Türkiyədə dərc edilən “Gerçək Həyat” jurnalı dünyanın ən ikiüzlü terror təşkilatlarından olan FƏTÖ-nün yüzillik hekayəsini xüsusli buraxılışında əks etdirib. Xüsusi buraxılışda FƏTÖ və təşkilatın ABŞ-ın Pensilvaniya ştatında qərargah qurmuş başçısı Fətullah Gülənə dair maraqlı məlumatlar və xəbərlər yerləşdirilib.
“Gerçək Həyat” (Gerçek Hayat) jurnalının xüsusi buraxılışında FƏTÖ xəyanət şəbəkəsinin gen xəritəsi də aşkara çıxarılıb. Terrorçuların başçısı Fətullah Gülənin gizli təşkilatlarla, masonlarla əlaqələri, bu günə qədər dərc edilməmiş məlumatlar, sənədlər, detallar bəyan edilib.
İNÖNÜ və GÜLEK ilə əlaqələri
Təşkilatın qurulmasının məqsədi ilə yanaşı təşkilatlanma modeli də ən incə detallarına qədər göstərilib. Dövlətin ən incə kapilyar damarlarına qədər sızan təşkilata yol açan yerli və xarici havadarları ifşa edilib. CHP-nin başçısı İsmet İnönü və CHP-nin qüdrətli mason baş katibi Kasım Gülek tərəfindən Gülənin necə dəstəkləndiyi, 27 may Milli Birlik Komitəsinin baş katibi polkovnik M. Şükran Özkaya və jurnalist İnal İnançın arxivindən çıxan xüsusi sənədlərlə ifşa edilib.
Qaranlıq əlaqələr şəbəkəsi
Türkiyənin IX prezidenti Süleyman Dəmirəl, yəhudi biznesmen İshak Alaton, CHP-dən olan keçmiş millət vəkili Aydın Bolak, Vehbi Koç, xüsusi təyinatlı hərbçi Resat Taylan, CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – MKİ) Yaxın Şərq rəhbəri Qraham Fuller, Amerika Yəhudi Təşkilatının başçısı Abraham Foksman və CIA agenti Henri Barkey kimi şəxslərin FƏTÖ-nün qurulması, inkişafı və yayılması üçün etdikləri yardımlar ətraflı şəkildə göstərilib.
Soy ağacı İrana gedir
Xüsusi buraxılışdakı ən diqqətəlayiq dosyalardan biri terrorçu Fətullah Gülənin şübhəli soy ağacı və avtobioqrafiyası olub. Dosyada Gülənin soyunun İran ermənilərindən gəldiyi göstərilib: “Baş terrorçu Gülənin atası Ramiz de-fakto Van-Erciş-Hevirzokda doğulsa da, doğum sənədinə Hasankale qeyd edilib. İrandaki 1852-ci il Babilər (Bahai) üsyanına qoşulan ata-babaları anadoluya qaçmış ermənilərdir. Terrorçuların başşısı Gülənin anasının sənəddəki qızlıq adı Rebia olub, evləndikdən sonra adını dəyişdirərək Rabia yazdırıblar. Məzar daşında Refia yazılsa da, ailə daxilindəki adı Rabindir. Gülən 1986-cı ildə pasport alarkən anasının bu 3 adından Rabini yazdırıb”.
Dövlətə sızması
Gülənin dövlətə sızma hekayəsi də xüsusi buraxılışda qeyd edilib. Yaşının çatmadığı halda, məscidə imam (molla) təyin edilməsi, heç məktəbə getmədiyi halda ibtidai məktəbi bitirdiyi barəsində sənəd alması, dövlət məmuru ola bilməsi üçün yaşının artırılması və CHP ilə ilk təması sətir-sətir yazılıb. Gülənin ən böyük hamilərindən olan diyanət işləri nazir müavini Yaşar Tunagürün portreti də dərc edilib.
Tunagürü FƏTÖ öldürüb?
Mason mənəvi rəhbərliyi ilə yaxın təması olan Tunagürün şəxsən hamilik etdiyi Gülən tərəfindən öldürülmüş ola biləcəyi də xüsusi buraxılışda əksini tapıb. Oğlu Mehmet Tunagürün dediklərinə görə, xəstəxanada müalicə alan Tunagür evə buraxıldığı üçün əşyalarını toplayır. Xəstəxanadan çıxmasına dəqiqələr qalmış son dəfə müayinə edilməsi üçün həkimlər ona baş çəkir. Həkimlər getdikdən sonra Tunagür yenidən yatağa düşür və iki saatdan sonra ölür. Bu xəstəxana Səma xəstəxanasıdır. Həmin Səma xəstəxanasında, deyilənə görə, son anda Hakan Fidan mane olmasaydı, Rəcəb Tayyib Ərdoğan da əməliyyat masasından bir daha durmayacaqdı…
Dialoq fitnəsi necə quruldu?
FETÖ-nün ən böyük fitnələrindən olan “dinlərarası dialoq” layihəsinin kökləri də xüsusi buraxılışda araşdırılıb. “İbrahimi dinlər layihəsi başlanır” başlıqlı dosyada qısa şəkildə açağıdakı məlumatlar verilib: “Masonlar 1955-ci ildə İstanbulu üç dinin paytaxtı eləmək də daxil olmaqla “Dinlərarası dialoq və tolerantlıq” layihəsini işə salır. 1960-cı il çevrilişi ilə layihə yarımçıq qalır. 1963-cü ildə mason Gülənə həvalə edilir…” (Hurriyyet.org)