Vaxtilə heç bir vergi tətbiq etməməsiylə məşhur olan Səudiyyə Ərəbistanı Əlavə Dəyər Vergisini (ƏDV) 5%-dən 15%-ə qaldırdı, növbəti aydan etibarənsə sosial yardımları dayandıracaq.
Bunlar dünya miqyasında neftin keçən illə müqayisədə iki dəfə ucuzlaşması, dövlətin gəlirlərinin 22% azalması və böyük neft layihələrinin hələlik təxirə salınması fonunda baş verir.
Dövlət neft şirkəti “Saudi Aramco” xam neftin hədsiz ucuzlaşmasını səbəb göstərərək ilin ilk rübündə gəlirlərinin 25% azaldığını açıqlayıb.
“Bu tədbirlər xərcləri təcili surətdə azaltmaq və neft qiymətlərini sabitləşdirmək zərurətindən xəbər verir. Krallığın iqtisadiyyatı bərbad vəziyyətdədir və normallaşması üçün xeyli vaxt lazım gələcək” – İran körfəzi ölkələri üzrə mütəxəssis Michael Stephens belə deyir.
Koronavirus pandemiyası əksəriyyəti qələbəlik yerlərdə və antisanitariya şəraitində yaşayan milyonlarla asiyalı peşəkar olmayan işçidən asılı olan ölkə iqtisadiyyatına böyük zərbə vurur.
Öz ölkəsində hələ də populyar olan vəliəhd şahzadə Qərbdə Səudiyyə Ərəbistanının müxalif mövqeli jurnalisti Camal Kaşıqçının ölümündə günahkar hesab edilir.
Kaşıqçı 2018-ci ildə bu ölkənin İstanbuldakı Baş Konsulluğunda hökumət agentləri tərəfindən öldürülüb doğranandan sonra beynəlxalq sərmayəçilərin bu ölkəyə etibarı azalmışdı və hələ də tam bərpa olunmayıb.
Qonşu Yəməndəki müharibə beş ildən çoxdur ki, Səudiyyə Ərəbistanının xəzinəsini boşaltmaqda davam edir, amma ortada hələ də konkret bir nəticə yoxdur. Bundan başqa, Qətərlə konflikti üzv olduğu Körfəz Əməkdaşlıq Şurasındakı (GCC) ölkələr arasında birliyi pozub (ən azı görünən səviyyədə).
Səudiyyə Ərəbistanı həqiqətən də böyük problemlərlə üz-üzədirmi?
Bu suala cavab vermək üçün mövzunu bir az genişləndirmək lazımdır. Koronavirus pandemiyası digər ölkələr kimi Səudiyyə Ərəbistanının da iqtisadiyyatına böyük ziyan vurub.
Ölkənin Dövlət İnvestisiya Fondunda təxminən 320 milyard dollar civarında vəsait var.
Böyük hissəsi dövlətə aid olan “Saudi Aramco” şirkətinin keçən ilki dəyəri 1,7 trilyon dollar olub – “Google” və “Amazon” şirkətlərinin birgə dəyəri qədər.
Sədudiyyə Ərəbistanı şirkətin çox kiçik bir qismini – sadəcə 1,5%-ini 25 milyard dollara sataraq tarixin ən böyük ictimai satışını reallaşdırıb.
Britaniyanın 2007-2010-cu illər aralığında bu ölkədə səfiri olmuş William Patey deyir ki, “Səudiyyə Ərəbistanının quruluşunda önəmli bir davamlılıq var. Uzun müddət dözməyi təmin edə biləcək çox böyük ehtiyatlara sahibdir və neftin ucuzlaşdığı indiki vəziyyətədən belə bazar paylarını qoruyaraq və hətta böyüdərək çıxa bilərlər”.
Ötən ilin sentyabr ayında neft emalı zavodlarına olan hücumlardan və dekabr ayında İnqilab Keşikçilərinin komandiri Qasım Süleymani ABŞ tərəfindən öldürələndən sonra İrandan gələn təhlükə hələ ki, azalmış görünür. Pentaqon təcili müdafiə tədbiri olaraq göndərdiyi “Patriot” raket batareyalarını bu ay geri götürüb.
İŞİD və “Əl-Qaidə” üzvlərindən gələn təhlükə tam olaraq aradan qalxmasa da, xeyli səviyyədə azalıb. Ancaq Səudiyyə Ərəbistanı ciddi problemlərlə üz-üzədir.
Kəmərsıxma tədbirləri iqtisadiyyatı genişləndirmək hədəfi qoyulmuş, böyük planlardan parlaq gələcək gözləyən çox sayda insanın xoşuna gəlməyəcək.
Hətta maliyyə naziri də onları “ağrılı tədbirlər” adlandırıb. Dövlət bu yolla 26 milyard dollar qənaət etməyi planlaşdırır, ancaq “Covid-19” pandemiyası və neft qiymətlərindəki kəskin azalma Mərkəzi Banka təkcə mart ayında bu məbləğə başa gəlib.
Fotonun müəllifiAFPImage captionİqtisadiyyatdakı problemlər böyük investisiya layihələrinə mane olub
Bu ilin ilk rübündə 9 milyard dollarlıq büdcə kəsiri yaranıb.
Səudiyyə Ərəbistanı əvvəlki illərdə də kəmərsıxma tədbirlərinə əl atıb. 1998-ci ildə GCC-nin Abu Dabidə keçirilən zirvə toplantısında vəliəhd şahzadə Abdulla körfəz ölkələrinin liderlərinə sərt şəkildə xəbərdarlıq edərək “Neftin bareli 9 dollardır. Yaxşı zamanlar geridə qaldı və geri dönməyəcək. Hamımız kəmərləri saxmalıyıq” demişdi.
Sonradan bir barelin qiyməti 100 dolları keçdi, ancaq hökumət artıq işə götürmələri dondurmuş və bütün ölkə boyu inşaat layihələrini yavaşlatmışdı.
Bu dəfə vəziyyət daha ağır ola bilər.
Həm koronavirus pandemiyası, həm də neftin ucuzlaşması ölkədəki bütün layihələrə zərbə vurub, vəliəhd şahzadənin “Baxış 2030” proqramının real olub-olmamasıyla bağlı suallar çoxalıb.
Ancaq Səudiyyə Ərəbistanı göz yumulması mümkün olmayacaq qədər böyük və önəmli bir iqtisadiyyata malikdir.
Ötən günlərdə bu ölkə “Newcastle United” futbol klubunun 80%-ini almaq üçün böyük səs-küyə səbəb olacaq investisiya qoyuluşuna cəhd etdi. Kaşıqçının nişanlısı Hatice Cengiz etik baxımdan doğru hesab etmədiyi bu alqı-satqıya qətiyyətlə etiraz edir.
ABŞ və Britaniyanın dəstəyi, qismən də Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin iştirakıyla davam edən Yəmən müharibəsinin bütün iştirakçıları müharibə cinayətləri törətməkdə ittiham olunurlar.
Hava hücumları nəticəsində mülki əhali arasında itkilərin artması Vaşinqtonda və digər paytaxt şəhərlərdəki tənqidçilərin də sayını artırıb.
Bu müharibə ərəb dünyasının ən yoxsul ölkəsi olan Yəməndə hər hansı bir nəticəyə də gətirib çıxarmadı.
Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın iki ən etibarlı müttəfiqi ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putindir.
Ancaq bu il neft klapanlarını açıb bazarı qəsdən neftlə dolduran şahzadə hər iki ölkənin iqtisadiyyatına ziyan vurmaqla onların da qanını qaralda bilib.
İranla soyuq müharibə halında olan Səudiyyə Ərəbistanı qonşu Qətərlə də konflikt halındadır.
Vəliəhd şahzadə ölkədə sürətli bir sosial liberallaşma proqramı reallaşdırır. Qadınların avtomobil idarə etməsinə olan qadağa aradan qaldırılıb, hər iki cinsin qatıldığı konsertlərin keçirilməsinə, avtomobil yarışlarına və film nümayişlərinə icazə verilib.
Bu gün Səudiyyə Ərəbistanı keçmişlə müqayisədə və ən azı ilk baxışda daha az mühafizəkardır.
Ancaq siyasi təzyiqlər artıb, vəliəhd şahzadənin siyasətini şübhə altına almağa cəsarət edənlər belə həbs təhlükəsiylə və “milli təhlükəsizliyə təhdid” ittihamıyla üzləşirlər.
Məhkəmə qərarlarıyla baş kəsmələr eyni sürətlə davam edir və Səudiyyə Ərəbistanı hələ də insan haqlarının vəziyyətinə görə ən sərt tənqid edilən ölkələrdən biridir.
Bütün bunlar ölkənin dünya iqtisadiyyatında böyük bir oyunçu olaraq qaldığını göstərir. G20-nin noyabr zirvə görüşü burada keçiriləcək. Ancaq müttəfiqləri hələ də rəsmi Ər-Riyadı bəzən problemlər yaradan ortaq olaraq görürlər.
34 yaşlı şahzadə Məhəmməd ibn Salmanın vəliəhdliyi mübahisəsiz görünür. 84 yaşlı atası kral Salman onu dəstəkləyir və taxta rəqib ola biləcək şəxsləri sistematik olaraq zərərsizləşdirir.
Məsələn, vəliəhd şahzadə titulunu 2017-ci ildə – bir saray çevrilişi nəticəsində əldə etmiş əmisi oğlu Məhəmməd ibn Nayef həbs olunan və gücsüzləşdirilən çoxsaylı saray mənsubundan biridir.
Yaşlı və daha mühafizəkar səudlar arasında Məhəmməd ibn Salmanın yeni islahatlarını təhlükəli hesab edənlər var. Ancaq danışmağa heç kimin cəsarət etmədiyi “bir qorxu mühitinin” mövcud olduğu da deyilir.
Xaricdəki imicindən fərqli olaraq öz ölkəsində, xüsusilə də gənclər araslnda vəliəhd şahzadə xeyli populyardır.
“Verdiyi azadlıqlardan ən çox gənclər faydalanır. Ölkədə hələ də çox böyük dəstəyi var” – William Petty belə deyir.
Bu populyarlığın əsasını qismən yeni başlamış və gənc şahzadədə təcəssüm etmiş səud millətçiliyi təşkil edir.
Ancaq daha geniş miqyasda dəstəyin səbəbi onun parlaq bir gələcək təmin edəcəyinə bəslənən ümidlərdir.
Bu ümidlər doğrulmasa və vəd edilən məşğulluq sahələri yaradılmasa, kraliyyət ailəsinin mütləq hakimiyyəti indikindən daha az etibarlı görünməyə başlaya bilər.
BBC