Ermənistan Qərbin dəstəyindən məhrum oldu: “Hodri meydan!”


Ermənistan Qərbin dəstəyindən məhrum oldu:           “Hodri meydan!”
Nəzakət Məmmədova: “Ermənilər Rusiyaya arxayın olaraq ərazi iddialarını həyata keçirirlər”
 
Prezident İlham Əliyevin son çıxışlarından birində Ermənistana “gəl bizimlə təkbətək vuruş, təkbətək” deməsi, xüsusi ad çəkmədən “bütün qonşularımızla yaxşı münasibətimiz var” söyləməsi xüsusi diqqətə səbəb oldu. Bəzi araşdırmaçılar bu açıqlamaları Azərbaycanın xarici siyasətində dəyişiklik etmək istəməsi və bununla bağlı bəzi ölkələrə mesajlar verilməsi kimi qiymətləndirirlər.
 
Politoloq Nəzakət Məmmədova AYNA-ya şərhində deyib ki, Prezident Ermənistanı təkbətək savaşa çağırmaqla, heç şübhəsiz ki, ilk növbədə onun havadarlarına mesaj göndərib: “Ermənistanın havadarlarının hansı dövlətlər olduğunu da hər kəs bilir. Dünya erməniliyi adlandırılan, kilsə, diaspor, gizli terror qrupları, maliyyə oliqarxları, siyasiləşmiş ermənilər və onlara xidmət edən əlaltılarından ibarət mütəşəkkil icma öz uydurma ideologiyasını istənilən vasitələrlə, o cümlədən terror üsulu ilə həyata keçirməyi qarşısına məqsəd qoyaraq, xərçəng, hörümçək toru kimi bütün dünyanı sarıb. Beynəlxalq siyasətə təsir etmək gücü olan bütün mərkəzlərlə işləyən, onlara nüfuz etməyə çalışan dünya erməniliyinin bir neçə məqsədi var ki, onların da başında Ermənistan ərazisini başqa ölkələrin torpaqları, xüsusən də Azərbaycan əraziləri hesabına genişlətmək, eləcə də saxta “soyqırımı” dünyada tanıtdırmaqdır”.
“Məlumdur ki, erməni məsələsi Şərq məsələsinin bir hissəsi kimi 1878-ci ildə ilk dəfə rəsmi şəkildə dünya siyasətində müzakirə predmetinə çevrilib və bu gün də ermənilər öz məsələlərini istənilən vasitə ilə beynəlxalq münasibətlərin aparıcı iştirakçılarının diqqətində saxlamağa çalışırlar. Dünyanın bütün güc mərkəzlərində onların təsir vasitələrinin olduğu danılmazdır. Ermənilərin ilk təşkilatlandığı ölkələrdən biri Türkiyədir. Əsrlərcə Osmanlı təbəəsi olmuş ermənilər burada avropalı missionerlərin köməyilə təşkilatlanmağa başlayıblar. Osmanlının daxilində Avropanın gizli kəşfiyyat təşkilatlarının davamçısı olaraq yezuitlər 1538-ci ildə Osmanlı imperiyasına soxulmağı bacarıblar. Həmin dövrdə özünün ən parlaq dövrünü yaşayan Osmanlı imperiyasına nüfuz etmək yezuitlərin əsas məqsədlərindən biri idi. Bu, Papanın gizli katolik ordusu idi və Osmanlıya qarşı bu dəfə Səlib yürüşünü aşkar yürüşlərlə deyil, müxtəlif dini-missionerlik missiyası altında yaymağa qərar vermişdilər. Ermənilər də, Rusiya imperiyası onlar üçün dövlət yaratmazdan öncə türklərin tabeçiliyində olub, sonradan Rusiyanın himayəsinə keçiblər. Ermənilərin vətənsiz xalq olması və xristian dininə etiqad etməsi onları xristian aləminin təbii müttəfiqinə çevirib. Ayrı-ayrı güclü dövlətlərin tərkibində - Osmanlı imperiyasından tutmuş Qarabağ xanlığınadək icma şəklində yaşayan ermənilər xarici güclərin həmin dövlətə qarşı istənilən növ təxribatı üçün əlverişli idi. Bunun qarşılığında təbii ki, onlar da əməkdaşlıq edib tapşırıqlarını yerinə yetirdikləri zamanın böyük güclərindən müəyyən güzəştlər qoparmağa nail olublar. Ən böyük planları isə özlərinə dövlət yaratmaq olub ki, buna da həm Qərbin - ABŞ, İngiltərə, Fransa, həm də Rusiyanın köməyi ilə nail olublar”, - müsahibimiz bildirib. 
Məmmədova Ermənistanı dövlət olaraq daha çox himayə edən ölkənin Rusiya olduğunu və Putinin Ermənistana rəsmi səfəri zamanı Pyotrun fərmanından gətirdiyi sitatın buna işarə olduğunu qeyd edib: “Putinin Pyotrun fərmanından gətirdiyi sitat belə idi: “Erməniləri mümkün qədər qorumaq, onlara qayğı göstərmək, gəlmələrinə şərait yaratmaq lazımdır”. Rusiyanın Ermənistana havadarlığı Çar Rusiyası, Sovet Rusiyası və 1991-ci ildən bəri davam edir və bu ittifaq hər iki tərəfə sərfəlidir. Rusiya xristian xalqdan ibarət forpost əldə edir, ermənilər isə Rusiyanın simasında havadara arxayın olaraq ərazi iddialarını həyata keçirirlər. Baxmayaraq ki, ermənilər Rusiyadan qabaq Türkiyədə təşkilatlanıblar, lakin Türkiyə Rusiyadan fərqli olaraq rəsmi dövlət səviyyəsində erməniləri müdafiə etmir. Ermənilər qeyd etdiyimiz kimi bütün güc mərkəzləri ilə işləyir və yüksək səviyyədə əlaqələr qurublar. Bununla onlar lazım gəldikdə Qərbin, lazım gəldikdə Rusiyanın dəstəyini əldə ediblər. Lakin bugünkü gün bəlkə də heç vaxt olmadığı qədər çətin dilemma qarşısında qalıblar”.
 
Politoloqun sözlərinə görə, artıq Qərbdəki diaspor, Rusiyadakı diaspor və Ermənistan erməniləri arasında bəzi fikir ayrılıqları dərinləşib: “Paşinyanın hakimiyyətə gəlməsi Qərbdəki diasporu qane etsə də, Rusiyadakı erməni diasporu qətiyyətlə buna qarşı çıxır. Eləcə də, kilsə ilə də fikir ayrılıqları yaranıb. Rusiya ilə Qərbin Cənubi Qafqazdakı enerji layihələri məsələsindəki ziddiyyətləri Ermənistandan qəti seçim etməyi tələb edir və son hadisələr göstərdi ki, Ermənistan Rusiyanın yanında yer alıb Qərbin enerji infrastrukturuna təhlükə yaratmaqla öz ikili oyunlarının qurbanına çevrilə bilər. ABŞ Konqresinin komitələrində Ermənistan əleyhinə qərarın qəbul edilməsi onun və havadarı Rusiyanın 1991-ci ildən bəri bölgədə etdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyacağı xəbərdarlığıdır. Üstəlik, Serbiyanın Gürcüstan vasitəsilə Azərbaycana qarşı Ermənistana odlu silah göndərməsi məsələsi də bu proseslərdə Rusiyanın Ermənistana əsas havadarlıq edən dövlət olduğunu deməyə əsas verir. Biz son hadisələrdə Rusiya-Serbiya-Gürcüstan ortodoks ittifaqının işbirliyini müşahidə etmiş oluruq. Prezident İlham Əliyev Ermənistana “hodri meydan” deyib onu təkbətək meydana səsləməklə, Ermənistana onun arxasında dayananların kim olduğunu bildiyini göstərdi. Lakin bu situasiyada Azərbaycan da tək deyil, ABŞ, Avropa və Türkiyə Ermənistan təxribatlarına qarşı Azərbaycanın yanında yer alıb. Çünki söhbət Avropanın enerji təhlükəsizliyinin təmin olunmasından gedir”, - siyasi şərhçi əlavə edib.
Tarix: 27-07-2020, 21:20
Xəbəri paylaş



Xəbər lenti