Xodorkovski: “Rusiyada real siyasi qərarları Putinin şəxsi ətrafı verir”

 
Rusiyalı müxalifətçi Mixail Xodorkovski prezident Vladimir Putinin dövranının sonu gəldiyinə əminliyini bildirib.
Musavat.com xəbər verir ki, o, bununla bağlı düşüncələrini Fransanın “Le Figaro” qəzetində paylaşıb.
M.Xodorkovskinin fikrincə, Fransa prezidenti Emmanuel Makron Putinlə strateji münasibətlər qurmaq xəyalarından əl çəkməlidir. Lakin onun rəyinə görə, Qərb Rusiyanı “Avropanın mədəniyyət paradiqmasında” saxlamaq üçün Kremllə taktiki dialoqlarını davam etdirməlidir.
“Son 20 ildə V.Putin hər kəsdə Rusiyada şaquili haimiyyət qurulduğu təəssüratını yaradıb. Əgər əfsanələrə inansaq, belə bir rejim Stalin zamanında mövcud olub. Lakin biz də bilirik ki, mürəkkəb cəmiyyətlərdə şaquli model hökm sürə bilməz. İndi koronavirus böhranında Vladimir Putin məsuliyyəti üzərinə götürmək əvəzinə onları qubernatorların üstünə yıxır. Valilər isə regional böhran mərkəzi olmağa hazır deyildilər və bu prosesdə onların bütün zəiflikləri ortaya çıxdı. Cəmiyyət özü Putinin şaquli hakimiyyətinin mif olduğunun fərqindədir”, - deyə müxalif siyasətçi qeyd edib.
Mixail Xodorkovski hazırda Rusiyada təbliğ olunan “biz ayrı sivilizasiyayıq” fikrinə qarşı çıxıb:
“Mənim fikrimcə, biz avro-atlantika dünyasının bir mənsubuyuq. Cəmiyyət özü bu ideya ilə razılaşırmı? Bu gün deyə bilərəm ki, yox. Hazırda bizim fikirlərimizi rusiyalıların 10-15%-i paylaşır. Qalan əhali isə yalnız velosipedini motosikllə, avtomobillə əvəzləməyi düşünür”.
YUKOS şirkətinin keçmiş rəhbəri Fransanın özündə Putin hakimiyyətinin mahiyyəti barəsində tam təsəvvür olmadığını vurğulayıb.
“Cənab Makron fikirləşir ki, Rusiya hakimiyyəti əslində Fransadakı kimi, lakin daha avtoritardır və Putin sadəcə öz ölkəsinin maraqları naminə hərəkət edir. Lakin o, kökündən yanılır. Çünki Rusiyada əslində hakimiyyətin iki forması var.
Birincisi faydalı münasibətlərin qurula biləcəyi dövlət bürokratiyasıdır. İkincisi isə “əhli-əyan” və ya onun “məiyyəti”dir. Ölkədə real siyasi qərarlar qəbul edən də məhz bu kəsimdir. Bu məiyətin böyük qismi dövlət strukturlarında hər hansı vəzifə tutmur. Bunlar Vladimir Putinin şəxsi ətrafıdır. Həmin adamların isə dövlət haqqında tamam başqa təsəvvürləri mövcuddur. Onların əsas qayğısı ölkənin inkişaf etdirilməsi yox, hakimiyyətdə qalaraq nüfuz, üstünlük və pul qazanmaqdır. Ölkədə baş verənlər isə veclərinə də deyil”,- deyə o söyləyib.
Mixail Xodorkovskinin fikrincə, Vladimir Putin düşdüyü vəziyyətə görə hazırda problemlər yaratmaqla məşğuldur.
“O, hakimiyyətini qorumaqdan ötrü bu problemlərdən Qərblə siyasi alver aparmaq üçün istifadə edir. Niyə Suriyaya girildi? Çünki ABŞ prezidenti ilə müzakirə ediləcək situasiya yaratmaq lazım idi. Niyə Ukrayna ilə danışıqlar aparılır? Ona görə ki, onun komandası Qərbdəki aktivlərindən gələn gəlirlərdən məhrum olmaq istəmir. Onun bütün arzusu Qərbin elitar dərnəyinə yenidən geri dönməkdir”,-deyə müxalif siyasətçi izah edib.
Mixail Xodorkovski Rusiyanın bu əsnada Çinlə yaxınlaşmasının xəta olacağını qeyd edib. “Rusiya cəmiyyəti Avropa sivilizasiyasına daha yaxındır, Çinlə inteqrasiya ruslar üçün ən azından mürəkkəb, hətta mümkün deyil”,-deyə mühacir biznesmen bildirib.
Tarix: 16-06-2020, 17:27
Xəbəri paylaş



Xəbər lenti