənnəylə bağlı bundan sonrakı gedişatı proqnozlaşdırmaq isə asan deyil.Bununla yanaşı, mütəxəssislər arasında lirənin ucuzlaşmasının təsirlərilə bağlı fikir ayrılığı da var. Bu da təsadüfi deyil, çünki milli valyutanın dəyər itirməsinin Azərbaycan kimi ölkələrlə müqayisədə olduqca liberal, azad və şaxələnmiş iqtisadiyyata malik Türkiyə üçün təkcə mənfi deyil, müsbət təsirləri də var.
Təbii ki, Türkiyədə son 20 ayda 4 dəfə Mərkəzi Bankın rəhbərinin dəyişdirilməsi vəziyyətin mürəkkəbliyindən xəbər verir. Və həssas olan bazar da bu dəyişiklikdən öz “payını” almaya bilməzdi.
Məlumat üçün bildirək ki, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə dolların məzənnəsi 17 faiz bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib. Daha sonra 8,04 lirəyə enib. Oxşar proses avro ilə də baş verib. Birjada ticarət başlayn kimi avro 9,74 lirəyə yüksəlib, daha sonra 9,22 lirəyə enib.Əslində, xeyli vaxt idi ki, hökumətlə Mərkəzi Bank arasında lirənin kursuyla bağlı fikir ayrılığı vardı. Türkiyə hökuməti, Prezidenti və hakim AKP-nin faizlərin aşağı salınmasıyla bağlı mövqeyi bəllidir. Hakim siyasi qüvvə “xarici barmağın” da olduğu maliyyə dairələrinin uzun illər ölkəni “faiz bataqlığına” soxmağa çalışdığı qənaətindədir.Lakin Mərkəzi Bank bir çox hallarda hökumətin mövqeylə razılaşmır və əks addımlar atırdı. İndi isə Naci Ağbal vəzifəsindən azad edilərək, onun yerinə AKP-li keçmiş millət vəkili, professor Şahap Kavcıoğlu təyin olundu. Bir çox mütəxəssislərin fikrincə, bu təyinat bazarlarda faizlərin iqtisadi deyil, administrativ yolla düşürülməsi və ya türk lirəsinin qeyri-iqtisadi yollarla tənzimlənəcəyi ehtimalını artırıb. Bu da dərhal bazara öz mənfi təsirini göstərib.
Həmçinin qeyd olunur ki, Türkiyədə hazırda valyuta bazarında baş verənlərin ciddi siyasi səbəbləri var. Belə ki, ABŞ-ın Rusiyaya açıq təzyiqləri, sanksiya perspektivləri, Türkiyəninsə bu qarşıdurmada daha çox Moskvanın yanında görünməsi və onu müdafiə etməsi bazar iştirakçılarında pessimist əhval-ruhiyyə yaradıb.Məsələnin sırf iqtisadi tərəfinə gəlincə, iqtisadiyyatı böyük ölçüdə xidmət sektorundan asılı olan Türkiyə üçün pandemiya kifayət qədər ağrılı təsirlərini göstərməkdədir. Nəticədə xarici ticarət kəsirinin 2 dəfəyədək artması, xidmətlər balansının müsbət saldosunun isə əksinə, 2 dəfə azalması baş verib.
Eyni zamanda, ölkənin valyuta ehtiyatları da Türkiyənin miqyası və maliyyə tələbatları ilə müqayisədə xeyli azalaraq, təxminən 90 milyard dollara enib. Mütəxəssislərə görə bu, Türkiyə kimi kifayət qədər nəhəng ölkə üçün olduqca kiçik rəqəmdir və ölkə iqtisadiyyatının mümkün risklərə qarşı dözümlülük səviyyəsini xeyli aşağı salır. Nəticədə də bütün bunlar Türkiyə iqtisadiyyatında, maliyyə bazarında bugünkü mürəkkəb durumun yaranmasına səbəb olub.
Lakin baş verənlərə heç də pessimist yanaşmayan, əksinə, lirənin ucuzlaşmasının müsbət təsirlərinin daha çox olacağını düşünənlər də az deyil. Bu düşərgəyə aid mütəxəssislər isə hesab edirlər ki, Türkiyə bir növ devalvasiyaya getməklə milli valyutanın kursunu qorumağı yox, iqtisadi inkişafı seçib. Çünki faizlərin aşağı salınması, kreditlərin daha əlçatan olması lirənin ucuzlaşması ilə yanaşı iqtisadiyyatda canlanma yaradacaq və bu canlanma milli valyutanın dəyər itirməsindən irəli gələn neqativ təsirləri üstələyəcək.
Digər yandan o da vurğulanır ki, azad bazar prinsipləri əsasında idarə olunan Türkiyə iqtisadiyyatının şaxələnmiş, müasir quruluşu dolların bahalaşmasının mənfi təsirlərini xeyli azaldır. Yəni, məsələn Azərbaycanda manatın ucuzlaşmasının iqtisadiyyata, əhalinin sosial durumuna vurduğu ziyanla müqayisədə, Türkiyədə lirənin ucuzlaşmasının mənfi təsirləri daha az hiss olunandır. Həmçinin, lirənin ucuzlaşması Türkiyə istehsalı olan malların xarici bazarlarda qiymət baxımından daha rəqabət qabiliyyətli hala gəlməsinə imkan verir. Nəticədə lirənin ucuzlaşması ixracın stimullaşmasına yol açmış olur.
Məsələyə daha optimist yanaşanlar onu da xüsusi vurğulayırlar ki, pandemiyaya baxmayaraq, Türkiyə iqtisadiyyatı nadir iqtisadiyyatlardandır ki, cüzi də olsa böyüməyə nail olub. Belə ki, 2020-ci ildə ölkənin Ümumi Daxili Məhsulu 2 faizə yaxın artıb. Həmçinin, cari ildə Türkiyədə turizm sahəsində ötən illə müqayisədə 70 faizədək artım gözlənilir.Ümumilikdə isə azad bazar iqtisadiyyatı qanunlarının gerçəkdən işlədiyi ölkələrdə qiymətlərin, milli valyutanın stabilliyindən daha çox iqtisadi fəallığa üstünlük verilir – hətta bu fəallıq və iqtisadi inkişaf devalvasiya riskinə başa gəlsə də belə. Məsələyə bu kontekstdən yanaşanlar onu da vurğulayırlar ki, Türkiyə iqtisadiyyatının böyük potensialı var və onun investisiya cəlbi üçün kifayət qədər çoxşaxəli kanalları mövcuddur. Həmçinin, Türkiyənin arxalana biləcəyi güclü iqtisadi qüvvələr də var ki, onların da vəziyyətə müdaxiləsi istisna olunmur.
Bir sözlə, qardaş ölkənin iqtisadiyyatında, maliyyə bazarında baş verən proseslər kifayət qədər mürəkkəbdir. Lakin buna baxmayaraq, Türkiyənin bu problemləri dəf edəcəyinə, çətinliklərdən həmişəki kimi dik, başıuca çıxacağına, regionun və ümumilikdə dünyanın irəlidə gedən iqtisadi, siyasi və hərbi gücü olaraq qalcağına, hətta daha da inkişaf edəcəyinə inanırıq./“AzPolitika.info” /
Tarix: 22-03-2021, 16:09