ABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilib.
L.Termencyan Kaliforniyada fəaliyyət göstərən “Noil Energy Group” və digər bir neçə şirkətin rəhbəridir.
O, Yuta ştatında fəaliyyət göstərən “Washakie Renewable Energy” şirkətinin rəhbərləri Ceykob və Aysia Kinqston qardaşları ilə birgə maliyyə maxinasiyalarına imza atmaqda təqsirli bilinir.
İttihama əsasən, onlar 2010-2016-cı illərdə 1 milyard dollar həcmində vergi saxtakarlığı ediblər. L.Termencyan həm də Lev Aslan Dermen adı ilə tanınır.
2018-ci ilin avqustunda Federal Təhqiqatlar Bürosu (Federal Bureau of İnvestigation - FBI) tərəfindən həbs edilən L.Termencyanın məhkəmə prosesi bu ilin yanvar ayında başlayıb.
Yenə Qarabağ, yenə erməniL.Termencyanın cinayətkar fəaliyyətində siyasi motivlər də mövcuddur. Bu motivlərin əsasında işğalçılıq siyasətinə haqq qazandırmaq, Azərbaycana qarşı təxribatlar dayanır. Düzdür, Termencyanın Azərbaycanın işğal altında olan torpaqlarındakı ambisiyaları, qeyri-qanuni fəaliyyəti istintaqda nəzərdən keçirilmir. Ancaq onun işğalçı Ermənistana dəstəyini ifadə edən faktlar mövcuddur.
Ermənistanda anadan olan L.Termencyan 14 yaşında ikən Los-Ancelesə köçüb.
L.Termencyan və qardaşı Qriqor Termencyan 2000-ci illərdə “Hayastan” Ümumerməni Fondu vasitəsilə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda xəstəxana tikintisi və Ermənistan ərazisində internat evinin inşası layihələrinə dəstək verib.
Bəs vergi cinayətləri nədən ibarətdir?L.Termencyan və Kinqston qardaşları bioyanacaq istehsal edən şirkətlərə istehsalın həcminə görə müəyyən məbləğin geri ödənməsini nəzərdə tutan vergi krediti proqramından sui-istifadə ediblər.
ABŞ hökuməti həmin vergi proqramını daha təmiz yanacağın istehsalını təşviq etmək məqsədilə yaradıb.
Termencyan və Kinqston qardaşları milyonlarla ton bioyanacağı ölkə daxilində müxtəlif limanlara nəql etməklə və xarici ölkələrə daşıyıb geri qaytarmaqla, habelə müvafiq sənədləri saxtalaşdırmaqla, həmin yanacağın istehsal və satışını həyata keçirdikləri ilə bağlı dövlətə yalan məlumatlar veriblər.
Bir sözlə, onlar sözügedən proqram vasitəsilə külli miqdarda vəsait mənimsəyiblər.
Kinqston qardaşları məhkəmə prosesində bu saxtakarlıqları L.Termencyanın göstərişi ilə həyata keçirdiklərini, onun başda Türkiyə olmaqla, bir sıra xarici ölkələrdəki şəxsi və ya digər hesablarına milyonlarla dollar vəsait köçürdüklərini etiraf ediblər.
L.Termencyan hüquq-mühafizə orqanlarında əlaqələrinə arxalanaraq, qanunsuz əməllərə görə narahatlığa əsas olmadığını bildirib. O, Kinqston qardaşlarını arxayın edib ki, onları qoruyacaq.
Qanunsuz əməllərin qazandırdığı pulun yaratdığı hərislik Kinqston qardaşlarını L.Termencyanın Türkiyə və Lüksemburqdakı hesablarına 134 milyon ABŞ dolları məbləğində “zəmanət” pulu köçürməyə təhrik edib.
L.Termencyan və Kinqston qardaşlarına yaxın gələcəkdə hökm oxunacağı gözlənilir.
L.Termencyanın Türkiyədəki əməkdaşlıqları barədə iddialarL.Termencyanın 2018-ci ildə həbsindən sonra onun Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkəti ilə əməkdaşlığı barədə iddialar yayılıb.
Bildirilir ki, 2016-cı ildə ABŞ-da “Palmali USA” şirkəti yaradılıb və qurum Kaliforniya ştatında qeydiyyatdan keçib. Kaliforniya Ştat Katibliyinin rəsmi internet saytında yerləşdirilmiş sənəddə “Palmali USA” şirkətinin rəhbərinin L.Termencyanın oğlu Corc Termencyan olduğu qeyd edilib.
Həmin internet saytında 2019-cu ilin martında şirkətin qeydiyyatının ləğv edildiyini göstərən digər sənəddə isə onun C.Termencyan tərəfindən imzalandığı görünür.
Türkiyə mətbuatında dərc olunan məlumatlara əsasən, C.Termencyan atasının məhkəmə prosesində verdiyi açıqlamada “Palmali USA” şirkətini onun göstərişi ilə “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovla birgə qurduğunu bildirib.
M.Mənsimov isə bunun ABŞ-dakı erməni diasporu tərəfindən onun əleyhinə istifadə olunması məqsədilə təşkil edildiyini qeyd edib.
L.Termencyanın Türkiyədəki digər iş ortağı isə Türkiyənin nəhəng “SBK Holding” şirkətlər qrupunun rəhbəri, ölkənin hakim dairələrinə yaxınlığı ilə seçilən Sezgin Baran Korkmaz olub. Bu ortaqlıq nəticəsində L.Termencyan 2013-cü ildə ABŞ-da “SBK Holding USA” şirkətini yaradıb.
Qeyd edək ki, S.Korkmazın adı 2017-ci ildə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinnin məhkəmə prosesində hallanıb.
Belə ki, S.Korkmazın iş ortağı olduğu iddia edilən Türk-Amerika Biznes Şurasının sədri, biznesmen Ekim Alptekinin “Inovo BV” şirkəti 2016-cı ildə ABŞ-dakı prezident seçkilərindən öncə M.Flinnin “Flynn Intel Group” konsaltinq şirkəti ilə “Fətullah Güləni araşdırmaq üçün” adlı yarım milyon dollarlıq müqavilə bağlayıb.
Məlumatlara görə, D.Trampın seçki kampaniyasına qoşulan və M.Flinnin şirkətində çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin (Central İntelligence Agency - CIA) keçmiş direktoru Ceyms Vulsi 2016-cı ilin 20 sentyabr tarixində S.Korkmaz və E.Alptekin ilə görüşüb.
Qeyd olunur ki, keçmiş “çekist” F.Gülən əleyhinə lobbiçilik fəaliyyəti göstərməyə razılığını bildirib.
Bununla yanaşı, C.Vulsi 2017-ci ildəki açıqlamasında qeyd edib ki, M.Flinn 2016-cı ilin sentyabrında Nyu-York şəhərində Türkiyənin Xarici İşlər və Enerji nazirləri ilə görüşərək, F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə edib.
L.Termencyana görə FBI agentinin də “başı getdi”Maliyyə maxinasiyaları, qaçaqmalçılıq yolu ilə daşımalar, hüquq-mühafizə orqanlarındakı dayaqlar – bu sxem mafiya quruluşunu xatırladır.
İrəli sürülən ittihamlar və təqsirləndirilən Kinqston qardaşlarının dedikləri L.Termencyanın biznesmendən çox mafiya başçısı olduğunu deməyə əsas verir.
Bu işə “çekistlərin” cəlb edilməsi isə mafiyanın yaratdığı mütəşəkkil cinayətkar dəstənin mənzərəsini tamamlayır.
20 il FBI-da xüsusi agent kimi fəaliyyət göstərən Babak Brumand ötən il istefaya çıxsa da, məsuliyyətdən qaça bilməyib. O, 2019-cu ildə FBI və Ədliyyə Departamentinin birgə əməliyyatı çərçivəsində evinin yaxınlığında saxlanılıb.
B.Brumandın erməni mütəşəkkil cinayətkar qrupları ilə əlaqəli olan vəkildən 200 min ABŞ dolları məbləğində rüşvət aldığı iddia edilir.
Həmin vəkilin kimliyi istintaqa könüllü kömək göstərdiyi üçün anonim saxlanılır.
İttihama əsasən, 2014-cü ildə B.Brumandla tanış olan vəkil bir müddət sonra ondan müəyyən məbləğ müqabilində FBI-ın daxili bazasında cinayətkar qrup üçün lazımi məlumatların yoxlanılmasını xahiş edib.
B.Brumand təklifi qəbul edib və həmin vəkildən 2015-2017-ci illərdə hər ay 10 min ABŞ dolları məbləğində rüşvət alıb.
İşin altından isə L.Termencyan çıxıb. Sən demə, Termencyan FBI-da özü barədə hansı məxfi məlumatların olmasını öyrənməyə çalışıb.
Qanunazidd tərəfdaşlıq zamanı vəkil ilk olaraq özü, daha sonra isə işlədiyi erməni əsilli mafiya başçısı L.Termencyan haqqında FBI bazasında hər hansı axtarış xarakterli məlumatların mövcudluğunun araşdırılmasını xahiş edib.
B.Brumand 2015 və 2016-cı illərdə qeyd olunan şəxs barədə vəkilə FBI-ın daxili bazasındakı məlumatları ötürüb və nəticədə, erməni cinayətkarın adından ona aylıq vəsaitdən əlavə 36 min ABŞ dolları dəyərində “Ducatti” motosikleti hədiyyə edilib.
B.Brumand bundan əlavə, L.Termencyanla əlaqədə olan ABŞ Daxili Təhlükəsizlik Departamentinin xüsusi agenti Feliks Sisnerosa qarşı FBI tərəfindən aparılan istintaqa süni maneə törətməkdə də təqsirləndirilir.
B.Brumandın hazırkı qanunvericiliyə əsasən, 5 ilədək müddətə həbs olunacağı gözlənilir.oxu.az
Aqşin Kərimov