TÜRKİYƏNİN “QIRMIZI CİZGİLƏRİ”ni SOLDURACAQ MƏKTUB:Ankara ABŞ-la münasibətləri niyə yumşaldır? - TƏHLİL


Mehmet Ali Güller

“Cumhuriyet” qəzeti

 

Türkiyə epidemiya ilə mübarizədə yardımlaşma və dəstək üçün ABŞ-a səhiyyə vəsaitləri göndərib. Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu yardımla COVİD-19 ilə mübarizədə dünyanın ən çox tibbi dəstək verən üçüncü ölkəsi olduğumuzu bəyan edib.

Nə xoş bizə!

Bu yaxınlarda M.Çavuşoğlu “Tibbi avadanlıqlara ehtiyacımız olsa da,  34 ölkəyə əl uzada bildik” açıqlamasını vermişdi (15.04.2020-ci il).

Çavuşoğlunun “ən çox tibbi dəstək təmin edən” üçüncü ölkə olduğumuzu elan etdiyi saatlarda Türkiyə daxilində maska paylanması məsələsi öz qeyri-müəyyənliyini davam etdirirdi. Apteklər, poçt şöbələri deyərkən, qaydasında paylana bilməyən maskalar üçün yeni qərar qəbul edildi – artıq maskaları iş yerləri paylayacaqdı.

Hər halda, mövzumuz bu deyil. Mövzumuz Prezident Ərdoğanın ABŞ Prezidenti Donald Trampa göndərdiyi məktubdur. Hansı ki, o məktubda Ərdoğan Trampdan kömək istəyir.

ABŞ-a verilən mesaj

Ərdoğanın Trampa məktubunun birinci hissəsində iki ölkənin epidemiya ilə mübarizədəki uğurları təsvir edilib. İkinci hissədə Türkiyənin ABŞ-ın etibarlı tərəfdaşı olduğu, bu səbəblə də həmrəylik sərgiləyəcəyinə ABŞ-ın güvənə biləcəyi ifadə edilir.

Bu iki epizodu isə önəmli bir epizod təqib edir…

Ərdoğan Trampa tam olaraq bunları söyləyir: “Bölgəmizdəki son hadisələr, xüsusilə Suriyada və Liviyada baş verənlər güclü Türkiyə-ABŞ ittifaqının və əməkdaşlığının davam etdirilməsinin nə qədər vacib olduğunu bir daha göstərdi”.

Tamam, Liviyanı keçdik. Lakin Suriyadakı hansı inkişaf Türkiyə-ABŞ ittifaqının davam etməsinin zəruri olduğunu göstərir? ABŞ PKK-nın Suriya qanadı sayılan  PYD-YPG-yə “Tır”larla dolu silah yardımından vaz keçibmi ki,  Türkiyə-ABŞ ittifaqı Suriyada davam edə bilsin? ABŞ Suriyanın şimalında PYD dövləti qurmaqdan vaz keçibmi ki, Türkiyə-ABŞ ittifaqı Suriyada inkişaf etsin?

Ərdoğanın taktiki məqsədi nədir?

Şübhəsiz, yuxarıda qeyd edilən hər iki problemin Türkiyənin mənfəətinə müsbət bir cavabı yoxdur. Elə isə geriyə nə qalır?

Bilirik ki, Suriyadakı Rusiya ilə əməkdaşlıq AKP hökumətinin ABŞ-la bazarlıq etməsi üçün istifadə etdiyi önəmli kartdır. Eynilə, Suriya bölgəsində Rusiya və Türkiyə arasında hər hansısa problem yaşandıqda, AKP hökuməti Moskvanı ABŞ-a məktub göndərərək geri addım atmağa məcbur edir.

Belə taktiki gedişlər son dörd il müddətində tez-tez nümayiş etdirilib. Ərdoğanın Trampa “ittifaqı qorumaq” çağırışı da bu növ taktikalardandır.

Bununla birlikdə, AKP-nin bu dəfə iqtisadi böhran səbəbiylə taktiki səviyyəni qaldırmağa cəhd edə biləcəyinə işarələr var.

S-400 üçün epidemik bəhanə

Unutmayın, S-400-lər 2020-ci ilin aprel ayında işə salınacaqdı. Bütün işlər, o cümlədən Türkiyə vəzifəli şəxslərinin təlimləri də bu təqvim əsasında aparılıb. Ancaq aprel gəldikdə, çox fərqli bir mənzərə ortaya çıxdı. Aprelin 20-də  “Reuters”-ə açıqlama verən türk səlahiyyətli nümayəndəsi, S-400-lərin aktivləşdirilməsinin koronavirusun yayılması səbəbiylə bir neçə ay təxirə salındığını bildirdi. Bu ifadə isə sonradan təkzib edilmədi.

Silahı, müdafiə sistemini aktivləşdirməyin virusun yayılması ilə nə əlaqəsi var? Məsələn, TSK (Türkiyə Silahlı Qüvvələri) epidemiya səbəbi ilə tank işlətmir? Ya radarlarımız epidemiya səbəbi ilə bağlanıb? Bəhanəyə nə gərək var?

İki qırmızı cizgi

İşin pərdəarxasında bildiyimiz qədərilə bunlar yatır –  həm S-400-ü ertələmək, həm də ABŞ-a Liviya və Suriyada ittifaqı davam etdirmə mesajı vermək, əslində, AKP-nin pul axtarışı ilə əlaqədardır.

Hazırda Mərkəzi Bankın dolları müəyyən səviyyədə saxlamaq üçün ehtiyatları əridilir. Ancaq bunun da bir sonu var. Bununla əlaqədar, AKP hökuməti karantin tədbirlərini tədricən lğv etməyi planlaşdırır. Bununla bağlı Ərdoğan bir çıxışında bildirib: “Yoluxma ilə bağlı qəbul etdiyimiz sərt tədbirləri qismən qaldırdıqca, xalqımızın və dövlətimizin xəzinəsi yenidən dolmağa davam edəcək” (28.04.2020-ci il).

Ancaq görünür ki, bu il turizm Türkiyə iqtisadiyyatı üçün ən vacib gəlir mənbəyi olmayacaq. Ciddi iqtisadi böhranla üzləşəcəyimiz qaçılmazdır. Buna görə də, AKP hökuməti pul axtarışına çıxıb. Berat Albayrağın (Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri) London sələmçiləri və Nyu-York bankirləri ilə, əvvəllər də olduğu kimi, görüşləri olacaq.

AKP hökuməti də keçən bu müddət ərzində S-400-ü təxirə salmağı və bu müddət ərzində ABŞ-la Suriyada qismən əməkdaşlıq etməyi planlaşdırır. Lakin bunu xüsusi qeyd edək – Türkiyə qətiliklə S-400 müdafiə sistemindən imtina etməməlidir, imtina edə də bilməz.  Eyni qətiliklə bildirək ki, həm də Türkiyə yenidən ABŞ-la Suriyada əməkdaşlıq edə bilməz. 

Bu iki məsələ artıq Türkiyənin qırmızı cizgiləri hesab olunmalıdır. İqtisadi səbəblərlə bu cizgilərin rəngini solğunlaşdırmaq, Türkiyənin milli maraqlarını heçə saymaq olar ki, bunun da siyasi yönü daha ağır olar…

Tərcümə Strateq.az-ındır.

Tarix: 6-05-2020, 10:19
Xəbəri paylaş



Xəbər lenti