Ekranlara çıxdığı il keçmiş sovet məkanında 10 milyon baxış toplayıb. Özümüzdə, yəni Azərbaycanda onu seyr edənlərin sayı 250 min olub.Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış nağıl janrını yenidən dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.
Söhbət kino ustası Əlisəttar Atakişiyevin 1959-cü ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluş verdiyi “Bir qalanın sirri” filmindən gedir. Onu da deyim ki, filmin işçi adı “Qanlı qala” olub, filmdə bir neçə yerdə elə də ifadə olunur. İş prosesində ad dəyişib, çünki o zamanlar nəinki qanlı səhnələri, heç “qan” sözünün özünü də işlətmək arzuolunan deyildi.
Bilərəkdən yuxarıda rejissor yox, “kino ustası” dedim, çünki o, kinoda yalnız rejissor kimi çalışmayıb, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin quruluşçu operatoru, bir çox filmlərin ssenari müəllifi və geyim rəssamı kimi çalışıb.
Əlisəttar Atakişiyev Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator ixtisası üzrə təhsil alıb. Təhsilini başa vurandan təyinatını, özündən razılıq alıb, “Mosfilm”ə verirlər, çünki ordan ona həm də dəvət vardı. Dəvəti qəbul edib, bir müddət orada çalışır, sonra Tallin kinostudiyasına operator kimi işləyir. 1955-ci ildə Estoniyanın ilk rəngli filmini çəkir. Sovet kinosunda belə püxtələşib, qayıdır Bakıya.
“Azərbaycanfilm”də isə kinonun müxtəlif sahələrində özünü sınamaqla “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir”, “Qərib cinlər diyarında” kimi filmlərə quruluş verir.
İlk müstəqil işi olan “Bir qalanın sirri”nə qədər “Bakılılar” (L.Kosmatov, D.Feldmanla birgə), “Bir ailə” (Ə.İsmayılov, T.Lebeşevlə birgə), “Arşın mal alan” (1945; Muxtar Dadaşovla birgə), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” (Rasim Ocaqovla birgə) və s. filmlərdə quruluşçu operator və rəssam kimi çalışıb.Rejissor barədə bu qədər kifayət edər.
Nağıl janrında çəkilən film yazıçı, folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında yenidən işlənib və ekranlaşdırılıb. Əsasını Azərbaycan xalq nağılları təşkil edən əsəri ssenariyə Məmmədhüseyn Təhmasib çevirib. Əsas məqsəd uşaqlara elmin hər şeyə qalib gəldiyini, onun böyük güc olduğunu aşılamaqdır. O nəsnə ki, bu gün çox ehtiyac duyulur. Uşaqlar və gənclər elmdən qeyri hara desən yönəlir, qüvvət isə “elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.
Filmdə elmin gücündən qeyri xalqın birliyindən söhbət açılır. Elmin və elin gücü şər qüvvələr üzərində qələbə qazanır.
Filmin çəkilişləri Mingəçevir su bəndinin yanında, Bozdağın ətəklərində, İsmayıllıda, Mərdəkanda, qalanın iç görünüşü, zindan səhnələri, həkimin yaşadığı məkan kinostudiyanın pavilyonunda lentə alınıb. Natura çəkilişlərinin bir qismi isə Bakıdakı Nəbatat bağında aparılıb.
Elə kadrlar var ki, yalnız güclü fantaziyanın məhsuludur – dağ mənzərələri, sıldırım qayalar, dərviş və rəmmalın hoqqa çıxartdığı səhnələr, multiplikasiyadan istifadə olunmuş lövhə, itlə atın söhbəti, zindan səhnələri və sair.
Sadəcə olaraq, rejissor xalq nağıllarını yaxşı duyub və uşaqların dünyasından xəbərdar olub.
Filmin qəhrəmanları Hadı və Bıdı rollarına uzun müddət namizəd axtarılıb. Nəhayət, Telman Əliyev və Fərhad İsrafilov (hər ikisi Əməkdar artist) Bakının 26 saylı orta məktəbindən tapılıb. Birlikdə uzunmüddətli sınaq çəkilişlərindən sonra rola təsdiq olunublar. Bu işlər belə olur. Ona görə də uşaq filmi çəkmək çətin və məsuliyyətlidir.
Uşaqları əvvəlcə düşdükləri atmosferə adaptasiya etmək, sonra onları kameraya alışdırmaq hələ başlanğıcdır. İndi gəl, məktəb partasından, hətta bəzi hallarda ana qucağından, bağçadan aralayıb, onlara ssenari əzbərlət. Əzbərləyəndən sonra isə onu əzbər söyləməməyi öyrətməlisən. Bu yerdə Əlisəttar Atakişiyev Rza Təhmasibin köməyinə arxalanıb. Ondan xahiş edib ki, uşaqlara bir qədər aktyorluq dərsi versin.
Digər qəhrəmanlar - atla it sirkdə təlim görmüş heyvanlardır. Amma yazıqlar sirkdə müxtəlif hərəkətlər etmək üçün təlim görmüşdülər, kamera qarşısına keçib “danışmaq” üçün yox...
Ona görə də filmin çəkilişləri 1959-cu ildə başlayıb, nümayişi 64-cü ildə olub.
Təkcə sehrli çubuğun formasını tapmaq xeyli vaxt aparıb. Göygöz kosanın sehrli çubuğunu tapıncaya qədər rejissor Əlisəttar Atakişiyev özü rəssam kimi ən azı 10 dənə çubuq hazırlayıb və bəyənmədiyi üçün sındırıb.
Əlisəttar Atakişiyevin çiynini altına verdiyi və əzab-əziyyət bahasına başa gələn ilk rejissor işi həm Bakıda, həm də Moskvada bədii şurada bəyənilib. Demək olar, heç nə dəyişdirilməyib. Moskva filmi ümumittifaq ekranına prokata qəbul edib, rus dilində variantın nümayişini təşkil edib. “Bir qalanın sirri” filmi rus dilində çəkilib, sonradan öz dilimizə dublyaj olunub.
Bəyənilməyə bəyənildi, yayıldı, baxıldı, amma bu filmin ucbatından rejissor həbs edildi. "Bir qalanın sirri" istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bunun səbəblərini bayaq yuxarıda sadalamışam. Di gəl, bu səbəbləri izah etmək onlara çətin olardı. Filmin gecikməsi çəkiliş qrupunun mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu onda görürlər ki, Leninqrada gedib, "Lenfilm" kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirsinlər. Laboratoriya rəisi deyir ki, iş çoxdur, qabağa düşmək üçün Atakişiyev Əli Məmmədovdan 100 manat pul göndərir ki, rəisə çatdırsın. Bununla da film vaxtında təhvil verilir, kollektiv də mükafatsız qalmır.
Az müddətdən sonra kimsə işin üstünü açır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağırılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək kaloniyasında keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilsinlər.
Azərbaycan ziyalıları yenə yığışıb, tədbir tökməli olurlar. Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri SSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək, hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar.
Bu məsələ də belə həll olunur. Qaldı, əsas rollar məsələsi.
Filmdə əsas rolları Gündüz Abbasov (Elşən), Tamara Kokova (Mətanət), Məmmədrza Şeyxzamanov (həkim Eldostu), Əli Qurbanov (Kamran baba), Andrey Fayt (Göygöz Kosa, “Mosfilm”dən dəvət olunmuş alman əsilli aktyor), Əli Zeynalov (Simnar xan), Ağadadaş Qurbanov (usta), Ağahüseyn Cavadov (falçı), Məlik Dadaşov (dərviş) oynayıblar.
Gündüz Abbasovu Müxlis Cənizadə səsləndirib. Tamara Kokovanı Sofya Bəsirzadə, Məmmədrza Şeyxzamanovun səsi İsmayıl Əfəndiyevə məxsusdur. Və sair. Biri də maraqlıdır, onu da deyim, Yallı Hüseynağa Sadıqovun dili ilə danışıb.
Nağıl janrında yeni uşaq filmlərindən bəhs etmək arzusuyla...
pressklub