“Artıq yetər! Çox yorulmuşam!” deyənlərin alayarımçıq gerçəkləşən xəyalı
Amerika yoxsul ölkə xalqlarının ideal ölkəsidir. İstər mətbuatda, istərsə də filmlərdə bu ölkə bütün haqq və hüquqların bərabər olduğu, azad, dünyaya demokratiya carçısı kimi qanad gərən ölkə kimi təqdim edilir.
Bu gün dünyada açıq olmasa da, müxtəlif siyasi basqılar və müstəmləkəçilik mövcuddur. Fərqli strukturlarla idarə olunan kölə xalqlar, ayrıseçkilik və irqçilik var. Lakin görünür, dünyada bunlar gizli yeridilərkən, Amerikada XXI əsrdə açıq-aşkar həyata keçirilir. Qaradərili, Afrika kökənli Barak Obamanın Prezident olaraq hakimiyyətə gəlməsi həm Amerika qaradərililərində, həm də dünyada belə bir təsəvvür yaratmışdı ki, artıq neqroidlərə qarşı irqi ayrıseçkilik edilməyəcək. Lakin bu təsəvvürlər yenə də tarixə qovuşdu.
İndi də hər 10 amerikalı qaradərilidən 8-i düşünür ki, ağdərililərlə onların bərabərliyi yanlız rəsmi sənədlər üzərindədir. Gündəlik yaşayış tərzində, məişətdə, iş həyatında belə deyil. Onlara qarşı ayrıseçkilik davam etməkdədir. Ötən həftə ABŞ-da qaradərili bir təqsirkar vətəndaş yolda, insanların gözü qarşısında polisin dizi altında boğularaq dünyasını dəyişdi. İnsanların təpkisinə rəğmən və onu cəzalandıracaq qanunlar varkən...
1776-cı ildə Tomas Ceffersonun rəhbərliyi ilə hazırlanan “İstiqlaliyyət Bəyannaməsi”ndə yazılan “Bütün insanlar bərabər yaradılmışlar. Bəlli hüquq və azadlıqları var ki, hər cür azadlıq və xoşbəxtlik axtarmaları da bunların arasındadır”, - qanunu bir daha yerlərdə süründü.
Şimali Amerikaya qaradərililərin gəlmə tarixi
Amerikada qaradərililərin varlığı ingilislərin ilk dəfə Şimali Amerikaya gedib, 1607-ci ildə Ceymstaun və Virciniya koloniyalarını qurmasından 12 il sonraya təsadüf edir. Bundan əvvəl Cənubi Amerika qitəsində kölə ticarəti ilə məşğul olan İspaniya və Portuqaliya tacirləri Şimal qitəyə də yol aldılar. İlk dəfə Şimali Amerikaya İspaniya gəmisindən əsir alınmış 20 afrikalı kölə ayaq basdı. Holland tacirlər əsirləri ingilis kolonyaçısına sataraq, onları təsərrüfatda işlədə biləcəklərini anlatdılar. Beləliklə koloniya sahibləri az sonra qida məhsulları yetişdirdikləri tarlalara daha çox kölə almağa başladılar. XVII yüzilliyin sonlarında kaloniyalarda kölə ticarəti qanuniləşdirilmişdi. Poltuqaliyalı tacirlər Anqoladan sağlam, seçmə yeniyetmələri Şimali Amerika qitəsinə kütləvi olaraq aparırdılar.
Kölələr müəyyən müddətdən sonra azadlıq da əldə edə bilərdilər. Bunun üçün nəzərdə tutulmuş illər ərzində işləməli idilər. 50 il ərzində tək Virciniyada kölələr bəzi azadlıqlar alsalar da, ümumən hər iki qitədə 4 milyona yaxın qaradərili afroamerikalılar insan kimi yaşamır, onlara təhsil verilmir, ancaq tarlada fasiləsiz işləyə bilərdilər. Əgər kölələr evlənərdilərsə, onların övladları da kölə hesab olunurdular. Hətta, 1705-ci il Virciniya koloniyalarının birgə qanunlarına görə, bütün qaradərili və qızıldərili kölələr koloniyaların daşınmaz əmlakı elan edilmişdilər. İstənilən bir kölə sahibinə qarşı çıxardısa, hər hansı haqq tələb edərdisə, sahibi onu anında öldürmək hüququna malik idi. Qaradərili kölə koloniya sahibinin mülkiyyəti hesab olunurdu.
Artıq XVIII əsrin ortalarında kölə ticarəti o qədər artmışdı ki, Şimali Amerika əhalisi cənubu keçmişdi. 1770-ci il sənədlərində Cənub koloniyalarında insan nüfuzunun 40%-i, Şimalda isə 80%-i afroamerikalı idi.
Amerika tarixində dövlətin yaranmasına kimi 50-yə yaxın, dövlət yaranandan 1860-cı ilə kimi ümumi 250 kölə üsyanı baş vermişdi. Üsyançı afroamerikalılar plantasiyalarda işləməyə razı idilər, yetər ki, bəzi haqları tanınsın. Onlar da ağdərililər kimi oxumaq-yazmaq tələb edirdilər.
1800-cü ildə Amerikada 13 ştatda köləlik vardı. Ən məşhur üsyan Qabriel Prosser üsyanıdır ki, Amerikada 1800-cü ildə ilk etnik xalqların birləşmiş genişmiqyaslı üsyanı idi. Üsyan köləliyin ləğvini tələb edirdi. Burada ağdərililər də iştirak edirdilər. Üsyanların çoxalması köləliyin ləğvi, kölə ticarətinin dayandırılması yönündə dövləti addımlar atmağa sövq edirdi.
1811-ci ildə yeni Orlandda hərbçi Andreynin plantasiyasında böyük üsyan baş verdi. Üsyançılar plantatorun oğlunu öldürmüşdülər. Üsyanın amansızca yatırılacağı tələbi digər plantasiyaları da bürüdü. Üsyan yatırıldı.
1831-ci ildə Amerika dövlətini silkələyən daha böyük bir üsyan baş verdi. Virciniyada Nat Türner adlı kölə ətrafına digər kölələri yığaraq üsyan başlatdı və qarşılarına çıxan bütün ağdərili insanları öldürürdülər. Üsyan basdırıldı, lakin nəticəsi o oldu ki, Amerika dövlətini qaradərililərin məsələsini müzakirəyə çıxarmağa məcbur etdi.
ABŞ-da qaradərililərə ilk azadlıqların verilməsi
Fredrik Duqlas kölə olaraq doğulmuş afroamerikalı idi. Sahibi ona uşaq ikən yazmaq-oxumaq öyrətmişdi. Gündüzlər işləyir, axşamlar sahibindən xahiş edib, onun övladı ilə birlikdə kitablarından oxuyurdu. Bir gün plantasiyadan şəhərə qaçmış, kitab nəşr edən kiçik müəssisədə işə başlamışdı. İş yerində qısa müddətdə ən etibarlı işçi kimi tanınır. Lakin onu həbs edib yenidən köləliyə qaytarılmasına bir çox ağdərili ziyalı dostları etiraz edirlər və 700 dollar toplayaraq, sahibinə verib Duqlası birdəfəlik azad edirlər.
Duqlas qəzetlərdə kölə afroamerikalılardan, insan haqlarından, onların da ağdərililər kimi yaşamaq istəyindən, “İncil”də də yazıldığına görə hər kəsin bərabər yaradıldığından yazırdı. O zaman siyasətlə məşğul olan hüquqşünas vəkil Abraham Linkoln Duqlasla maraqlanır və onunla görüşür. Linkolnla onu bərabərlik, azadlıq ideyaları birləşdirirdi. Duqlas afroamerikalıların köləliyinin ləğvinin Amerika dövlətinə daha çox üstünlüklər gətirəcəyinə inanırdı və Linkolna Cənub ştatları ilə mübarizədə onların da hərbə cəlb edilməsini anlatmışdı. Doğrudan da Amerika ordusu üçün sağlam əsgərlər lazım idi və bu, Linkoln üçün əla ideya idi.
1859-cu ildə köləliyin ləğvinə dair böyük bir üsyan Amerikanı cənginə aldı. Digər tərəfdən isə Cənub əyalətlərinin plantatorları köləliyin qalmasını dəstəkləyən üsyanlara başladılar. 1860-cı ildə A.Linkon Prezident seçildi və söz verdiyi kimi, köləliyin ləğvi və bütün vətəndaşların eyni hüquqlara sahib olacağına dair qanun hazırlatmağa başladı. 34 ştat içərisindən etiraz edən 11 cənub əyaləti ayrıldı və özlərini Cənub Konfederasiyası elan etdilər. Beləliklə vətəndaş müharibəsi başladı.
1863-cü ildə Linkolnun imzaladığı “Azadolunma haqqında bəyannamə”yə görə, cənub ştatlarında köləlik ləğv edildi. 1865-ci ildə Linkolna sui-qəsd olundu. Müharibə dayandı və ölkədə köləlik tamamilə ləğv edildi. Yeni hökumət qaradərililərlə bağlı 13-cü konstitutsiya dəyişikliyində əlavələr etdi. Bu zaman azadlıq alan kölələr nə edəcəklərini bilmirdilər, plantatorlar isə böhran yaşayırdılar. Təsərrüfat dayanmışdı, ölkə müharibədən əvvəlki iqtisadi vəziyyətə qayıtmağı planlayırdı. Qaradərilillərə hər hansı əmlak və iş yeri təklifi edilə bilmirdi. Onlar sadəcə küçəyə çıxır, azad gəzirdilər.
XX əsrdə qaradərililərə münasibət
XX əsrin başlanğıcından 1950-ci ilə kimi də ABŞ-da qaradərililərə qarşı bir sıra ayrıseçkiliklər edilmişdi. Ekspertlərin hesablamalarına görə, 1877-1950-ci illər arasındakı zaman kəsiyində müxtəlif cür öldürülən qaradərililərin sayı 4 min nəfərdir ki, bu da Birləşmiş Ştatlar üçün həftəyə bir qaradərili öldürülməsi deməkdir.
Amerika İkinci Dünya müharibəsi zamanı 3 milyon qaradərilini əsgərliyə çağırdı. Ondan 500 min nəfəri ən riskli yerlərə göndərildi. Zabit, solçu Ceyms Hook xatirələrində yazır ki, Amerika harada qan tökmək istəyirsə və bilirsə ki, öz əsgərləri də məhv olacaq, oraya qaradərililəri göndərir.
1945-1955-ci illərdə Amerikada mədəni haqlar hərəkatı başlandı. Artıq qaradərili insanların da digər vətəndaşlarla eyni məktəbdə, heç bir ayrıseçkilik olmadan oxmaları tələb edilirdi. Mədəni qanunlar qəbul edilsə də, 1955-ci ildə qaradərili ailələrin uşaqlarının ölkə üzrə cəmi 2.3 %-i bu məktəblərdə oxuyurdu.
Afroamerikalıların taleyini dəyişən Roza Parks
Roza Parks adlı xanım Alabama ştatının Montqomeri şəhərində yaşayırdı. Bir tikiş fabrikində dərzi işləyirdi. Bir gün işdən dönərkən avtobusda ağdərili vətəndaşa yer vermədiyi üçün həbs edilmişdi. Qanunlara görə, qaradərililər bələdiyyə avtobuslarının arxa sıralarında yer olardısa, əyləşə bilərdilər, yoxsa ayaqüstə getməli idilər. Hətta, onlar avtobusa minərkən ön qapıdan sürücüyə yolpulunu verib, arxa qapıdan avtobusa daxil olmalı idilər.
Roza Parks həmin gün ön qapıdan sürücüyə pulu verib, keçib orta sırada əyləşir. Bu zaman üzərinə gələn və ağdəriliyə yer verməsini tələb edən sürücüyə “Artıq bəsdir! Çox yorulmuşam!”, - deyə bağırır. Avtobusda olan ağdərililər də ona haqq qazandırırlar. Lakin qanun öz işni görür - Roza həbs edilir.
Məhkəməsi günü məhkəmənin önünə minlərlə qaradərili vətəndaş yürüş edir. O, ölkə qaradərililərinin simvolu oldu. 381 gün ölkə boyu avtobuslara boykot elan edildi, hər kəs işə piyada gedirdi. Boykot isə qələbə ilə yekunlaşdı. Məhkəmə bələdiyyə avtobuslarındakı ayrıseçkiliyi ləğv etdi. Artıq hər kəs ictimai nəqliyyatda bərabərhüquqlu idi.
Sonra Çikaqo universitetində çıxışı zamanda Roza Parks belə demişdi: “Mən həmin gün ağdərililər də geyinsinlər deyə paltar tikib yorğun halda evə qayıdırdım. Güclə yeriyirdim. Bizə edilən ayrıseçkilik bu dəfə daha çox mənəviyyatıma toxunmuşdu”.
Həmin hərəkat daha bir qaradərili lider yetişdirdi - Martin Lüter Kinq. 26 yaşlı gənc dindar idi. Hindistan Azadlıq Hərəkatının ruhani lideri Mahatma Qandini özünə, ideyalarına ideal seçmişdi. Roza Parks hərəkatında avtobuslara boykot hərəkatının təşkilatçısı olan gənc lider kimi tanındı. Onun başlatdığı hərəkat, çıxışları o qədər təsirli idi ki, ağdərililər də onun səsinə səs verdilər. Onun “Bir xəyalım var” cümləsi ilə başlanan çıxışı bütün ölkəni ayağa qaldırdı. 270 min tələbə hərəkata qoşuldu. Tələblərindən biri də qaradərililərə seçki hüququnun verilməsi idi. O, sui-qəsdə uğrayanda cəmi 6% qaradərili seçmək hüququna malik idi.
300 ildən sonra dönüş nöqtəsi
Uzun illər mücadilədən sonra nəhayət ki, 1970-ci illərdən sonra afroamerikalılar dövlətdə polis orqanlarında, bələdiyyədə, Konqresdə və s. yerlərdə işləməyə icazə ala bildilər. Artıq Amerika bütünlüyündə 60% qaradərili seçki hüququ almışdı. 1930-cu il sənədlərində ölkə üzrə 27 min qaradərili universitetlərdə təhsil alırdısa, artıq 1972-ci ildə bu rəqəm 1 milyonu ötmüşdü.
Lakin 1992-ci ildə ölkəni yeni mitinq dalğaları bürüdü. Avtomobili ilə sürət həddini aşan vətəndaş Rodney Kinq polis tərəfindən saxlanıldıqdan sonra ölümcül döyülmüşdü. Polislərin görüntüləri qəzetlərə manşet olmuşdu. Ardınca ölkədə 6 gün davam edən mitinq başlandı, qaradərililər onlara qarşı ayrıseçkiliyin dayandırılmasını tələb etdilər. Polis mitinqləri qanla basdırdı. 50-dən çox dirənişçi meydanlarda silahla öldürüldü.
İl 2005. Amerikanın cənub ştatlarını Katrina qasırğası bürüdü. Bu zaman Orleanın yoxsul qaradərililərindən 2589 nəfəri köməksiz vəziyyətdə həlak oldu. Corc Buş hökumətinin nümayəndəsi isə televiziyada jurnalistin sualına “Vətəndaşlar özləri oranı tərk etməli idilər” cavabını vermişdi. Bu da qaradərililərin bir sıra mitinqlərinə səbəb olmuşdu. Həmin dövrdə İraq və Əfqanıstanda hərbi əməliyyatlar aparan Amerikanın öz vətəndaşlarına qarşı ayrıseçkiliyi dünya dövlətlərinin qınağına səbəb olmuşdu.
2010-cu il statistikasına görə, ABŞ-da qaradərililərin 54%-i ali təhsillidir. Ağdərililərin isə 87%-i ali təshil alıb. Universitetlərdə hələ də ayıseçkiliyə məruz qalan qaradərililər məmnun qalmayıb təhsil ocaqlarını tərk edirlər. Maddi qazanc faizlərinə görə də ağdəriliər daha varlıdırlar və onlara dövlətin bütün idarələrində qapılar açıqdır. Hətta, britaniyalı ekspertin yazdığına görə, Amerika siyasəti bilərəkdən qaradərililəri yoxsullaşdırır, müəyyən yerlərdə qapıları üzlərinə bağlayır ki, onlar oğurluq və müxtəlif cinayətlərlə məşğul olsunlar. Bu da cəmiyyətdə onları etibarı itirmiş vəziyyətə gətirib çıxarır. Hökumət isə, sadəcə qanunlara görə hərəkət etdiyini göstərmiş olacaq.
58 il sonra…
2008-ci il seçkilərində prezidentlik kürsüsünə ilk dəfə bir qaradərili seçildi - Barak Hüseyn Obama. Bütün ölkə afroamerikalıları göz yaşları içərisində qələbəni qeyd edirdilər. Üfüqdə bir ulduz parlayırdı onlar üçün. Artıq hər şeyin bitdiyinə inanırdılar. Doğrudur, Obamanın dönəmində qaradərililə qarşı hər hansı irqi ayırseçkilik olmadı, lakin bu, irqçiliyin aradan götürülməsi də demək deyildi. Obama özü də çıxışlarında hər kəsin bərabərhüquqlu yaşamının təmin ediləcəyini vurğulayırdı. Seçim şüarlarından biri də bu olmuşdu.
Roza Parksın avtobusda başlatdığı, tarixə damğa vuran “Artıq yetər!” inqilabı 58 il sonra bir ABŞ Prezidenti tərəfindən anıldı. Barak Obama Henri Ford muzeyində saxlanılan o məşhur avtobusu ziyarət etdi. Roza Parksın yerində əyləşdi, foto çəkdirdi. Bu foto həm də Amerika tarixində qaradərililərin 400 illik zülmünün qələbə simvolu olmuşdu.
25 may 2020
Corc Floyd - bir neçə dəfə məsuliyyətə cəlb olunmuş şəxs işsizlik səbəbindən saxta pul cinayətindən polis tərəfindən tululur. Onu zərərsizləşdirən polis əlləri bağlı şəkildə yerə uzadır və dizi ilə 8 dəqiqə boyun nəhiyyəsini sıxılı saxlayır. Nəticədə Corc həyatını itirir.
Amerikada bu, növbəti irqçiliyin göstəricisi oldu və insanlar polis maşınlarını, idarələri yandırdılar. Bu dəfə tək qaradərililər deyil, ağdərililər də ümumi mübarizəyə başladılar.
Hələ də aksiyalar davam edir. Hökumətin nə qərar verəcəyi də tarixin səhifələrinə yazılacaq...