Bu gecə Gürcüstan çalxalana bilər – ABŞ səfirliyindən “hökm”


Bu gecə Gürcüstan çalxalana bilər –       ABŞ səfirliyindən “hökm”
Müxalifət liderinin saxlanılması böyük rezonans doğurub, müxalifət küçələrə axışır, Qərb hiddətlidir
 
Bu gün səhər, Gürcüstanda ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) lideri Nika Melianın ofisinə polis basqını oldu. Onun saxlanılmasına yönəlik polis basqınına qarşı bütün müxalifət partiyaları binaya cəmləşdi. Qarşıdurma ilə müşayiət olunan proseslərin yekununda Melia saxlanıldı. Nəticədə müxalifət bu axşama mitinq elan etdi.
 
VMHP sədri Nika Melia 2019-cu il iyunun 20-də iğtişaşların təşkil olunmasında ittiham edilir. O, məhkəmə tərəfindən təyin olunmuş girov ödənişini ödəməkdən imtina edib. Prokurorluq onun barəsində, istintaqa qədər həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə 17 fevralda prokurorun tələbini təmin edib.

Melia özü onu həbs etmək üçün aparılan xüsusi əməliyyatın milyarder Bidzina İvanişvilinin yaratdığı hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının hakimiyyətinə son qoyacağını söyləyib.
 
ABŞ-ın Gürcüstandakı səfirliyi də məsələyə sərt reaksiya verib. Səfirliyin bəyanatında deyilir: “ABŞ səfirliyi hökumətin bu addımından son dərəcə narahatdır. ABŞ və digər beynəlxalq tərəfdaşların təmkin və dialoq çağırışlarına məhəl qoyulmadığına görə təəssüf edirik. Parçalanma yaradan səlahiyyətlilərin istifadə etdiyi ritorika bizi çox düşündürür. Gürcüstan Avroatlantik ailənin üzvü olan dövlətlərin güclü demokratik yolundan geri addım atdı”.
 
Baş verənləri AYNA-ya şərh edən gürcü politoloq Gela Vasadzenin sözlərinə görə, Meliyanın həbsində hədəfin onun özü deyil: “Bu, hakim partiya daxilində güc blokunun rəhbərliyə gəlməsi üçün gördüyü tədbirlər zənciridir. ABŞ səfirliyinin açıqlamasına gəldikdə, bu, Avropa Birliyi nümayəndəliyinin açıqlamasından daha sərt idi”.
Գելա Վասաձե․ Ղարաբաղյան հարցի հետ կապված Զուրաբիշվիլին ոչ մեկ անգամ է  հայտարարել Վրաստանի դիրքորոշումը
“Əslində, bu, mövcud hakimiyyət üçün hökmdür. Dedilər ki, demokratik prinsiplər pozuldu, Gürcüstan Avroatlantik bir ailəyə üzv olmaq istəyirsə, dərhal demokratik yola qayıtmalıdır. Bu, səlahiyyətlilər üçün ağır bir açıqlama idi, amma onsuz da bunu gözləyirdilər. Gürcüstanda baş verənlərə demək olar ki, hər kəs reaksiya verdi və əksəriyyəti tvitlərində ABŞ dövlət katibini qeyd etdi”, - ekspert bildirib.
 
Bunun Gürcüstandakı fərdlərə qarşı Qərbin sanksiyalarına səbəb ola biləcəyindən danışan Vasadze qeyd edib ki, baş verənlər uzun müddətdir müzakirə edilir və bu gün sanksiyaların ehtimalı artıb: “Hətta, sanksiyalardan da söhbət getmir, iqtisadi cəhətdən pandemiyanın qarşısını almaq üçün Gürcüstana maddi yardımdan imtina edilə bilər. Bu, fərdlərə qarşı tətbiq olunan sanksiyalardan daha ciddidir”.
 
“Qərbin sanksiyalarından sonra Gürcüstanla Rusiya arasında münasibətlərdə yaxşılaşma gözləmək olarmı” sualını cavablandıran politoloqun sözlərinə görə, ölkələr arasında aşılması mümkün olmayan ziddiyyətlər var: “Bu hökumət “Abxaziya” və “Cənubi Osetiya”nı rəsmi tanıyırsa, bu halda yaxınlaşma mümkündür. Ancaq belə bir ssenari düşünmürəm. Yəni, Gürcüstan hakimiyyəti gec-tez güzəştə getməyə məhkumdur, amma sual bunun nə zaman baş verəcəyindədir”.
 
“Bununla birlikdə, bu hadisə Gürcüstanın demokratik bir ölkə kimi imicinə böyük bir zərbə vurdu. Amma yenə də Gürcüstan demokratiya modelinin tam olaraq dibə sürüşdüyünü söyləmək olmaz. Çünki avtoritar hökumət hələ qələbə qazana bilməyib. Bu addımların demokratiyanı öldürmək üçün bütün şərtləri var, lakin cəmiyyətin və beynəlxalq ictimaiyyətin reaksiyası Gürcüstanın demokratiyanı qorumağa hazır olduğunu göstərir”, - Vasadze vurğulayıb.
 
Həmsöhbətimiz yeni Baş nazir Qaribaşvilinin əvvəlcə Azərbaycana səfər etmək niyyətində olduğunu söyləməsinə də münasibət bildirib: “Yeni Baş nazirlə ölkələr arasındakı münasibətlərin yaxşılaşacağını gözləmirən. Coğrafi olaraq bir-birimizdən ayrı yaşaya bilməyəcəyik və dost olmağa məhkumuq ki, bunu yeni və köhnə siyasi partiyalar başa düşür”.
 
“Qaribaşvili onsuz da Gürcüstanda Baş nazir idi və o zaman da ölkələrimiz arasındakı münasibətlər heç bir şəkildə inkişaf etmədi. Münasibətlər əvvəlki hakimiyyət orqanları tərəfindən təyin olunan ətalətlə inkişaf etdirildi”, - deyə Vasadze əlavə edib.
 
Ekspertə görə, Gürcüstanda müxalifətdə və ya hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hamı anlamalıdır ki,  Gürcüstanla Azərbaycan yaxşı münasibətlərə məhkumdur: “Çünki bizi ortaq layihələr, coğrafiya, geosiyasi amillər və s. birləşdirir. O başqa bir məsələdir ki, münasibətlərimiz indikindən daha da intensiv inkişaf edə bilərdi. Amma Qaribaşvilinin dövründə yeni bir şey gözləmirəm”.
Tarix: 23-02-2021, 21:33
Xəbəri paylaş



Xəbər lenti