Avropa karantindən çıxır: Hər şey normala dönməyə başlayıb


Avropa karantindən çıxır: Hər şey normala dönməyə başlayıb

Məsafə qorumaq və tibbi maskadan istifadə tövsiyəsi qüvvədədir

 

Havaların isinməsi, sərt tədbirlər və qadağaların tətbiqindən sonra, koronavirusdan ən çox təsirlənən coğrafiyaya çevrilən Avropada həyat normala dönməyə başlayıb. AYNA xəbər verir ki, artıq İsveçrədə 4 nəfərdən ibarət qrupların restoranlara getməsinə icazə verilib. İtaliyada isə müəssisələr yenidən açılıb.

 

Almaniyada məktəblər, restoran və kafelər açılsa da, maskasız daxil olmaq qadağandır. Belə ki, müştərilər öncədən sifariş verməli, sonra isə vaxta uyğun restorana gəlmədirilər. Bu da sosial məsafənin qorunmasına xidmət edir. Bununla yanaşı, Almaniyada yığıncaqlar və toyların keçirilməsi hələ də qadağandır. Otellər isə bu ayın sonundan etbirən yenidən açılacaq.

 

16 min 500 yoluxma hadisəsi və 629 ölümlə koronavirus böhranını böyük ölçüdə dəf edən Avstriya da, normal yaşama keçməyə çalışan ölkələrdəndir. Avstriya, artıq Almaniya ilə sərhədini də açıb. Eyni zamanda, Çexiya, Slovakiya, Macarıstan və Sloveniya dünən gecədən etibarən sərhədlərini açıb. Lakin səfər etmək istəyənlər əvvəlcədən ad, soyad, ünvan, getmək səbəbi və qalacağı günləri əks etdirən bir forma doldurmalıdırlar.

 

Normallaşma prosesində olan digər ölkə - İsveçrədə də, qaydalarda yumuşalma tətbiq olunub. Müəyyən olunmuş qaydalar çərçivəsində ticarət yerləri, bazarlar, muzeylər, kitabxanalar, idman mərkəzləri, restoran və kafelər açılıb.

 

Toy və cənazə mərasimləri 30 nəfərin məsafəli iştirakı və maskalarla mümkün olacaq. Zooloji bağlar, botanika bağları və təbii parklar qaydalara riayət etmək şərti ilə ziyarət edilə bilər. Fərdi idman növlərində heç bir məhdudiyyət yoxdur. Növbəti açılış isə iyunun 8-də olacaq.

 

 

İtaliyada bu gün bərbərxanalar, muzey, restoran, bar və kafelər yenidən fəaliyyətə başlayıb. Bundan əlavə, ticarət mərkəzləri və mağazalar da işə başlayıb. 

 

Çexiyada da, dünəndən etibarən karantin qaydaları yumuşaldılıb. Artıq muzeylər, teatrlar və kinoteatrlar açılıb. Toy, əyləncə və şənliklər məsafə qorumaqla baş tuta bilər. Maska taxmaq öhdəliyi isə mayın 25-dək davam edəcək.

 

Fransa cümə günündən etibarən Almaniya ilə sərhədlərini açıb. Ancaq gediş səbəbi və şəxsiyyət məlumatları verilməklə ölkəyə daxil olmaq mümkündür. Evli və fərqli ölkələrdə yaşayan cütlüklər birlikdə yaşadıqlarını sübut etməlidirlər.

 

Belçikada da bərbərxanalar, kosmetika studiyaları, xidmət sektoru fəaliyyətə başlayıb. Məsafə qaydasını gözləməklə vətəndaşlar hərəkət edə bilərlər. 

Tarix: 18-05-2020, 23:31
Xəbəri paylaş



Xəbər lenti