“Azərişıq” ASC-nin yeni sayğacı vətəndaşı işə saldı – Foto
Vətəndaş “Azərişıq” ASC-nin quraşdırdığı yeni tipli sayğaca görə 6 aydır əziyyət çəkir. Ancaq ASC problemi həll etməyə nə can atmır, nə də tələsmir. Tribunainfo.az xəbər verir ki, şikayətçi Tamerlan Babazadənin sözlərinə görə, balansı artırandan sonra işıq saatlarla, bəzən də günlərlə yanmır: “5–6 ay əvvəl köhnə sayğac yandığı üçün yenisini quraşdırdılar. Ancaq yeni sayğacdan bəri problemlərimiz bitmək bilmir. Sistem o qədər anlaşılmaz qurulub ki, balansda pul bitdiyi an işıq dərhal kəsilir, amma balansı artırsan belə, işıq dərhal yanmır. Məsələn, bu gün gecə saat 02:00-da balansım bitdi. Dərhal MilliÖn vasitəsilə balansı artırdım. Hazırda saat 09:46-dır, amma hələ də işıq yanmır. Operatora zəng edirəm, deyirlər ki, pul həmin an balansa oturub, MilliÖn-də heç bir problem yoxdur, prosedur belədir, gözləməlisiniz. Artıq 6 aydır hər ay eyni problemi yaşayıram, hər dəfə də “qeydiyyata almışıq” deyirlər, amma nəticə yoxdur. Soyuducudakı ərzaqlar əriyir, xarab olur, işə getməli olanlar işıqsız qalır. Balans bitən kimi işığı dərhal kəsirlər, amma pul ödəndikdən sonra saatlarla, bəzən günlərlə işıq yanmır”. Şikayətçi əlavə edib ki, bu, bir dövlət qurumunun vətəndaşa qarşı olan məsuliyyətsizliyidir: “Bir qurum vətəndaşlara qarşı bu qədər biganə olmamalıdır”. Qarşı tərəfi dinləməyə hazırıq.