“Soyuq müharibə” dövründən indiyədək Kremlin siyasətində heç nə dəyişməyib “Soyuq müharibə”nin, 1946-cı ilin martında Çörçilin Fultondakı çıxışından sonra başladığı barədə fikirlər geniş yayılıb. Geniş bir məlumat məkanından danışırıqsa, bəlkə də bu, belədir. Buna baxmayaraq, o zaman Böyük Britaniyanın təqaüdçü Baş nazirinin çıxışından bir neçə həftə əvvəl, Oruellin sonralar “Soyuq müharibə” adlandırdığı qarşıdurmada təməl daşlardan birini qoyan başqa bir hadisə baş verdi.
1946-cı ilin fevralında Amerikanın Moskvadakı səfirliyinə, Dövlət Departamentinin təsdiqi ilə, Xəzinə Departamenti tərəfindən SSRİ-nin Dünya Bankını və Beynəlxalq Valyuta Fondunu dəstəkləməməsinin səbəblərini izah etmək üçün bir tələb gəldi. Səfirliyin müşaviri və o zaman müvəkkil olan Corc Kennan mövcud vəziyyəti ətraflı təhlil etmədən, sadəcə cavab verməyin qeyri-mümkünlüyünü anladı. Sovet rəhbərliyinin və əslində Stalinin Qərblə və ilk növbədə ABŞ-la qarşıdurma siyasətinə keçməsinin səbəbini əsaslı izah etmək lazım idi.
Belə bir təhlilə ehtiyacın daha bir səbəbi var idi. Sovet lideri 9 fevral 1946-cı ildə Böyük Teatrda seçicilərlə görüşdə çıxış etdi. Orada gələcəkdə kapitalist dövlətlərlə müharibələrin qaçılmazlığından və SSRİ-nin bu müharibələrə hazır olmasından danışdı. Çıxış Amerika mətbuatında geniş yayıldı və bu, Vaşinqtondakı hakim dairələrin əhval-ruhiyyəsinə çox pis təsir etdi.
Bu çıxışın, Sovet qoşunlarının İranın şimalında olduğu, Türkiyəyə qarşı ərazi iddiaları edildiyi dövrdə səslənməsini də əlavə edirik. “İzvestiya” qəzeti, Türkiyənin 1921-ci il Sovet-Türk müqaviləsi ilə Ankaraya keçmiş ölkənin şərqindəki əraziləri SSRİ-yə təhvil verməli olduğu yazılan məqalələr yayımladı.
Bir tapşırığı yerinə yetirərkən xəstələnən və yüksək temperaturu olan Corc Kennan, 19 səhifəlik bir memorandumu makinaçıya diqtə etdi. Tarixdə bu sənəd “Uzun teleqram” və ya “511 saylı teleqram” adlandı. Ədəbi istedaddan məhrum olmayan diplomat mesajını beş hissəyə böldü, burada Sovet rejiminin quruluşunu, mövcudluğunun əsaslarını ətraflı təhlil etdi və ən əsası, Moskvanın artan aqressivlik siyasətinə qarşı bir siyasət hazırlamaq üçün tövsiyələr verdi. Kennanın yüngül əli ilə bu məsələ “saxlama siyasəti” adlandırıldı.
Eyni zamanda, diplomatın özü, bir rusofil, rus dilində səlis danışan, rus klassik ədəbiyyatının yaxşı bilicisi və 13 illik diplomatik xidmət dövründə (bəzi fasilələrlə) Moskvada, həm də əyalətlərdə görüşmək məcburiyyətində qaldığı adi vətəndaşlara rəğbət bəsləyən bir adam idi.
Kennan teleqramında yazırdı: “Sovet hakimiyyəti... qəti şəkildə qurulmuş planlara əməl etmir. Gərəksiz yerə risk etmir. Düşünmə məntiqinə həssas olmayan sovetlər, güc məntiqinə çox həssasdır. Bu səbəbdən güclü müqavimətlə qarşılaşdığı hər an asanlıqla geri çəkilə bilər - adətən belə də edirlər. Beləliklə, rəqib onlardan kifayət qədər güclüdürsə və gücündən istifadə etməyə hazır olduğunu açıqca göstərirsə, nadir hallarda güc tətbiq etmək məcburiyyətində qalır. Belə vəziyyətlərdə doğru addımlar yolunu seçsəniz, düşmənlə alçaldıcı danışıqlar aparmağa ehtiyac qalmayacaq. Bütövlükdə Qərb dünyası ilə müqayisədə Sovet İttifaqı çox zəifdir. Beləliklə, onun uğuru, Qərb dünyasının ona qarşı qoya biləcəyi birləşmə, məqsədyönlülük və qətiyyət dərəcəsindən asılı olacaq”.
“Uzun teleqram”ın yazılmasından və yayılmasından 75 il keçdi və SSRİ ilə bağlı o zaman gəlinən nəticələr bugünkü Rusiyanın siyasətində də tamamilə tətbiq oluna bilər. Qərb qətiyyətlilik nümayiş etdirən kimi, 1946-cı ilin martında Sovet qoşunları İranı tərk etdi, Türkiyə Amerikanın dəstəyini aldı və Stalin onunla döyüşməyə cəsarət etmədi, baxmayaraq ki, Gürcüstan və Ermənistanda 1 milyon nəfərlik bir qoşun qrupu buna hazır idi.
1945-ci ilin avqustunda Stalin, Almaniyanı nümunə götürərək Yaponiyanın bölünməsində israr edir, Sovet qoşunlarını Hokkaydo adasına endirməyə hazırlaşırdı, həmçinin Liviyanın Sovet müstəmləkəsinə çevrilməsi kimi bir istək var idi və Aralıq dənizi bölgəsinə qoşun yerləşdirmək üçün də hazırlıqlara başlanmışdı. Bu planlara qarşı Prezident Trumen və dövlət katibi Börns qəti rədd cavabı verəndə Stalin daha da ağırlaşmaya getmədi. Analoji hadisə 1945-ci ilin may ayında Triestdə də baş verdi. İngilis tank diviziyası şəhəri tutdu və SSRİ savaşdan çəkindi.
Teleqramın mətni müasirliklə birbaşa paralellərə malikdir: “Kremlin dünya hadisələrini nevrotik qəbul etməsi, rusların öz təhlükəsizliyindəki ənənəvi və instinktiv güvənsizlik hissinə əsaslanır. Öz təhlükəsizliyindəki bu cür etibarsızlıq rus xalqı üçün deyil, Rusiya hakimiyyəti üçün olduqca xarakterikdir... Sovet totalitar sisteminin ideal demokratiya sistemi ilə əvəz ediləcəyini gözləməməliyik. Rusiya öz soy və ənənələri ilə hələ çox uzun müddət və bəlkə də heç vaxt respublikamıza bənzər bir kapitalist liberal-demokratik dövlət olmayacaq”.
Bu günlə paralel aparsaq, o zaman dəqiq demək olar ki, təhdid dolu açıqlamalarına baxmayaraq, Putin Baltikyanı ölkələrə hücum etmək niyyətində deyil. Onlar NATO üzvləridir və belə bir qarşıdurmanın yaranma ehtimalı Moskvaya ilham vermir. Digər tərəfdən, Gürcüstana qarşı təcavüz Qərbin müqaviməti ilə qarşılaşmadı və bu, sonradan Rusiyanı Krımı ilhaq edib Donbassın bir hissəsini işğal etməyə sövq etdi. Kennanın 75 il əvvəl xəbərdar etdiyi məsələlər reallaşdı.
Moskva öz rejimini gücləndirmək üçün yenidən xarici düşmən faktoruna güvənir: bunlara Rusiya vətəndaşlarının məlumat əldə etməsini məhdudlaşdırmaq cəhdləri, Kremldə dünyanın obyektiv mənzərəsinin olmaması, Qərbin siyasi və iqtisadi potensialını sarsıtmaq cəhdləri, sosial məsələləri qabartmaqla Qərb ölkələrində narazılığın artmasına nail olmaq cəhdləri daxildir. Çağdaş rus siyasəti Kennanın 511 saylı teleqramındakı tezislərinin bir kopyası olduğu təəssüratı yaradır.
“Soyuq müharibə” dövründə aydın şəkildə görünən bir çox tendensiyalar yenidən ortaya çıxıb: Qarşıdurma, daxili müxalifətçiləri və bütövlükdə müxalifət hərəkatını Qərblə əlaqələndirmək meylləri və s. Hamısı “soyuq müharibə” dövründə olmuşdu və indi geri qayıdır. “Soyuq müharibə” bitdikdən bəri Rusiyada heç bir şeyin kökündən dəyişmədiyini söyləmək daha ədalətli olardı. Bir daha əsrlər boyu rusların, bir müddət Sovet elitasının da əziyyət çəkdiyi imperiya kompleksi ön plana çıxdı.
O zaman Kennanın mesajı, nəhayət Amerika rəhbərliyinin diqqətini cəlb etdi. O xatırladır ki, “Bu traktatımın o zaman Vaşinqtonda bir sensasiya yaratdığını söyləmək mübaliğə olmazdı. Nəhayət, hökumətimizə etdiyim müraciət bir neçə ay davam edən rezonans doğurdu. Prezident də, inanıram ki, teleqramımı oxudu. Dəniz Qüvvələri naziri cənab Forrestal bu teleqramı yüzlərlə böyük çinli zabitimizə təqdim etdi. Dövlət Departamentindən də müsbət cavab gəldi”. Və tezislər ABŞ-ın bütün səfirliklərinə göndərildi.
Kennanın Sovet İttifaqı barədə fikirləri qısa müddətdə Amerika ictimai rəyində geniş yayıldı. Hələ 1945-ci ilin martında, rəy sorğularına görə, amerikalıların 55%-i SSRİ-yə etibar edirdi; 1946-cı ilin martına qədər bu rəqəm yalnız 33% idi.
Teleqramın ardınca Kennan Dövlət Departamentinin Siyasi Planlaşdırma Departamentinin rəhbərliyinə dəvət edildi. Bu vəzifədə, “soyuq müharibə” illərinin ən çox hay-küy doğuran məqaləsini yazdı. Məqalə 1947-ci ilin iyul ayında nüfuzlu “Foreign Affairs” jurnalında X təxəllüsü ilə “Sovet davranışının mənşəyi” başlığı ilə nəşr olundu.
Stalin məqaləni dərcindən bir neçə gün sonra onu diqqətlə oxudu. Liderin masasının üstünə qoyulan mətndə “saxlamaq” sözü “boğmaq” ilə əvəz olunmuşdu.
Hötenin şah əsərində Faust “İncil”dəki “Başlanğıcda Söz idi” ifadəsini, anın tələblərinə uyğun olaraq “İşlə” ilə əvəz edir. Elə burada da oxşar situasiya yaşandı. Kennan və onun teleqramı ilə əlaqədar Henri Kissincer “Tariximizdəki diplomatlar arasında Kennan yaşadığı dövr doktrinasının müəllifliyinə ən yaxın gələn adam oldu” dedi. Təəssüf ki, bu doktrina Moskvada yenidən canlandı...
Tarix: 10-03-2021, 09:33