“PUTİN BREJNEV KİMİ SİYASİ BUQƏLƏMUNDUR” - "Qocalıq barəsində fikirlər onu çox narahat edir"



“L`Opinion” qəzeti Fransanın Lill Universitetindən olan tarixçi, sovet lideri Leonid Brejnev barəsində bioqrafik kitabın müəllifi Andrey Kozovoya belə bir sual ünvanlayıb: "Putin Rusiyası SSRİ-dəki Brejnev zamanı mövcud olmuş “durğunluğa” bənzər bir dövrəmi girib? Brejnev dövrü və bundan iyirmi il sonra hakimiyyətə gəlmiş Vladimir Putinin indiki vəziyyəti arasında paralel aparmaq olarmı?"
Andrey Kozovoy belə cavab verib:
- "Durğunluq" sözü öncə iqtisadi tənəzzülə aid edilir. Amma bu, SSRİ-də yalnız 1971-1972-ci illərdə baş verib. Brejnevin 1964-cü ildə hakimiyyətə gəlməsindən sonra ölkə nəzərəçarpacaq iqtisadi böyümə nümayiş etdirmişdi.
Ümumiyyətlə isə, Putin Rusiyasını iki dövrə bölmək olar: 2000-2008-ci illərdə belə bir təəssürat yarandı ki, ölkə Yeltsin dövrünün iqtisadi xaosa qərq olmuş səhifəsini qapayır. Durğunluq həmçinin Rusiya prezidentinin hakimiyyət müddəti ilə də üst-üstə düşür. Brejnev 18 il hakimiyyət başında olub, Putin bu rekordu 2017-ci ilin sentyabrında vurub keçdi.
Ancaq Putin taqətsiz hala düşmüş Brejnevdən fərqli olaraq aktiv lider obrazı nümayiş etdirməyə çalışır. Onu da demək lazımdır ki, Brejnev yalnız 1970-cı illərin sonundan halsız, taqətsiz vəziyyətdə görünməyə başlamışdı.
Bu gün deməyə əsas var ki, qocalıq barəsində fikirlər Putini çox narahat edir, ona görə də plastik cərahiyyə barəsində sözlər gəzir. Brejnevin şəxsi qeydlərində onun qocalıqdan necə narahat olması barəsində fikirlərinə rast gəlinir.
- Hər iki halda hakimiyyətin bir şəxsə bağlanması müşahidə edilir...
- Brejnevə “şəxsiyyətə pərəstiş” hüququ verilmişdi. Putin isə “taleyüklü liderə” sitayiş obrazını tətbiq edir. Rejimin "boz kardinalı" Vladislav Surkov 8 iyul 2011-ci ildə televiziyada bəyan etmişdi ki, Putin ilahı tərəfindən Rusiyanı xilas etməyə göndərilib! Bundan başqa, hər iki dövrdəki ümumi korrupsiyanı, klanların təsirini və “hüquqi” örtük altında rejimin repressiv xarakterini qeyd etmək lazımdır. 2020-ci ilin yayında konstitusiyaya edilmiş “əlavə” 1977-ci ildə qəbul olunmuş Brejnev konstitusiyasını xatırladır.
- Müxtəlif dövrlərdə hakimiyyətdə olmalarına baxmayaq, onların hər ikisi sovet sisteminin məhsuludur. Onların şəxsiyyəti barədə nə demək olar?
- Onların hər ikisi siyasi buqələmundur. Brejnev hakimiyyətin tez-tez əl dəyişdirdiyi Vətəndaş Müharibəsi dövründə böyüyüb. O, Stalin “təmizləmələri”ndən istifadə etmiş, sonra isə qeyri-sabit və çılğın xarakterli Xruşova uyğunlaşmağı bacarmış, hakimiyyətinin ilk illərində Aleksey Kosıginlə yola getməyə məcbur qalmışdı. Putin SSRİ-də qorxulu sirrlə byüyüb. Çünki o, xaç suyuna salınmışdı. Putin DTK agenti olub, lakin Leninə tənqidi yanaşıb. O, 1990-1991-ci illərdə demokratlara tərəf keçdi. Yeltsin onu öz yanına gətirəndə, Putin “vətənpərvər” obrazında təqdim olunurdu.
Qalan məsələlərdə onlar fərqli xarakterdədirlər. Brejnev xoş münasibətlər qurmağı bacarırdı, ünsiyyətçildi, lətifələr danışırdı. Onun Putindəki kimi kəskin və soyuq yumoru yoxdu. Brejnev gözəl həyatı, siqaret çəkməyi, ov etməyi, idman maşınlarını və qadınları xoşlayırdı. Putin isə əksinə, ünsiyyətcil deyil. Düzdür, onun bahalı saatlara olan sevgisi var, ancaq hər halda o, zahid həyat tərzi sürür və işgüzardır.
- Brejnevin son illərində soyuq müharibə qayıtmışdı. İndiki ilə o dövr arasında hansı uyğunluq var?
- Başlanğıc üçün onu qeyd edək ki, Brejnevin beynəlxalq gərginliyi azaltması soyuq müharibəni ortadan qaldırmadı. Soyuq müharibə və silahlanma liberal demokratiya və kommunizmin “qəlblər və ürəklər” uğrunda mübarizəsi”nin əsasını təşkil edirdi. 1970-ci illərin ortasında fövqəldövlətlər arasındakı dialoqun pisləşməsi müşahidə edilirdi. Bu, ilk növbədə dissidentlər və diskriminasiyadan əziyyət çəkən sovet yəhidiləri məsələsində özünü daha qabarıq büruzə verirdi. Bu isə Şərq və Qərbin münasibətlərini zəhərləyirdi. Hərçənd ki, mən “Yeni soyuq müharibə” ifadəsini inkar etmirəm. İndiki qarşıdurma xoşbəxtlikdən soyuq müharibədən fərqlənir. Rusiya SSRİ kimi təşviş yaratmır, ”putinizm” isə kommunizmlə müqayisə oluna bilməz. Əlbəttə ki, Navalnının korrupsiya və özbaşınalıqla mübarizəsi tərifəlayiqdir, amma bu, Soljenitsin və Saxarova qarşı törədilənlərlə bir cərgəyə qoyulmamalıdır.
- Sizin kitabınız Brejnev haqqında məlum olmayan faktlardan danışır. Əfqanıstan və raket böhranına baxmayaraq, belə görünür ki, o, səmimi sülh tərəfdarı kimi gərginliyin azaldılmasına çalışırdı. Həqiqətənmi bu beləydi? 
- Bəli, hərçənd burada sadəlövhlüyə yol verilməməlidir. Brejnev ölkələr arasında yaxınlaşmanın tərəfdarıydı, çünki anlayırdı ki, SSRİ izolyasiyadan heç nə udmur. Müharibədən sonrakı Stalin dövrü bunu əyani göstərmişdi. İlk növbədə onun məqsədi Yalta sisteminin formalaşmasını yekunlaşdırmaq, müharibədən sonra meydana gələn Avropa xəritəsinin hüquqi tərəfdən qəbuluna nail olmaq və Almaniyadakı güclərin dirçəlməsinə imkan verməməkdi. O, praqmatik idi və anlayırdı ki, ideoloqlara yer vermək, ”qardaş” Vyetnam xalqı kimi üçüncü dünya ölkələrinin “Amerikan imperializminə” qarşı mübarizəsinə yardım etmək lazımdır. Çexoslovakiyaya müdaxilə planı Brejnevlə Dubçek arasında gedən bir aylıq gərgin danışıqlardan sonra qəbul olunmuşdu. O ki qaldı Əfqanıstana, Brejnev istəmədən “polis əməliyyatı” ideyasına razılaşmışdı. Belə ki, ətrafı onu inandırmışdı ki, əfqan lideri Təraki öz niyyətləri barəsində yalan danışır və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən manipulyasiya edilir. Problemlərə baxmayaraq, Brejnev Polşaya müdaxilə edilməsinin əleyhinə olmuşdu.
- Brejnev dövründə Böyük Vətən Müharibəsi mövzusuna böyük yer verilmişdi. Heç nə dəyişilməyib?... 
- Brejnev təbliğatının əsas siyasi kompası Böyük Vətən Müharibəsi idi. Digər liderlərdən fərqli olaraq, o, bu müharibəni görmüşdü. Brejnev cənub cəbhəsində siyasi məsələlər üzrə rəhbər olub və Novorossiysk şəhərinin azad olunmasında iştirak edib. O, bundan istifadə edərək öz legitimliyini möhkəmləndirmək və miqyasına görə 1917-ci il hadisələrini geridə qoyacaq əsl Vətən Müharibəsi bütü formalaşdırmağa başladı. Onu belə addım atmağa həm də ətrafı təhrik edirdi.
Putin bu bütdən istifadəyə əl atsa da, onu əvvəlki formada qəbul etmədi. Sözsüz ki, Rusiyada siyasi məqsədlər üçün 1945-ci il qələbəsindən geniş şəkildə istifadəyə başlandı. “Tarixin təhqir olunması" cinayətə çevrildi və bu, kimlərəsə çox baha başa gələ bilər. Məsələn, Navalnı buna öz həyati təcrübəsində əmin oldu. Onu veteranlara şər atmaqda ittiham etdilər.
Brejnev kimi Putinin də Böyük Vətən Müharibəsinə mübtəla olması şəxsi səbəbdən irəli gəlir. Vladimir Putinin atası bu müharibədə iştirak edib, Leninqrad blokadası zamanı isə onun qardaşı ölüb (difteriyadan). Digər yandan keçmişə mübtəla olmaq bir müddət ərzində indiki çətinlikləri unutdurmağa imkan verir. Hazırda ağır həyat sürən yüzminlərlə rusiyalı cüzi məvacib və dilənçı təqaüdü alır.
- Rusiya, güc strukturlarının mühüm rol oynadığı avtoritar rejim olmağa məhkumdurmu?
- Sovet dövründə belə bir lətifə vardı: “Nikbin və bədbin arasında nə fərq var? Nikbin deyir ki, artıq bundan pis ola bilməz. Bədbin isə deyir ki, gör necə olur.”
Hadisələrə uzaq perspektivdən baxmağa adət etmiş tarixçi üçün Rusiya mühiti demokratiyaya uyğun gəlmir. Rusiyada avtoritarizmlə yoğrulmuş siyasi mədəniyyət, abırsızlıq və korrupsiya Qərbin inamını qırıb.
Rusiyadakı əsl demokratiyanın azsaylı dövrləri - 1917-ci ilin mart-oktyabrı, Yeltsinin rəhbərlik etdiyi 1992-1999-cu illər böyük uğursuzluq kimi yadda qalıb. Mentaliteti dəyişmək üçün demokratiya ideyasının özü reabilitasiya edilməlidir. Ölkə üzərində gəzən DTK kabusunun qovulması üçün “qarlı inqilabdan”daha böyük işlərə ehtiyac var. Əgər bu yaxınlarda keçirilən rəy sorğusuna inansaq, xeyli sayda rusiyalı (41%) Putinin getməsini istəyir.
Tərcümə "AzPolitika"nındır
Tarix: 13-03-2021, 10:18
Xəbəri paylaş



Xəbər lenti