Postsovet ölkələri bir-birinin ardınca karantin rejimini yumşaldır, həyatı bərpa edir. Belarus onsuz da məhdudlaşdırmanı yaxına buraxmamışdı. Estoniya, Latviya və Litva mayın 15-dən öz aralarındakı sərhədləri açır. Ukrayna da karantin rejimindən çıxmaq qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bu ölkədə stomatoloji klinikalar, notarial kontorlar, qeyri-ərzaq mağazaları, uşaq meydançaları, muzeylər, kitabxanalar, parklar, yay terraslarındakı kafelər insanların üzünə açılıb. Sadəcə, əvvəlki kimi sosial məsafə qorunmalıdır.
“Bu gün biz qonaqlara gül dəstəsi bağışlayırıq. Böhrandan çıxacağımıza, borcları qaytaracağımıza ümidimiz böyükdür. İki ay işləməmişik, təkcə icarə haqqı üçün xeyli borcumuz yığılıb”, - “Maleviç” Ukrayna şərabı barının sahibi Mitya Yatim belə deyir.
Bərbərxanalar, gözəllik salonları da işə düşüb. Amma müştərilərin temperaturunu ölçmək, qayçıları, darağı dezinfeksiya etmək, yalnız maskada işləmək lazımdır.
“Barberşopların çoxu bağlandı. Karantin sınağından çıxa bilmədilər. Yenə bağlanan yerlər olacaq. Hələ karantinə qədər əziyyət çəkən bərbərxanalar vardı. Çox az qazanırdılar”, - “Tsiryulnik” şəbəkəsinin rəhbəri Andrey Ostapçuk bu sektordakı vəziyyəti izah edir.
Kiyevin meri Vitali Kliçko deyib ki, şəhər sakinləri kütləvi şəkildə Ukrayna Səhiyyə Nazirliyinin tövsiyələrini qulaqardına vurmağa başlayıb. O, virusa yoluxanların sayının artacağı təqdirdə karantin qaydalarının sərtləşdiriləcəyini bildirib.
İndiyə qədər Ukraynada 16 min virus daşıyıcısı qeydə alınıb. Pandemiya 425 ukraynalının həyatına son qoyub.