Uzun illərdir ki, Müstəqil auditor fəaliyyəti ilə məşğulam. 2019-cu ildə Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (Mənimsəmə və ya israf etmə- külli miqdarda olduqda) ilə təqsirləndirilən məsul şəxsin hesabında yaranmış əskikliyin düzgünlüyünün ekspertizasını apardım.
Üç ay gərgin araşdırma aparandan sonra təqdim etdiyim Müstəqil auditor rəyi əsasında, Məhkəmənin 2019-cu ildə çıxarılan hökmünə əsasən, təqsirləndirilən məsul şəxsin maddəsi dəyişdirilərək şərti cəza ilə əvəzlənmişdir.
Məhkəməyə “Ekspertiza xərcinin ödənilməsi” ilə bağlı təqdim etdiyim vəsatət tam təmin edilmiş, xidmət haqqının borcludan alınaraq mənim bank hesabıma ödənilməsi barədə İcra vərəqi, aidiyyatı üzrə Bərdə İcra və Probasiya şöbəsinə göndərilmiş, 17.02.2021-ci ildə isə şöbənin icra məmuru tərəfindən icraata başlamaq haqda “Qərar” qəbul edilmişdir.
Məhkəmənin hökmündən və İcra məmurunun “Qərar”ından 18.08.2025-ci il tarixədək məlumatım olmamış, bu barədə ünvanıma bir halda da olsun bildiriş (bildiriş, məktub, mobil əlaqə və s) daxil olmamış, nəticədə isə mənə ödənilməli olan xidmət haqqı indiyədək icra edilməmişdir.
Yalnız 18.08.2025-ci il tarixində həmin Məhkəməyə rəsmi müraciətimdən sonra, yəni 4,6 ildən sonra bu barədə məlumatlı oldum.
Hesab edirəm ki, İcra şöbəsinin və İcra məmurunun fəaliyyətsizliyi, İcra Məcəlləsinin tələblərinə ziddir və mənim qanuni hüquqlarımın pozulmasına səbəb olmuşdur.
Bilmək istərdim ki, 2019-cu ildən hazıradək olan müddətdə Bərdə İcra və Probasiya şöbəsi fəaliyyətdə olubmu, ona maliyyə açılıbmı, yoxsa şöbə ləğv edilib? Fəaliyyətdədirsə, məlumatsız vətəndaş səsini çıxarmasa onun haqqı bu şöbədə “qara daş”ın altında çürüməlidirmi?
Elə bu minvalla sorgularıma cavab almaq üçün həmin şöbəyə, şöbənin hazırkı məsul işçisinə və quruma nəzarət edən orqanlara etdiyim müraciətlər də deyəsən “qara daş”ın altına düşəcək...
Yasin Şirinov
26 avqust 2025-ci il