Belarus yenidən qarışmağa başlayıb. Oktyabrın 12-də və 13-də keçirilən nümayişlərdə prezident Aleksandr Lukaşenkonun istefası tələb olunub.
Musavat.com xəbər verir ki, hökumət polisə etirazçılara qarşı ehtiyac olarsa odlu silah da tətbiq etməyə icazə veriləcəyini bildirib.
Daxili İşlər Nazirliyinin açıqlamasında mitinqlərin mütəşəkkil və son dərəcə radikal xarakter aldığı vurğulanıb.
“Bu baxımdan Daxili İşlər Nazirliyinin əməkdaşları və Daxili Qoşunlar küçələri tərk etməyəcək, lazım gələrsə xüsusi texnikadan, silahdan istifadə edəcək”, - deyə rəsmi şəkildə xəbərdarlıq edilib.
Nazirlik nümayişlərdə 700-dən çox insanın saxlanıldığını, 570 nəfərin məhkəmə qarşısına çıxarılacağını bildirib.
Paytaxt Minskdə hökumətə qarşı keçirilən
“təqaüdçülər yürüşü”ndə 2000-dən çox yaşlı insan iştirak edib. Əllərində müxalifətin bayraqlarını dalğalandıran insanlar “
get” şüarları səsləndirib.
Politoloq Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, avqustun 9-dan Belarusda sular durulmur.
Onun fikrincə, etirazların təzədən alovlanması Lukaşenkonu təkrar seçkiyə getməyə vadar edir.
Ekspert hesab edir ki, yenə də nümayişlər lidersiz keçirilir: “Lukaşenko üçün təhlükəli dövr geridə qalıb. O, prosesləri xeyrinə dəyişə bildi. Sadəcə, iki gündür mitinqlərin başlanması göstərir ki, əvvəlki Belarus olmayacaq, buz qırılıb. Düzdür, Lukaşenko istefaya da getməyəcək. Amma təkrar prezident seçkisinə məcbur ediləcək, sonra parlament seçkilərində müxalif qüvvələrə yer verməli olacaq”.
R.Məmmədovanın sözlərinə görə, Belarus islahatlara hamilədir: “İnsanlar küçələrə çıxaraq, onun istefasını və siyasi məhbusların azad olunmasını tələb edir.
Təsəvvür edin ki, 7500-dən çox insan həbs edilib, polisin nümayişçilərə qarşı zorakılıqlara yol verib, bu da ictimai nifrəti və qəzəbi artırıb.
Yeri gəlmişkən, oktyabrın 13-də Avropa Birliyi xarici işlər nazirləri Lukaşenkoya və Belarusun yüksək çinli məmurlarına sanksiya tətbiq olunmasına razılıq verib.
Ona görə Lukaşenko üçün bundan sonra ölkəsini idarə etmək asan olmayacaq. O, siyasi açılım etməli, müxalifətə parlamentdə yer verməli, məhbusları azad etməlidir.
Əks halda sanksiyalar altında yaşamağa məcbur qalacaq. Hər halda Belarus Rusiya və İran kimi Qərbin sanksiyalarına tab gətirmək potensialı olan dövlət deyil”.
Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Lukaşenkonun 40 tərəfdaşına qarşı səyahət qadağaları və aktivlərin dondurulması barədə qərar qəbul etmiş, lakin onun adını siyahıya daxil etməmişdi.
Emil Salamoğlu
Tarix: 13-10-2020, 22:58