İngiltərə də karantin rejimindən imtina etməyə hazırlaşır – Bəs biz; yoxsa hamıdan “gözü qarayıq”?



 
Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa qarşı tədbirlərinin necə aradan qaldırılacağını əks etdirən 50 səhifəlik yol xəritəs yayımlayıb.
 
Ovqat.com xəbər verir ki, hökumətin hazırladığı yol xəritəsini ictimaiyyətə Baş nazirin özü təqdim edib.



 

B.Conson karantin rejiminin ləğvinin hansı zərurətdən doğduğuna belə aydınlıq gətirib:
 
"Kütləvi bir peyvənd və ya müalicə yolunu tapmaq bir ildən çox  çəkə bilər. Ən pis ehtimal isə bu peyvəndin ümumiyyətlə, heç vaxt tapılmamasıdır”. 
 
Dediyinə görə, bu ehtimalları nəzərə alan Conson  epidemiya ilə mübarizə və normal həyata qayıtmaq planlarının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.
 
 
 
Dünən xalqa müraciətində B.Conson koronavirusla mübarizədəki bu qeyri-müəyyənliyə rəğmən, izoliyasiya tədbirlərinin davam etdirilməsinin iqtisadiyyata ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, hökumət sözügedən amillərı əldə rəhbər tutaraq ayyarımdır davam edən karantin qadağalarının ləğvi barədə düşünür və bu məqsədlə hazırlanan Yol xəritəsində  3 mərhələ nəzərdə tutulur.
 
İlk mərhələdə tikinti və ya fabrik işçiləri kimi evdə çalışa bilməyən insanlar artıq işə qayıda biləcəklər. Onlardan sadəcə işə ictimai nəqliyyatla getməməyin, işdə  isə ünsiyyət məsafəsini qorumağın və diqqətli olmağın tələb ediləcəyini bildirən Conson çərşənbə günündən (artıq sabahdan) etibarən bütün hər kəsin məhdudiyyətsiz çölə çıxa biləcəyini açıqlayıb.


 
''İkinci mərhələdə məktəblər, üçüncü mərhələdə isə otellər açılacaq'',-Baş nazir belə deyib.
 
İkinci mərhələdə bəzi böyük mağazaların da açıla biləcəyini vurğulayan B.Conson alış-veriş mərkəzlərində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin tam aradan qaldırılmasının yalnız 3-cü mərhələdə mümkün olacağını bildirib.



 

İngiltərədə 23 martda başlayan və 16 apreldə davamına qərar verilən məhdudiyyətlərə əsasən, insanlar yalnız təməl ehtiyaclarını ödəmək, alış-verişə çıxmaq, gündə bir dəfə idman, və başqalarına kömək etmək üçün küçəyə çıxa bilərdilər. Dolayısıyla Azərbaycanda həyata keçirilən sərt karantin rejimi Böyük Britaniyada zatən mövcud deyil. Sadəcə marketlərin, aptek və restoranların xidmət göstərdiyi ölkədə digər ictimai fəaliyyətlərin qadağan edildiyi vurğulanır.
 
Bizimlə müqayisədə xeyli sərbəst olan ingilis xalqı artıq bu yumşaq karantin rejimindən də imtina etməyə hazırlaşır. Baxmayaraq ki, İngiltərə dünyada koronavirusa ən çox qurban verən ikinci ölkədir və rəsmi London pandemiya ilə mübarizəyə 500 milyard dollardan çox maliyyə ayırıb.


 
Sözsüz ki, Böyük Britaniyanın bu “mülayimliyi” xeyli itkilərə də səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, İngiltərədə 223 mindən çox insan koronavirusa yoluxub, onlardan 32 min 065 nəfər isə dünyasını dəyişib. İndiyədək nə qədər xəstənin sağaldığı məlum olmayan ölkədə hazırda koronavirusla ölüm-qalım mübarizəsi aparan 1559-u ağır olmaqla 190 mindən artıq aktiv virus daşıyıcısı var. Karantin tədbirlərinin tamamilə ləğvi isə, sözsüz ki, koronavirus qurbanlarının sayını daha da artacaq.
 
Bununla belə, koronavirus təhlükəsinin nə qədər davam edəcəyi, ümumiyyətlə qarşısının alınıb-alınamayacağı bilinmədiyindən rəsmi London öz mülayim karantin rejimindən də imtina etmək barədə düşünür.


 
Yeri gəlmişkən, bu, yalnız Böyük Britaniyanın həyata keçirdiyi siyasət də deyil. Hələ də koronavirus epidemiyasının yayılma qrafikinin pik nöqtəsindən kənarlaşa bilməyən ABŞ da, ən çox yoluxma hallarının aşkarlandığı ikinci ölkə olan Rusiya da iqtisadiyyatı məhvə sürükləyən karantin rejimlərindən imtina etməyə başlayıblar.
 
Dünyada koronavirus epidemiyasının ən az yayıldığı ölkələrdən olan Azərbaycanda isə vətəndaşlar ibtidai sinif şagirdləri kimi bayıra çıxanda Operativ Qərargahdan icazə alırlar. Əks təqdirdə aylıq qazancının mühüm hissəsini cərimə kimi ödəməyə məhkumdurlar. Ən pisi isə odur ki, bu ev dustaqlığımızın nə zaman sona çatacağı da bəlli deyil. Ən azı ona görə ki, koronavirus təhlükəsinin qiyamətə qədər davametmə ehtimalı istisna edilmir.


 
Ümidvarıq ki, Operativ Qərargah dünya ölkələrinin karantindən çıxma təcrübəsindən yararlanaraq, iqtisadiyyatımızın normal işləməsi qarşısında yaratdığı maneələri tədricən aradan qaldıracaq. Zira bütün bəşəriyyət kimi biz də koronavirusla üzləşməli, istəsək də, istəməsək də həyatımıza bir daha çıxmamaq üçün gələn “əsrin vəbası” ilə birgə yaşamağı öyrənməliyik və ömrümüzün sonuna qədər yuvamıza çəkilib aqibətimizin necə olacağını gözləmək şansına malik deyilik.
Tarix: 12-05-2020, 11:53
Xəbəri paylaş



Xəbər lenti