"İranın "soyuq qisası": MAQATE rəhbəri 24 saatlıq qoruma altında" - "The Wall Street Journal"

"İranın "soyuq qisası": MAQATE rəhbəri 24 saatlıq qoruma altında" -
"Tehranın qəzəbi və Qrossinin taleyi: nüvə diplomatiyası yeni mərhələyə keçir..."

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi artıq bir neçə həftədir Avstriyanın "Kobra" xüsusi polis bölməsi tərəfindən gücləndirilmiş mühafizə altındadır.

Bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Vyanada təhlükəsizlik həyəcanı

Nəşr yazır ki, bu qərar kəşfiyyat məlumatlarında İran strukturlarından gələn konkret təhdidlərə istinadən qəbul edilib. Agentliyin qərargahı Vyanada yerləşdiyinə görə, Qrossinin təhlükəsizliyini təmin etmək öhdəliyini məhz Avstriya xüsusi xidmət orqanları üzərinə götürüb.

Məlumata görə, sui-qəsd planı barədə xəbərdarlıq üçüncü mənbələrdən gəlib və dərhal sonra elit antiterror qüvvələri səfərbər olunub. Avtomatik silahlarla təchiz edilən bu bölmə normalda yalnız hökumət başçıları səviyyəsində şəxsləri qoruyur.

Qrossi Tehranın hədəfində

İran Qrossini İsrail-İran müharibəsinə səbəb olmaqda ittiham edib. Rəsmi Tehran iddia edir ki, onun hesabatları 2025-ci ilin iyununda başlayan 12 günlük müharibənin təhrikçisi olub. İranda yüksək vəzifəli şəxslər Qrossinin istefasını və məhkəməyə verilməsini tələb ediblər. Dövlətə yaxın "Keyhan" qəzeti onu "İsrail casusu" adlandıraraq hətta həbsinə və edamına çağırıb.

Ali lider Xameneinin müşaviri Əli Laricani isə açıq şəkildə bəyan edib: "Müharibə bitəndən sonra biz Qrossi ilə məşğul olacağıq". Müharibənin sonunda MAQATE öz müfəttişlərini İrandan çıxarıb, çünki onların həyatına real təhlükə var idi. Təxliyə əməliyyatı Tehranla razılaşdırılaraq həyata keçirilib. Amma avqustun 27-si səhər Qrossi açıqlama verərək müfəttişlərin yenidən İrana qayıdacağını bildirib.

İranın diş sıxaraq verdiyi güzəşt

Qrossi 2019-cu ildə MAQATE rəhbəri təyin olunandan bəri dəfələrlə İranın kəskin tənqidinə tuş gəlib. O, Tehranın 2015-ci il Vyana sazişini pozduğunu sərt şəkildə gündəmə gətirib, bu isə Vaşinqtonun maraqlarına uyğun gəlib. ABŞ-ın müqavilədən çıxmasından sonra İran öhdəliklərinin çoxundan imtina edib və 2025-ci ilin ortalarınadək hərbi səviyyəyə yaxın zənginləşdirilmiş uran ehtiyatı toplayaraq, təxminən 10 nüvə başlığı hazırlamaq potensialına çatıb.

May ayında Qrossi hesabat təqdim edərək, Tehranın gizli nüvə materiallarının mənşəyi barədə əsas suallara cavab vermədiyini açıqlayıb. İran bunu İsrailin xeyrinə siyasi addım kimi qiymətləndirib. Ardınca, iyunun 12-də MAQATE 20 ildən sonra ilk dəfə rəsmi olaraq Tehranın nüvə öhdəliklərini pozduğunu bəyan edib. Cəmi bir gün sonra isə İsrail ordusu İran hərbi rəhbərliyinə ağır zərbələr endirərək, bir sıra generalları və nüvə proqramı üzrə çalışan alimləri sıradan çıxarıb.

Beynəlxalq karyera planları

Qrossi yalnız MAQATE rəhbəri kimi deyil, həm də gələcək BMT baş katibi postuna əsas namizədlərdən biri hesab olunur. Hazırkı baş katib Antoniu Quterrişin səlahiyyət müddəti 2026-da başa çatır və bu kontekstdə Qrossinin hər addımı daha da diqqətlə izlənir.
Tarix: Bu gün, 10:09
Xəbəri paylaş



Xəbər lenti