AB-də separatizmə münasibət birmənalı deyil, katalonlarla bağlı qərar suallar yaradır Avropa Birliyində (AB) separatçılar məsələsinin müsbət istiqamətdə həll olunmağa başlandığı görünür. İspaniyanın Kataloniya muxtariyyətinin keçmiş administrasiyasının rəhbəri Karles Puçdemon və İspaniyanın bu şimal-şərq bölgəsinin ayrılmasını dəstəkləyən iki həmfikiri parlament toxunulmazlığından məhrum edildi. DW nəşri xəbər verir ki, bu qərar 8 mart axşamı Avropa Parlamenti tərəfindən qəbul edildi. Mühafizəkarlar, sosial demokratlar və liberallar fraksiyaları, təmsilçilərini parlament toxunulmazlığının qaldırılmasına səs verməyə çağırdılar, “yaşıllar” və sol fraksiyalar buna qarşı çıxdı.
Səsvermə nəticəsində, 700 nəfərlik heyətin 400-dən çoxu Puçdemonun, Kataloniya administrasiyasının keçmiş nümayəndələri Antoni Komin və Klara Ponsatinin toxunulmazlıqdan məhrum edilməsinin lehinə səs verdi. İndi onlar İspaniya səlahiyyətlilərinə təhvil verilmək təhlükəsi ilə üzləşirlər. Və prinsipcə haqlı olaraq. Axı, 2017-ci ildə Madrid Kataloniyaya əlavə polis qüvvələri gətirməyə, muxtariyyət hüquqlarını müvəqqəti məhdudlaşdırmağa və bu yarıüsyankar bölgəni birbaşa nəzarətə götürməyə məcbur olduqda, məsələni təhlükəli bir həddə gətirən bu insanlar idi.
Rəsmi Madrid Avropa Parlamentinin mövqeyini məmnuniyyətlə qarşıladı. “Səsvermənin nəticəsi göstərir ki, Kataloniya məsələsi “Avropa səviyyəsində deyil, İspaniyada həll olunmalıdır”, - deyə İspaniyanın xarici işlər naziri Aransia Qonzales bildirdi.
Maraqlıdır, bu gün AB-nin müxtəlif ölkələrində separatçı hisslər nə qədər güclüdür, bu ölkələrin hansı biri parçalanmaqla təhdid olunur? Və AB ölkələrində, bütövlükdə Avropa Parlamentinin bu qərarına münasibət necə ola bilər?
AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:“Bir vaxtlar Çexoslovakiya Çexiya və Slovakiya oldu. Ancaq Kataloniya məsələsi daha mürəkkəbdir. 2018-ci ildə Barselonadaydım. Və Kataloniyanın Avropanın yeni suveren dövləti olacağına əmin deyiləm. Əsas odur ki, hər hansı bir qərar katalonlar da daxil olmaqla, İspaniya vətəndaşlarının böyük əksəriyyətinin dəstəyini almalıdır.
Bildiyiniz kimi Kataloniyada müstəqilliyə münasibətdə əhval nisbəti, təxminən 50/50 təşkil edir. Bu, kifayət deyil. Odur ki, sakitliyə və təmkinə ehtiyacımız var”.
Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:“Yenə də Avropa Parlamentinin qərarı mənə ikili standartlar siyasətini xatırladır. Çünki Avropada dünyadakı hər şeyə belə baxırlar - bəzilərinə icazə verilir, bəzilərinə icazə verilmir. Bir sıra misalları xatırlayaq: Çeçenlər, Kosovo albanları - Brüsselə görə, özləri üçün dövlət müstəqilliyini tələb etmək hüququna malikdirlər. Ancaq İspaniyadakı katalonların, Krımdakı rusların və digər xalqların belə bir hüququ yoxdur.
Ədalətli bir sual yaranır: Niyə? AB rəhbərliyinin bəyan etdiyi kimi beynəlxalq hüquqa zidd olduğu üçün? Ancaq AB rəhbərliyinin özü də bəzi maraqlarından asılı olaraq məsələni bu və ya digər şəkildə şərh edir.
Buna görə burada böyük bir problem görürəm. Katalon separatçılarının tərəfində deyiləm. Yəqin ki, bu bölgənin İspaniyadan ayrılmasına ehtiyac yoxdur. Ancaq eyni zamanda, Kataloniyanın Avropa Birliyinə qarşı olmadığını unutmamalıyıq. Avropa Birliyində qalmağa hazırdır. Çözüləsi bir çox sual var.
Prinsipcə deyə bilərik ki, Kataloniyada baş verən hadisələrə Avropa Birliyindəki ölkələrin baxışı birmənalı deyil. Axı, liberal düşüncəli avropalı deputatların əksəriyyəti “Avropa dövlətlərinin bütövlüyü” tərəfdarlarının ardınca gedərək, keçmiş muxtariyyət rəhbərinin və ortaqlarının toxunulmazlığının ləğvi üçün səs vermədilər. Parlamentdəki qərarın birmənalı olmamasından irəli gələrək, çox güman ki, heç kim Puçdemon və ortaqlarının İspaniyaya təhvil verilməsinə getməyəcək”.
Tarix: 14-03-2021, 14:20