Şevçenko: “Nə vaxtadək nazirin dövləti dağıtmasına seyirçi qalacağıq”
Ukrayna Ali Radasının bu gün baş tutan iclasda ölkənin Daxili İşlər naziri Arsen Avakovun istefasına dair məsələ müzakirə olunub. AYNA xarici mediaya istinadən bildirir ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının üzvü Yevgeni Şevçenko həmkarlarını Avakovun istefasına səs verməyə çağırıb.
Deputat sual edib ki, onlar nə vaxtadək Avakovun dövləti dağıtmasına seyirçi qalacaqlar: “Avakovun fəaliyyəti “qırmızı xətt”i keçib. Mən xalq qarşısında deyirəm, “Xalqın xidmətçisi”nin bütün deputatları Avakovun fəaliyyətindən narazıdır. Düzdür Avakov zamanında effektiv nazir olub. Amma indi ölkədə vəziyyət dəyişib. Düşünürəm ki, Daxili İşlər naziri istefaya göndərilməlidir”.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avakova fəaliyyətini düzəltmək üçün vaxt verib. Son bir ildə onun fəaliyyətindən narazı olan insanlar Ali Radanın binası və Prezident Ofisi qarşısında bir neçə dəfə etiraz aksiyası keçiriblər. Artıq Zelenskinin partiyası naziri istefaya göndərməyə tələsirlər.
Qeyd edək ki, erməni əsilli Avakov əvvəlki hökumətin, Pyotr Poroşenkonun dövründən Daxili İşlər naziri vəzifəsində çalışır. Onun adı dəfələrlə qalmaqallı hadisələrdə hallandırılıb. Prezident seçiləndən sonra Poroşenko kabinetinin bütün üzvlərini vəzifədən azad edən Zelenski tək Avakova toxunmamışdı. Bu da Ukrayna ictimaiyyətində bir çox suallara və mülahizələrə səbəb olmuşdu.