“Moskvada real ölüm sayı rəsmi rəqəmlərdən 3 dəfə çoxdur” - Nüfuzlu Rusiya nəşrindən ilginc iddia



Rusiya paytaxtında ötən ay ümumilikdə 11846 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölənlərin yalnız 658 nəfəri “COVİD-19”-un qurbanı olub.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanin məşhur nəşrlərindən olan “Novaya Qazeta” Moskvada koronavirus səbəbindən ölüm hallarına dair rəsmi statistikanın geçəkliyi əks etdirmədiyilə bağlı məqalə dərc edib:“Moskvada “COVİD-19”-dan real ölüm sayı rəsmi rəqəmlərdən 3 dəfə çoxdur” deyə bildirən qəzet qeyd edir ki, paytaxtda aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1855 nəfər artıq ölüm halı qeydə alınıb. Bu olduqca böyük say fərqinin yalnız üçdə birinin koronavirusla əlaqələndirilməsini düzgün saymayan nəşr iddia edir ki, Rusiyada “COVİD-19”-la bağlı düzgün statistika aparılımır: “Con Hopkins Universitetinin göstəricilərinə görə, Rusiyada “COVİD-19”-dan ölüm səviyyəsi cəmi 0.9 faizdir. Bu, koronavirusa yoluxma sayı 40 mindən artıq olan ölkələr sırasında ən aşağı göstəricidir. Lakin mütəxəssislər qeyd edir ki, Rusiyada “COVİD-19”-dan ölüm hallarına dair statistika həqiqəti əks etdirmir. Burada söhbət bilərəkdən manipulyasiyaya yol verilməsindən daha çox, hesablama metodikasının mükəmməlikdən çox uzaq olmasından gedə bilər.”

Qəzet qeyd edir ki, pandemiyanın başlandığı ilk dövrdən demək olar bütün dövlətlər bu virusla bağlı düzgün statistika aparmaqda çətinlik çəkdilər. Ona görə də ayrı-ayrı dövlətlər “COVİD-19”-la bağlı fərqli hesablama metodikalarından istifadə etdilər. Məsələn, ABŞ kimi elə ölkələr oldu ki, gerçək ölüm səbəbinin başqa xəstəliklər olmasına rəğmən, həmin şəxslərdə aparılan test “COVİD-19” aşkar edibsə, onlar koronavirusdan ölmüş kimi qeydiyyata alınıblar. 

Ancaq Rusiya da daxil olmaqla elə ölkələr var ki, bu statistika fərqli aparılır və birmənalı olaraq həkimlər tərəfindən ölümün yalnız koronavirus səbəbindən baş verdiyi təsdiqlənərsə, həmin xəstələr “COVİD-19”-dan ölmüş kimi qeydə alınır. Lakin mütəxəssislər bu zaman obyektivliyə riayət olunmadığını iddia edirlər. Rusiyada koronavirusdan ölüm səviyyəsinə dair statistikanın 0.9 faiz kimi aşağı olması da bununla əlaqədardır.

Çünki elə həmin Moskvada son bir neçə illə müqayisədə aprel ayında ölənlərin sayının 1855 nəfər artıq olması təsadüf sayıla bilməz. Mütəxəssislərin fikrincə, əksinə, koronavirus nəzərə alınmasa, karantin səbəbilə avtomobil hərəkəti sıxlığından yaranan qəzalardan, eləcə də qətl hadisələrindən və digər növ qəzalardan ölənlərin sayının azalması ümumilikdə ölüm statistikasını “aşağı çəkməli” idi. 

Lakin bu baş vermədi və ölüm statistikası kəskin şəkildə çoxaldı. Bu isə qəzetin müraciət etdiyi mütəxəssislərin fikrincə, ölüm sayının artmasının məhz koronavirusla bağlı olduğunun, apreldə virusdan ölənlərin sayının rəsmi statistikada göstəriləndən qat-qat daha çox olduğunun sübutudur.

Məsələn, “The Moscow Times” dərgisinə açıqlama verən Moskva Ali İqtisadiyyat Məktəbinin demoqrafiya üzrə mütəxəssisi, dossent Sergey Timonin bildirib ki, Moskvada koronavirusdan ölənlərin yalnız 35 faizi rəsmi statistika tərəfindən qeydə alınıb. Sadəcə, həkimlər belə qərara gəliblər ki, pandemiya ilə bağlı rəsmi statistikanın qeydə almadığı 1000-dən artıq şəxs məhz koronavirusun deyil, onunla paralel mövcud olan digər xəstəliklərin qurbanı olublar.

Bu statistikanın qüsurlu olduğunu isbat etməyə çalışan “Novaya Qazeta” yazır ki, məsələn Fransa, İsveçrə, İspaniya və Böyük Britaniya kimi ölkələrdə ötən ilin aprel ayı ilə müqayisədə qeydə alınan ümumi ölüm sayındakı artım göstəricisilə koronavirusla bağlı ölüm sayları təxminən üst-üstə düşür. Yəni ölüm sayındakı artım birbaşa koronavirusla əlaqələndirilmiş olur. Rusiyada isə ümumi ölüm sayındakı real artımın yalnız üçdə biri koronavirusla əlaqələndirilir. Yerdə qalan hissə ilə bağlı isə heç bir inandırıcı izahat verilmir.

Bu arada qəzet daha bir maraqlı statistikanı diqqətə çatdırır. Maraqlıdır ki, Moskvada məsələn 2016-cı ilin dekabrında ölənlərin ümumi sayı cari ilin aprelində, yəni pandemiyanın geniş yayıldığı dövrdəki ölənlərin sayından çox olub - 12080 nəfər. Bunun səbəbi isə 2016-cı ilin dekabrında paytaxtda hökm sürən “qrip epidemiyası”dır. 

Bu da belə qənaət yaradır ki, “qrip epidemiyası” koronavirusdan daha çox ölüm hallarına səbəb olubmuş. Daha maraqlı statistika isə odur ki, son on il ərzində Moskvada ən çox ölüm halı qeydə alınan ay 2010-cu ilin avqustu olub. 

Həmin ayda ölənlərin sayı 15 min nəfəri ötüb ki, bu da 2010-cu ilin avqustunda Moskvada anomal istilərin müşahidə olunmasıyla əlaqədardır. Deməli, bu statistikaya görə, anomal istilər, “qrip epidemiyası” kimi hallar heç də koronavirusdan az təhlükəli deyilmiş...


Tarix: 12-05-2020, 14:39
Xəbəri paylaş



Xəbər lenti