10 il əvvəl may ayının əvvəllərində bir qrup azərbaycanlı jurnalist ABŞ-ın paytaxtı Vaşinqtonda olarkən, adətdəndir deyə, Ağ Evin önünə də getdik. Dəmir məhəccərlərlə hasara alınmış Ağ Evin qarşısı həmişəki kimi insanlarla dolub-daşırdı.
Ölkənin başqa ştatlarından kollec, lisey şagirdlərini avtobuslara doldurub paytaxtı ziyarətə gətirmişdilər. Müxtəlif dəri rənglərinə malik şagirdlər toplu şəkildə müxtəlif rəngli köynəklər (sarı, qırmızı, bənövşəyi, yaşıl, mavi) geymişdilər. Bütün qruplarda qaradərili yeniyetmələr vardı.
Qaradərili şagirdlər öz sərbəst, cürətli hərəkətləri ilə ağdərili sinif yoldaşlarından fərqlənirdilər. Loru dildə desək, qaradərilililər əməlli-başlı lotuluq edirdilər. Barak Obamanın prezident olduğu vaxtlar idi, bunu nəzərə alanda onların ötkəmliklərinin səbəbi anlaşılırdı. Artıq qaradərilillər özlərini Vaşinqtonun, ölkənin yiyəsi sayırdılar. Bu görüntünü bir neçə qaradərili yeniyetmənin Ağ Evin dəmir hasarının barmaqlıqlarından yapışıb Obamanın oturduğu binaya tərəf “Blək hauz” (“Qara ev”) deyə bağıraraq qəhqəhə çəkmələri tamamladı. Ağdərili polismen onlara nəzakətlə kənara çəkilmələrini tövsiyə etdi.
Sonra həmin “Qara ev”ə ağdərili, kürən saçlı bir kişi sahibləndi.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməzdən öncə necə işləyəcəyi barədə ölkəyə və dünyaya anons vermişdi. Bu üzdən hamı bilirdi ki, o, öz ən yaxın sələfindən – qaradərili Obamadan, eləcə də o birilərindən çox fərqlənəcək, irqçilik məsələsinə baxışda heç Avraam Linkoln qədər də olmayacaq.
Elə də oldu. ABŞ-da baş qaldıran son irqçilik dalğasının əsas ilhamvericilərinin başında prezident Tramp gəlir. Məhz o, qaradərili senatorlara, qubernatorlara dəfələrlə dəri rənglərinə həqarətli atmacalar ataraq, Afrika, Asiya, hətta Mərkəzi Amerikada doğulanları aşağılayaraq, onları ikinci sort insan kimi qəbul etdiyini göstərərək ölkə vətəndaşlarının bir xeylisinin qəlbinin dərinliklərindəki iqrçilik meyllərini yenidən qızışdırdı. Artıq onlar irqçi olduqlarını gizlətmək məcburiyyəti hiss etmədilər. Vaxtilə qaradərili fəalları terror edən “ku-kluks-klan”çıların züryətləri fəallaşdılar.
ABŞ-ın ayrı-ayrı ştatlarında hüquq-mühafizə orqanlarının işçilərinin qaradərili insanlara qarşı aqressiyasının iki əsas səbəbindən biri məhz püskürmə şəklində büruzə çıxan irqçilik meylləridir.
İkinci səbəb isə qaradərililərin bir xeylisinin gerçəkdən cinayətə meylli olması, qul kimi alınıb ABŞ-a gətirilmiş əcdadlarına görə ağdərililəri günahkar saymaları və onların bərqərar etdiyi qanunlara tabe olmaq istəməməlidir.
Belə bir mühitdəndir ki, bəzən ayrı-ayrı ştatlarda öz şəxsi avtomobili ilə şütüyüb gedən məsum qaradərili sürücü bir neçə dəqiqədən sonra yol polisi tərəfindən güllələnə bilər. ABŞ-da belə hadisələr az qala hər gün baş verir. Özlərini şəhərin, yolların fironu sayan və belə adlandırılmaqdan xoşlanan şeriflər, sıravi polislər hansısa avtomobili saxlayarkən sürücülər son dərəcə ehtiyatlı olmalıdırlar. Onlar əllərini qeyri-ixtiyari ciblərinə və ya avtombilin mücrüsünə atarlarsa, yüzdə əlli halda güllələnirlər. Əgər həmin sürücülər qaradərilidirsə, bu göstərici yüzdə doxsan olur. Onları güllələyən isə əksər halda, ağdərili polislərdir...
Son 3 ildə qaradərili vətəndaşlara qarşı yol verilən yersiz aqressiyaların sayı o qədər çoxdur ki, hazırda insanların Minneapolis şəhərində irqçiliyə qarşı kütləvi aksiyalar keçirməsi normaldır.
Burada hər hansı bir üçüncü qüvənin qızışdırıcılığından, “rus barmağı”ndan, “qara mafiyanın rolu”ndan danışmaq absurddur. Belə olacağı gözlənilirdi.
Bu faktdır ki, ABŞ nə qədər inkişaf etsə də, insanlar nə qədər modern düşüncəyə sahib olsalar da, demokratik dəyərləri, insan haqlarına riayəti nə qədər prioritet saysalar da, bu ölkədə 200 il əvvəlki düşüncədə olan milyonlarla insan var. Onlar bizə Harriyet Biçer Stounun “Tom dayının daxması” və ya Semyuel Nortapın “12 il əsirlikdə” avtobioqrafik romanlarından tanış olan adamlardır – qaradərililəri adam saymayan, hətta iş heyvanından da ucuz tutan, onları alıb-satan, hər dəqiqə qırmancın altına salıb qara-qançır edən, qaçmaq istədikləri vaxt ov tazılarına gəmirtdirən, ananı, atanı, qardaş-bacıları bir-birindən ayırıb başqa-başqa plantatorlara sataraq ailələri dağıdan ağ adamlar...
Bu gün baş verənlər 200-250 il əvvəl bu qitədə olub-keçmiş tarixi haqsızlıqların davamıdır. Yəqin hələ 200 il də davam edər – zaman-zaman artıb-azalaraq, şiddətlənib-səngiyərək.