Rusiyada koronavirus iğtişaşları: Küçələrdə başlayan etirazlar Dumaya sıçradı - VİDEOLAR
Dünya neft bazarında qiymətlətin ucuzlaşmasıyla iqtisadiyyatı sarsılan Rusiyada bir də koronavirusla mübarizə çərçivəsində karantin rejiminin sərtləşdirilməsi ciddi narazılıqlara yol açır. Elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyü ölkədə əhali çölə çıxa bilməsə də, virtual mitinqlər vasitəsilə narazılıqlarını dilə gətirir, bəzi bölgələrdə xüsusilə Şimali Qafqazda hətta iğtişaşlar baş verir.
Ovqat.com-un məlumatına görə, ötən ayın sonlarında Şimali Osetiyanın paytaxtı Vladikavkazda minlərlə gəncin keçirdiyi etiraz aksiyası polis müdaxiləsi nəticəsində dağıdılsa da, bu narazılığın yatırılması ilə nəticələnməyib.
Koronavirus qadağalarının ləğvini, işlə təmin olunmalarını tələb edən osetin gənclərinin dinc aksiyasının zorla yatırılması onları alternativ mübarizə metodlarına keçməyə vadar edib. Artıq Şimali Osetiyadan iğtişaş xəbərləri gəlməkdədir.
Bildirildiyinə görə, 2 gün öncə qəzəblənmiş əhali Şimali Osetiyanın Nogir kəndi yaxınlığında MTS telefon qülləsinə od vurub. Etirazçıların fikrincə, ölkədə hər hansı koronavirus infeksiyası yoxdur və Putin hakimiyyəti iqtisadi tənəzzüldən doğa biləcəyi düşünülən etiraz dalğalarının qarşısını almaq üçün “əsrin vəbasının” arxasında gizlənib. Guya, 5G şəbəkəsinin bölgədə yayğın hala gətirilməsi də millətin informasiya ilə təminatına yox, kukla kimi idarə olunmasına xidmət edir. Bəziləri hətta 5G antenaları vasitəsilə insanları manqurtlaşdırılacağına və onlara “çip” qoyulacağını düşünürlər. Şimali Osetiyada 5G antenalarının yandırılması da bu xofun nəticəsidir.
Maraqlıdır ki, Rusiyada yayımlanan bir sıra jurnalist araşdırmaları da osetinlərin fikrinə haqq qazandırır. İddialar görə, Nogir kəndində baş verən iğtişaşın əsas səbəblərindən biri də internet vasitəsilə yayılan bu cür məlumatlardır.
Rusiyada koronavirus məhdudiyyətlərinə etirazlar yalnız sadə xalq kütlələrinin üsyanları ilə də qalmır. Kommunist partiyasından olan bəzi deputatlar bu etiraz nidalarını regional parlamentlərə daşıyırlar. Bu sahədə Saratov kommunistlərinin xüsusi fəallıqları ilə seçildikləri gözlərdən yayınmır.
Saratov vilayət Dumasının iki kommunist deputatı - Nikolay Bondarenko və Aleksandr Anidalov vilayət Dumasındakı çıxışları Rusiyanın hər tərəfində böyük maraqla izlənilib. Deputat Nikolay Bondarenko çıxışında ölkədəki vəziyyəti, koronavirus pandemiyası qarşısında hakimiyyət orqanlarının acizliyini və böhran şəraitində adekvat hərəkət edə bilməməsini sərt tənqid edib. O, prezident Vladimir Putini karantin rejimini uzatmasını da qınayıb və bunun xoatik etirazlara səbəb ola biləcəyi barədə hökumətə xəbərdarlıq edib.
Putinin həmin müraciətini ictimai rəyin manipulyası adlandıran deputatın fikrincə, ölkə rəhbərinin əsl niyyəti bu yolla vətəndaşları çaşdırmaq və sosial narazılığın böyüməsini bir qədər söndürməkdir.
Karantin tədbirlərinin uzadılmasının xalqı məhvinə apardığını bildirən deputat vətəndaşların bir-iki ay ac-susuz evlərinə həbs etməyin vəziyyətdən çıxış yolu olmadığını diqqətə çatdırıb.
“Anti-xalq rejimi”nin məqsədinin xalqı köləyə çevrimək olduğunu deyən Nikolay Bondarenkonun fikrinə Dumanın digər üzvü – Vilayət Kommunist Partiyasının I katibi Aleksandr Anidalov da qoşulub. Onun fikrincə, Putin hakimiyyətə gələndən ölkədə sahibkarlıq məhv edilib, bütün hər kəs proletariata çevrilib. Moskvanın əmriylə ölkədəki bütün doğum evləri, xəstəxanaların onkoloji və ürək-damar şöbələrini bağlayaraq koronavirus xəstələrinin ixtiyarına verilib, bu da həkimlərin kütləvi xəstələnməsinə səbəb olub. Deputatın fikrincə, Osetiyada minlərlə insanın qadağalara və repressiyalara baxmayaraq etirazlar aksiyaları keçirməsi də xalqın artıq bu siyasətlər yorulduğuna dəlalət edir.
Rusiya prezidentinin son çıxışının da çarəsizliyin etirafı olduğunu düşünən I katib ölkə rəhbərini koronavirusa qarşı vaxtında tədbir almamaqda günahlandırıb. Onun fikrincə, infeksiyanın yayıldığı ilk günlərdə tibb işçiləri xüsusi geyimlərlə təchiz olmayıb, bu da infeksiyanın geniş yayılmasına yol açıb. Sözügedən səhlənkarlıqda Putinlə yanaşı onun məsləhətçilərini də sərt tənqid atəşinə tutan deputat hökumətin səriştəsizliyi nəticəsində regionlarda, xüsusilə də Saratovda tibb sektorunun tamamilə məhv edildiyinə inanır.
“Belə çıxır ki, hətta Prezidentin özünün də epidemiyanın inkişafı ilə bağlı real vəziyyətindən, dəstək tədbirlərinin yetərli olub olmadığından xəbəri yoxdur, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini və buna görə hansı addımların atılacağını bilmir. Onun kimi, qubernatorlar da nə edəcəklərini bilmirlər… Budur prezidentin son müraciətinin əsl mahiyyəti”.
Qeyd edək ki, Vladimir Putin 2 aprel tarixində xalqa müraciətində koronavirusla mübarizə aparan xeyli sayda tibb işçisinin xəstəliyə yoluxduğunu etiraf etmişdi. O, həmçinin qeyd etmişdi ki, koronavirus təhlükəsi bitmədiyi üçün karantin tədbirlərinə davam ediləcək və bu onun necə tətbiqi federasiya subyektlərinin öz ixtiyarına buraxılacaq. Bunun səbəbdən də karantin tədbirləri məqsədilə hər hansı ümumi müavinət nəzərdə tutulmur.
Putinin xüsusilə son fikirlər bölgələrdə “paytaxt bizi koronavirusla yerli qubernatorların ümidinə buraxdı” kimi qəbul edilib və narazılığa səbəb olub.