“Breksit Böyük Britaniyaya öz xarici siyasət doktrinasını yalnız özünün müəyyən etməsi və qlobal siyasətə daha fəal qatılmaq imkanları yaratdı. Bu gün dünyanın geosiyasi mənzərəsi sürətlə dəyişir, bu da təkcə ABŞ, Rusiya, Çin kimi supergüclər deyil, həm də Fransa, Böyük Britaniya, Türkiyə və digər bu kimi ölkələr qarşısında yeni imkanlar açır”. Politoloq Ərəstun Oruclunun müsahibəsini təqdim edirik:
- Ermənistan mətbuatında yeni müharibə ab-havası yaşanır, erməni ekspertləri səviyyəsində bununla bağlı müəyyən fikirlər səsləndirilir. Hətta müdafiə nazirinin müavini Armen Sərkisyan cəmiyyəti yeni müharibəyə hazır olmağa çağırıb. Siz bu haqda nə düşünürsünüz, üçüncü savaş gözləniləndirmi?
- Adətən, növbəti savaş bundan əvvəlkinin qarşısına qoyulan hədəflərə çata bilməyəndə baş verir. Bu mənada Qarabağda yeni savaşın ola biləcəyi ehtimalını hələ xeyli əvvəl demişəm, çünki 2020-ci ilin 44 günlük savaşını təhrik edən əsas tərəf – Rusiya hədəflədiyi 3 məqsəddən yalnız birinə tam olaraq çatıb, yəni öz silahlı qüvvələrini bölgəyə “sülhməramlı” adı altında yerləşdirə bilib.
Digər 2 məqsəddən isə birinə - bölgədəki kommunikasiyaları nəzarətə götürməyə qismən nail olub, digərində - Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasında isə heç bir uğur qazana bilməyib, əksinə, hətta müəyyən itkilərə də yol verib.
Odur ki, erməni tərəfinin durmadan artan müharibə ritorikası təsadüfi hesab edilməməlidir.
Qarabağın ermənilər yaşayan ərazilərinə Ermənistandan gizli yollarla hərbçilərin daşınmasını da bura əlavə etdikdə, məsələnin nə dərəcədə ciddi olduğunu daim diqqət mərkəzində saxlamalıyıq.
- Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan Paşinyanı istefaya çağırdı. Paşinyan da buna cavab olaraq onu istefaya göndərmək haqda qərar verdi. Amma nə o tərəf, nə də bu tərəf istəyinə nail oldu. Baş verənlər heç çevrilişə cəhdə də oxşamır. Sizin bu haqda fikriniz nədir?
- Zənnimcə, çevrilişə cəhd vardı, amma onu həyata keçirməkdə maraqlı olanlar erməni cəmiyyətindəki post-müharibə əhvalını tam dəyərləndirə bilmədiklərindən buna bir növ “yumşaq çevriliş” kimi başlamaq istəyirdilər. Bu, həm də cəmiyyətdəki əhvalı və reaksiyanı dəyərləndirməyə imkan verirdi. İstisna deyil ki, Paşinyana əhali tərəfindən ciddi dəstək görməyəcəyi halda qiyamçılar çevrilişi küçələrə çıxarılmış hərbi hissələrin və texnikanın köməyilə sərt metodlarla davam etdirəcəkdilər.
Amma baş nazirin əhalidən ciddi dəstək alması qiyamçıları Paşinyana istefa tələbi irəli sürülən məlum bəyanatla kifayətlənməyə məcbur etdi ki, bu da əslində məğlubiyyət demək idi.
Çevrilişin baş tutmamasının bir səbəbi də məncə, Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamayla qiyamçıları və onların arxasında dayananları ssenaridən çıxararaq tələskən addımlar atmağa sövq etməsi oldu.
- İngiltərə hökumətinin gələn həftə Rusiyanı bir nömrəli düşmən elan etməyə hazırlaşır. Bundan başqa, İngiltərə Xarici İşlər naziri Dominik Raab Rusiya təhlükəsini müzakirə etmək üçün federasiyaya qonşu olan ölkələrə səfər edəcək. İngiltərə və Rusiya arasındakı bu gərginliyin izahı nədir, bu iki gücü hansı məqamlar üz-üzə qoyur?
- Breksit (Avropa Birliyini tərk etmək) Böyük Britaniyaya öz xarici siyasət doktrinasını yalnız özünün müəyyən etməsi və qlobal siyasətə daha fəal qatılmaq imkanları yaratdı. Bu gün dünyanın geosiyasi mənzərəsi sürətlə dəyişir və bu da təkcə ABŞ, Rusiya, Çin kimi supergüclər deyil, həm də Fransa, Böyük Britaniya, Türkiyə və digər bu kimi ölkələr qarşısında yeni imkanlar açır.
Təbii ki, birinci qrup ölkələrlə ikincilərin maraq dairələrinin miqyaslarında fərqlər də var, çünki bir çox səbəblərdən, məsələn, Londonun Vaşinqton qədər və ya Parisin Pekin qədər imkanları yoxdur.
Görünür, Londonun bölgədəki enerji maraqları və bu sahəyə yatırımları, digər tərəfdən də bölgə ölkələrinin Britaniya iqtisadiyyatına çoxmilyardlıq yatırımları ona Yaxın Şərqdə daha geniş təmsil olunmaq, həm də bölgədə söz sahiblərindən birinə çevrilmək zərurəti yaradır.
Amma bölgəyə fəal can atanlardan biri də Rusiya olduğundan iki ölkənin maraqları toqquşur. Onların hər ikisinin həmin bölgədən coğrafi baxımdan uzaq məsafədə olması isə Yaxın Şərqdəki real və potensial müttəfiqlərilə sinxron fəaliyyət göstərməyi diktə edir. Bu mənada Londonun daha çox Ankara-Bakı-Təl Əviv, Moskvanın isə İrəvan-Dəməşq-Tehran və onun bölgədəki “proksi”ləri vektoruna meylləndiyi görünür.
Bundan başqa Londonun Ərəbistan yarımadasının BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ölkələrilə də daha yaxın hərbi-siyasi münasibətlər qura biləcəyi mümkündür. Fikrimcə, Rusiya – Britaniya münasibətlərində yaşanan gərginlik həmin mübarizədən qaynaqlanır ki, burda da qeyd etdiyim formatların baş tutacağı halda Londonun şansları daha yüksək olacaq.
- ABŞ Asiya-Sakit Okean bölgəsində Rusiya təhlükəsinə qarşı orta və qısamənzilli ballistik raketlər yerləşdirmək haqda qərar verib. ABŞ-ın bu qərarı Rusiyanın etirazına səbəb olub və Moskvadan buna qarşı adekvat addımların atılacağı bildirilib. Sizcə, baş verənlər nə ilə nəticələnəcək?
- Asiya-Sakit okean hövzəsi bu gün dünyanın kommunikasiyalar, dəniz daşımaları və starteji mövqe baxımından ən əhəmiyyətli və bu səbəbdən də mübahisəli regionlarından biri, bəlkə də birincisidir. Odur ki, istər Rusiya, istər ABŞ, istərsə də Çin bu bölgədə son dərəcə fəaldır. Xüsusilə Cənubi Çin dənizindəki süni adalar ciddi mübahisə predmetidir. Belə mübahisələr də daim tərəflərin hərbi potensialının artması ilə müşaiyət olunur.
Bu mənada ABŞ-ın həmin bölgədə yeni ballistik raketlər yerləşdirməsi təkcə öz hərbi potensialının artırılması yox, həmçinin Asiya-Sakit okean hövzəsindəki digər tərəfləri – Rusiya və Çini silahlanma yarışına çəkmək ola bilər.
Məlumdur ki, ABŞ həmin taktikadan SSRİ-nin son iki onilliyi ərzində uğurla istifadə edib. Bugünkü Rusiyanın texniki, iqtisadi və texnoloji baxımdan daha çox geridə qalması və üstəlik də çoxsaylı sanksiyalara məruz qoyulması onun üçün üzücü bir proses ola bilər. Qaldı iki güc arasında toqquşmaya, məncə, bu real görünmür. Bugünkü ABŞ administrasiyasının Rusiya siyasətinin əsas istiqamətləri iqtisadi sanksiyalar və Moskvanı ətrafındakı bölgələrdə münaqişələrə cəlb etməklə zəiflətməkdir. Məsələn, Ukraynada, Qafqazda və ya elə Mərkəzi Asiyada.
Bu halda Rusiyanın daxilindəki siyasi ziddiyyətlər də artacaq. Yəqin ABŞ-da düşünürlər ki, bunların nəticəsində Moskva daha sözəbaxan olacaq. Fikrimcə, bu, yanlış hesablamadır, Rusiya əksinə, daha da aqressivləşəcək və geosiyasi aktivliyini artıracaq.
- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi deyib ki, İran hər an nüvə silahı əldə edə bilər. Sizcə, ABŞ və ya Qərb buna imkan verəcəkmi?
- Bir sıra dövlətlərin, ilk növbədə, İsrailin davranışı da Qrossinin dediklərinin həqiqətə yaxın olduğunu göstərir, amma yeni ABŞ administrasiyasının İran siyasətində konkret konturlarının olması hələ ki görünmür.
Avropa ölkələrinə gəlincə, onlar İrana daha loyal münasibət sərgiləyirlər. Odur ki, Qərbin vahid İran siyasətindən danışmaq hələ tezdir, amma bu, heç də o demək deyil ki, İranın nüvə silahı əldə etməsinə göz yumulacaq. Xüsusilə İsrail və bölgənin ona rəqib olan ərəb ölkələri tərəfindən.
Təəssüf ki, bu səbəbdən də İran nüvə silahı əldə etməyə yaxınlaşdıqca, bölgədə müharibə riski də arta bilər.
Teleqraf.com
Tarix: 17-03-2021, 09:54