ABŞ VƏ AB TÜRKİYƏYƏ QARŞI “KÜRD KARTI”nı GÜCLƏNDİRİR:PKK-nın 13 nəfəri qətlə yetirməsi "qırılma nöqtəsi"nə çevrilir



Ərgün Dilər
“Takvim”, Türkiyə
 
Gəlin, bu gün daha dəqiq olaq. Ötən günlərdə yazdığım kimi, gərginlik çox yüksələcək. Bunu görmək üçün jurnalist olmağa da ehtiyac yoxdur. Son həftə ərzində Türkiyə nə haqqında danışdı, buradan başlayaq.
Gündəlikdə ilk mövzu general Sərdar Atasoy idi. Baş Qərargah rəisi İşık Koşaner və qoşun növlərinin komandirləri birlikdə istefa verəndə heç bu qədər danışılmadı. Ali Hərbi Şuranın 30 avqust 2020-ci il tarixli qərarı ilə briqada generalı rütbəsinə yüksəldilən Sərdar Atasoy haqqında aparılan təhqiqatlar, onun bunlardan sıyrılması və ardınca Quru Qoşunları Komandanlığı Kəşfiyyat İdarəsi rəhbəri vəzifəsinə gətirilməsi haqqında yazılıb-pozuldu… Vəzifəsinin icrasına başlamasına izin verilmədiyi də yazıldı. Sonra Milli müdafiə naziri Hulusi Akar pərdə arxasında baş verənləri anlatmaq üçün media ilə görüşdü. Ardınca “Qara əməliyyatı” başladı. Havadan və qurudan vuraraq Qara dağını dağıtdıq. Ancaq terror təşkilatı PKK 13 vətəndaşımızı qətl etdi. Gündəlik təxminən belədir.
İndi həmən geri gedək. Tramp Ankaraya isti baxsa da, CAATSA-nı imzaladı. Müdafiə sənayesi hədəf alındı. ABŞ qarşısına çıxan hər kəsə hesab kəsməyə çalışırdı. İran, Şimali Koreya və Rusiya kimi ölkələrə qarşı bu kartdan istifadə edirdi. Çinlə yaxın olduğunu bildiyi İrana qarşı nüvə çalışmaları ilə bağlı ilişmişdi. Sanksiyalar bəzən şəxslərə tətbiq edilirdi. Rusiyada 230 milyon dollarlıq bir korrupsiya dosyesini incələyən vergi mütəxəssisi Sergey Maqnitskinin həbsdə ikən ölməsilə əlaqədar olaraq hazırlanan və qısaca “Qlobal Maqnitski Qanunu” adlandırılan qanuna əsasən, bugünədək Rusiyada 100-dən çox şəxs sanksiya siyahısına salınıb.
Hermitage Capital Management” fondunun vəkillərindən olan Sergey Maqnitskinin şübhəli ölümü yeni bir dövrün başlanğıcı oldu. Rusiyanın Krımı ilhaq etməsi və Ukrayna böhranına müdaxilə etməsi səbəbilə, ABŞ-ın “qara siyahısı” genişləndi.
Sonra Türkiyə Rusiyadan S-400 HHM sistemi aldı. Xatırlayırsınızsa, Çindən HHM sistemi almaq istədiyi zaman Kobani hadisələri baş vermişdi. ABŞ “NATO ölkəsi” anlayışının arxasına sığınaraq, Türkiyəni sıxışdırmaq istəyir. Bu səbəblə, CAATSA-nı, yəni düşmənlərlə mübarizə etmə üsulunu ortaya atdı. ABŞ “Türkyə bizim düşmənimizdir” deyir. “Strateji ortaq”dan gəlinən yer bura idi. CAATSA, prezidenti belə, kənarda qoyan bir sanksiya növüdür. Prezident yalnız tətbiq edilə biləcək variantları seçə bilər. Tramp da müdafiə sənayesini seçdi.
Haqqında çox danışılmır, ancaq 15 iyuldan sonra ən çox sıxıntılı olan sahə hava qüvvələri idi. Çünki ciddi ölçüdə kadr itkisinə məruz qalmışdı. Bunun üstünə CAATSA da gəlincə, təyyarələrin, yəni ABŞ-dan alınan təyyarələrin yenilənməsi məsələsi çətinə düşmüşdü. Ona görə ki, hər şey ABŞ-dan asılı idi.
Türkiyəyə “düşmən” deyildiyi halda, Yunanıstanda baza qurulurdu. Bu, “Afinanın yanındayıq” mesajı idi. İqtisadi böhranla məşğul olan Yunanıstan Fransadan alınacaq “Rafale” döyüş təyyarələrinə görə 2,3 milyard avro ödənəcəyini açıqlayırdı. “Rafale” döyüş təyyarələrinə uyğun olan “Meteor” hava-hava raket sistemləri də yolda idi. Bunlar yetmirmiş kimi, bir də ABŞ-dan 24 ədəd F-35 yeni nəsil döyüş təyyarəsi tələb edirdi. Bizi oyundan kənara itələdikləri halda, Yunanıstanı qapırdılar
“Dərin ABŞ” Türkiyəni yanında görmək istəyir, ancaq Ankara bu qədər əməliyatdan sonra özünə yeni bir yol axtarır. Bu da özü ilə birlikdə “düşmən olmağı” gətirir. Ən yuxarıda ABŞ-la İngiltərə qarşıdurma halındadır. Ancaq bu qarşıdurmanın “kölgəsi”, istər-istəməz, çox kritik bir ölkə olan Türkiyəyə də proyeksiya olunur. İki div ölkə arasında, Orta Şərq siyasətləri başda olmaqla, qlobal münaqişə sahələri çoxdur. Türkiyə isə, təbii olaraq, təhdid ünsürü olan PKK-ya doğru yönəlib.
Doğrusu, ABŞ verdiyi silahlarla PKK-YPG-nin yanında olduğunu onsuz da göstərib. İndi Bayden administrasiyası bu dəstəyin səviyyəsini daha yuxarı qaldıracaq. Orta Şərq ABŞ-la İngiltərə arasında savaş meydanı olduğu bir vaxtda öz bölgəsini təmizləmək istəyən Türkiyənin maraqları burada ABŞ-la toqquşur. PKK-YPG-nin arxasında həm Avropa, həm də ABŞ dayanır. Bu, sirr də deyil. Sadəcə adını çəkərək danışmırlar. Halbuki Almaniya da, İtaliya da, Fransa da, ABŞ da işin içindədirTürkiyə PKK-nı vurduğu zaman bu ittifaqla savaşır, vurmadığı zaman isə İngiltərə-Çin vektorunu, dolayısilə olsa da, qarşısına almış olur. Görünən mənzərə təqribən belədir.
“Matruşka” kimi, bir-birinin içinə keçən çox sayda halqa vardır. 13 şəhidlə bağlı hadisə çox təzədir. Bəllidir ki, yaxında çox böyük hadisələr baş verəcək. İşin haradək gedəcəyi bəlli olmasa da, ingilislərin 100 il öncə etdiyini indi amerikanların etdiyi və bizə hücum etməsi üçün Yunanıstanı böyütdüyü bəllidir.
CAATSA-ya da, PKK-ya da, Orta Şərq məsələlərinə də bu prizmadan baxmaqda fayda vardır. Açıq deyilməsə də aydındır ki, biz S-400-ləri NATO-ya qarşı aldığımız kimi, onlar da “Rafale” və F-35-ləri bizə qarşı aldılar.
13 şəhid böyük qırılmadır… Sanki NATO bütün kəşfiyyatını bizə qarşı istifadə edir. Çox yaxşı izlənməli olan bir dövrün səhifələri açıldı. Unutmayın, son günlərdə yaşanan hər şey bir-birinin davamıdır.
Tərcümə Strateq.az-ındır
Tarix: 17-02-2021, 09:09
Xəbəri paylaş



Xəbər lenti