Professor Gürşad Zorlu“Habertürk”, Türkiyə, 27 fevral 2021-ci il II Dünya Müharibəsindən bu yana ilk dəfə olaraq Avropada suveren bir dövlətin sərhədləri beynəlxalq hüquqa zidd şəkildə dəyişdirildi. Ukraynanın bir parçası olan Krım 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni işğal və ilhaq edildi. Sonra keçirilən bir
“referendum”la bunun legitimliyinin təmin edilməsi istəndi.
Türkiyə lap əvvəldən bu məsələni
“qeyri-qanuni ilhaq” olaraq dəyərləndirir və onun tanınmaması haqqında olan qərarını güclü şəkildə davam etdirir.
Yəqin, Rusiya yarımadaya Orta Şərq və Aralıq dənizindəki tarixi hədəflərinə sıçramağa imkan verən bir tramplin kimi baxdığındandır ki, ora 30 mindən çox hərbçi yerləşdirib. Ən önəmlisi isə nüvə silahı bazasının inşa edilməsi haqqında olan iddiadır.
2014-cü ildəki qeyri-qanuni ilhaqdan sonra insan haqları pozulmağa başladı. Yarımadada yaşayan insanlara zorla Rusiya vətəndaşlığının qəbul etdirilməsi, Krımda yaşayan 25 mindən çox insanın zorla Rusiya Silahlı Qüvvələrinə xidmətə göndərilməsi, insanların mülklərinə zərər vurulması və ya onların milliləşdirilməsi və çox sayda təhqiqat, istintaq, həbslər yaşandı.
Üstəlik,
Krımın demoqrafiyası dəyişdirilməkdədir. Cəmi bir neçə illik qısa müddət ərzində 500 minə yaxın Rusiya vətəndaşı Krıma daşındı. Elə son 2020-ci ildə, ən azı, 43 min Rusiya vətəndaşı Krıma yerləşdirildi. Həqiqi sayları daha yüksək ola bilər.
Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Krım tatarlarının rəsmi nümayəndəli orqanı olan Məclis buranın mərkəzi şəhəri Ağməsciddə (ruslar Simferepol deyir) qadağan edilib. Krım tatarlarının milli lideri, Ukrayna millət vəkili
Mustafa Əbdülcəmil Krımoğlunun bildirdiyinə görə, Krımı tərk edən yerlilərin sayı 50 mindən çoxdur, onların təqribən 30 mini Krım tatarıdır. Krımoğlu deyir:
“30 min bəlkə də çox önəmli say olaraq görünməyə bilər, ancaq bu, keçmiş SSRİ sərhədləri daxilində yaşayan və Stalin tərəfindən 1944-cü ildə həyata keçirilən soyqırımından sonra sağ qalan Krım tatarlarının 10%-idir. Həbs edilənlərin təxminən 77%-i, evinə basqın edilənlərin 95%-i, qaçırılan və öldürülənlərin 90%-i Krım tatarlarıdır”.
İndiyədək Baş Məclisi 7 qərar qəbul edən
BMT, ATƏT, AŞPA, AŞ Nazirlər Komitəsi ilhaq təşəbbüsünü tanımadıqlarını ortaya qoyub.
Bir müddətdir ki, Ukrayna da Rusiyaya yönəlik sanksiyalarla bağlı öz diplomatik fəaliyyətini intensivləşdirib.
Avstraliya, Albaniya, Kanada, AB, Yaponiya, Gürcüstan, Moldova, Qaradağ, Yeni Zellandiya, Norveç, İsveçrə və ABŞ müxtəlif səviyyələrdə sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyaya hər il dövlət büdcəsinə təqribən 3 milyard dollarlıq bir əlavə yük – maliyyə yükü gətirib. Təkcə Kerç boğazı üstündə tikilən körpünün inşası üçün
12 milyard dolların xərcləndiyi bildirilir.
Digər tərəfdən, Rusiya bu prosesin gedişində Krımdakı işğalı institusionallaşdırmaq üçün, xüsusilə enerji mərkəzli olmaqla, bir hibrid təbliğat-təşviqat kampaniyası aparmağa davam edir.
AB ölkələrinin Rusiyadan enerji asılılığı nəzərə alınarsa, onların Krımı gözardı edə biləcək bir siyasi duruş nümayiş etdirməsi də mümkündür. Ayrıca, qaçqınlar məsələsi, kiber hücumlar, dezinformasiya və manipulyasiya kimi alətlər də canlı tutulur.
Bu şərtlər altında Krım üçün daha təsirli və əhatəli bir yanaşmaya ehtiyac var idi. Bu səbəblə, Ukrayna Prezidenti
V. Zelenski “Krımın işğaldan qurtarılmasına yönəlik tədbirlər haqqında” bir fərman imzaladı. Beləcə, hökumətə “Krım Platforması”nı təşkil etməyə başlamaq üçün təlimat verildi. 100-dən çox ölkə bu Platformaya dəvət edildi. İlk sammitinin
2021-ci ilin avqustunda Kiyevdə keçirilməsi planlaşdırılan
“Krım Platforması” 4 təməl orqandan – Dövlət və hökumət başçıları, Xarici işlər nazirləri, millət vəkilləri və mütəxəssislərdən ibarət qurumlardan təşkil olunacaq. Bir də
Krım Platforması Fondu qurulacaq və xərclər bu fond tərəfindən qarşılanacaq.
Dünən bu məsələ ilə bağlı Ukrayna Xarici işlər naziri müavini
Əminə Cabbarla danışdıq. Krım tatarı olan Cabbar sammitin yekun sənədi olaraq açıqlanması nəzərdə tutulan
“Krım Nizamnaməsi” üzərində işlədiklərini söylədi. Önəmli bir ifadəsi vardı:
“Bu gün Krım girov kimi saxlanan 2,5 milyon Ukrayna vətəndaşı ilə birlikdə, faktiki Rusiyanın hərbi bazasıdır”.Nazir müavini Cabbara görə, bunlar sözdə
“xoşbəxt həyat” hekayələriylə ört-basdır edilir, qarşı çıxanlar da həbsxanaya göndərilir. Çox sayda Ukrayna vətəndaşı və bəzi fəallar hələ də həbsxanadadırlar. Əminə Cabbar sözlərinə belə davam etdi:
“Mənim ölkəmdə, Donbasda 7 ildir savaş davam edir, vətənim olan Krımın işğalı davam edir və ölkəmin torpaqlarının 7%-i işğal altındadır. Türkiyəyə böyük dəstəyi və həmrəyliyinə görə minnətdarıq. Ukraynada “Dost çətin gündə bəlli olur” deyərlər. Bunu çox təqdir edirik!”Bu arada, ABŞ Prezidenti
Co Bayden bir neçə gün öncə Krımla bağlı belə bir açıqlama verdi:
“Bu hüznlü ildönümündə önəmli bir həqiqəti təkrar vurğulayırıq: Krım Ukraynanındır. ABŞ Rusiyanın Krımı sözdə “ilhaq etməsi”ni əsla tanımayacaq və Rusiyanın təcavüzkar fəaliyyətlərinə qarşı Ukraynanın yanında yer alacaq”.
Əgər
“Krım Platforması”na qatılacaq ölkələrdə nümayəndə heyətləri doğru şəxs və qurumlardan təşkil olunacaqsa, Platforma qeyri-qanuni ilhaqla bağlı təsirli bir mexanizm təklif edə bilər.
Tərcümə Strateq.az-ındır.
Tarix: 1-03-2021, 10:15