Rusiyanın Voronej hava limanının yaxınlığında üç ağır yük maşını ilə on tonlarla ağırlığında qaçaqmal siqaret saxlanılıb.
Moderator.az xəbər verir ki, erməni saytlarının verdiyi məlumatda deyilir ki, sonradan siqaretlərin Stavropola çatdırılmalı olduğu bildirilib. Bəzi məlumatlara görə, qanunsuz yüklər Ermənistandan mayın 9-da gəlib.
Xatırladaq ki, bundan əvvəl, aprelin 25-də Rusiya “FSB” əməkdaşları gömrük xidməti ilə birlikdə Krasnodar şəhərinin hava limanında Ermənistandan gətirilmiş külli miqdarda siqaret partiyası saxlamışdılar. Siqaretlər işğalçı ölkənin Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə İrəvandan uçub və sənədlərə görə, Əfqanıstana getməli olub. Ümumi çəkisi 40 tona yaxın olan yük saxta yükləmə sənədləri ilə müşayiət olunub. Hazırda bu hadisə ilə bağlı da araşdırma aparılır.
Qeyd edək ki, Krasnodarda saxlanılan qaçaqmal siqaretin baş nazir N. Paşinyanın qaynına məxsus olması haqda da xəbərlər yayılmşdı.