NATO-dan UZAQ TÜRKİYƏ AVROPA ÜÇÜN DAHA BÖYÜK TƏHDİDDİR –Enerji təchizatının təhlükəsizliyi raket sistemindən önə çıxır - TƏHLİL


Professor Gürşad Zorlu
“Habertürk”, Türkiyə, 13 fevral 2021-ci il
 
ABŞ-ın S-400-lərlə bağlı Türkiyəyə qarşı irəli sürdüyü ən böyük ittiham onun NATO-nun (əlbəttə, Avropanın) təhlükəsizliyinə təhdid yaratmasıdır.
Verilən açıqlamalar əsasən buna söykənir. Halbuki raket sistemi verməyərək Türkiyəni, demək olar ki, bir seçim etməyə sürükləyən ABŞ və bəzi Avropa Birliyi (AB) ölkələrinin NATO-nun təhlükəsizliyinin təmin edilməsində başqa həssas sahələrin olduğunu xatırlamaları lazımdır.
Belə ki, mövcud rəqabət şərtlərində enerji təchizatının təhlükəsizliyi də, ən azı, raket seçimi qədər önəmli hala gəlmiş durumdadır. Enerji sahəsində asimmetrik asılılıq artdıqca, diplomatiyada təsir qabiliyyəti getdikcə azalır.
Bu sahədə ən parlaq nümunələrdən biri son zamanlarda gündəlikdə olan “Şimal axını-2” təbii qaz boru kəməri xətti və onunla bağlı gedən diskussiyalardır. Bu, “Şimal axını-1”-in davamıdır. “Şimal axını” layihəsi mahiyyət etibarilə Rusiyadan Almaniyaya və təbii, Avropaya birbaşa və fasiləsiz qaz axınını təmin edən bir layihədir. Onun 2-ci hissəsinin tamamlanması ilə Rusiya Almaniya üzərindən AB məkanına gedən 2-ci dənizaltı boru kəməri xəttini çəkmiş olacaq və birbaşa ixracat həcmini ildə 110 milyard molmaqla, iki dəfə artıracaq.
Bu layihə ilə bağlı AB ölkələri iki yerə ayrılmış durumdadırQərbi Avropa ölkələri Almaniya, Hollandiya və Avstriya layihənin davam etdirilməsindən yana göründükləri halda, Şərqi Avropa ölkələri Polşa, Litva və Slovakiya “Şimal axını-2”-ni istəmirlər. Fransanın və onunla birlikdə ABŞ-ın da bu layihəyə qarşı olduğu məlumdur.
Məlum olduğu kimi, 2019-cu ildə ABŞ-ın sanksiyalar tətbiq etməsi səbəbilə, boruların dəniz altında döşənməsində fasilə yaranmışdı. Ancaq bu ilin əvvəlində Rusiya prezidenti Putin, boru xəttini, bir az geciksə də, öz hesablarına bitirə biləcəklərini söylədi. Proqnoza görə, iş 2021-ci ilin sonu bitəcək.
Ukrayna “Şimal axını-2”-dən ən çox təsirlənəcək ölkə olaraq xüsusilə önə çıxır. Hətta bəzi mütəxəssislərə görə, Rusiyanın bu xətlə bağlı israr etməsinə səbəb Ukraynanı daha da sıxışdırmaq istəməsidir. Baltik dənizinin altı ilə keçəcək “Şimal axını-2” xətti fəaliyyətə başlayarsa, Ukrayna və Polşa qaz boru xətləri “bypass” ediləcək.
Son 10 ilə baxılarsa, Rusiyanın Avropaya qaz ixracını davamlı olaraq artırdığı görünər. 2011-ci ildə 27% olan bu səviyyə 2019-cu ildə 50% həddinə yaxınlaşıb. Rusiya qaz ixracının yarısından çoxunu haqqında bəhs edilən boru xətləri ilə Avropaya gerçəkləşdirir. Beləliklə, Rusiya, AB-nin təbii qaz satınalmasında yeganə müəyyənedici tədarükçü ölkə halına gəlib.
İndi bu deyil, Türkiyənin Azərbaycanla birlikdə həyata keçirdiyi TANAP və TAP layihələrimi təhlükə hesab edilir? Yoxsa, Türkiyənin Şərqi Aralıq dənizindən ən ucuz və kəsə yolla Avropaya qaz nəqli təklifi təhdid olaraq görülür? Üstəlik, Türkiyə bir NATO ölkəsi olaraq enerji təchizatı təhlükəsizliyində belə bir önəmə sahibikən, bir başqa NATO ölkəsinin əli ilə kənarda qoyulmaq istənir.
Türkiyənin xətaları ayrı bir yazı mövzusudur. Lakin Avropa yuxarıda bəhs etdiyim həqiqətləri və Türkiyəsiz bir NATO-nun daha böyük təhdid altında qalacağını anlamalıdır.
Tərcümə Strateq.az-ındır
Tarix: 14-02-2021, 09:09
Xəbəri paylaş



Xəbər lenti