Dünyanın ən qorxunc çantası – “Nüvə çamadanı” kimi tanınan keys sadəcə rabitə vasitəsidir

 

Dünyanın dövlət başçılarının fəaliyyətlərində siyasi düşüncələrindən asılı olmayaraq oxşar məqamlar çoxdur. Təxminən eyni olan protokol qaydaları, səfərlər, qəbullar, görüşlər, qarşılama və yolasalma, rəsmi ziyafətlər və s. Amma bütün bu tədbirlər sırasında prezidentləri fərqləndirən bir məqam da var. Nüvə silahına sahib olan dövlətlərin başçılarının bir neçə addımlığında dayanan əli çamadanlı adam onları digərlərindən fərqləndirir. Həmin şəxs bütün səfərlərdə prezidenti müşayiət edir və əlindəki çamadan “nüvə çantası”, yaxud “nüvə çamadanı” adlanır.

Nüvə silahına sahib olan dövlətin başçısı məhz bu çanta vasitəsilə harada, hansı ölkədə olmasından asılı olmayaraq, nüvə silahından istifadə etmək imkanına malik olur.

Zaman-zaman nüvə çantaları haqqında fərqli fikirlər söylənilib, bu qara çanta haqqında miflər yaradılıb, hətta onun içindəki qırmızı düyməni basmaqla saniyələr ərzində nüvə silahının istənilən əraziyə düşməsi kimi əfsanələr də dolaşıb.

Əslində çantanın gücü heç də söylənilənlər qədər deyil. Sadə dildə ifadə etsək, bu çanta rabitə vasitəsi rolunu oynayır.

Amma adi rabitə vasitələrindən fərqli olaraq əlaqə xüsusi kod və şifrələrlə yaradılır. Yəni prezident qırmızı düyməni basmaqla bir-iki saniyə ərzində raketlər havaya qalxmır. Buna görə də nüvə çantalarına həm də “atom telefonu” deyirlər.

İlk dəfə nüvə çantasının yaradılması ideyası 1950-ci ilin ortalarından sonra Amerika Birləşmiş Ştatlarında, Eyzenhauerin prezidentliyi dövründə yaranıb. Tam təkmilləşmiş çanta isə ilk olaraq növbəti prezident Kennedinin ixtiyarına verilib.
Nüvə çantalarının funksiyaları təxminən eyni olsa da, fərqli xüsusiyyətləri də var. ABŞ-la Rusiyanın çantalarında fərq ondan ibarətdir ki, amerikalıların nüvə çantasında xüsusi kodla yalnız “hücum” əmrini göndərmək mümkündür, rusların çantasında isə “Perimetr”adlı funksiya var ki, qarşı tərəfdən nüvə silahı istifadə olunanda o, cavab olaraq avtomatik işə düşür.

Nüvə çantasına ən həssas olan prezidentlər Donald Tramp və Vladimir Putindir. Onlar ən qısamüddətli səfərləri zamanı belə çantaları bir addımlıqlarında saxlayırlar.

SSRİ-də nüvə çantasının hazırlanması Brejnevin dövründə başlanıb. Ancaq nə o, nə də ondan sonra hakimiyyətə gələn Yuri Andropova bu çantanı gəzdirmək qismət olmayıb. SSRİ liderləri arasında ilk dəfə Konstantin Çernenekonun ətrafında qara çamadanlı adam görünüb. Eyni zamanda nüvə çantaları həmin dövrdə SSRİ-nin müdafiə naziri olan Dmitri Ustinova və baş qərargah rəisi Nikolay Oqarkova da verilib.

Qeyd edək ki, SSRİ-də nüvə çantası üç şəxsə etibar edilib, yəni çanta üç nəfərdə olub - Ali baş komandan-baş katib, müdafiə naziri və baş qərargah rəisində. Bu şəxslərdə olan çantalardan əlavə də nüvə çantaları olub ki, onların yerləşdiyi yer məxfi saxlanılıb və onlar konkret bir şəxsin istifadəsinə verilməyib.

Nüvə çantasından istifadə təlimatına görə, nüvə silahından istifadə etmək yalnız bir nəfərin iradəsindən asılı deyil. Üş şəxsdən biri nüvə silahından istifadə etmək üçün xüsusi kodu Strateji Təyinatlı Raket Qoşunları qərargahına göndərəcəyi halda, qərargah bu əmri icra etmək hüququnda olmayıb. Yalnız ən azı üç nəfərdən ikisinin təsdiqindən sonra qərargah nüvə silahından istifadə etmək ixtiyarında olub.

Prezidentlər dəyişilərkən nüvə çantaları inaqurasiya zamanı yeni seçilmiş prezidentə təqdim olunur.

Kreml üzərində SSRİ-nin bayrağı məhz 25 dekabr 1991-ci ildə Mixail Qorbaçov nüvə çantasını Boris Yeltsinə təqdim etdikdən sonra Rusiya bayrağı ilə əvəzlənib.

Yeltsinə 51 nömrəli nüvə çantasının verilməsi yeni prezidentin qəzəbinə səbəb olub. O, prezidentdə 1 nömrəli çantanın olmasını tələb edib. Bir neçə saat ərzində nüvə çantası dəyişdirilib.

SSRİ-də nüvə çantasını gəzdirən şəxslərin ən aşağı rütbəsi podpolkovnik olub. Onlara silah gəzdirmək hüququ verilib və xüsusi rabitə vasitələri ilə təmin ediliblər. Onlar hərbi-dəniz donanması zabitlərinin geyindiyi formada gəziblər. Niyə məhz bu formada olmaqları ilə bağlı iki versiya mövcuddur. Raisa Qorbaçova hərbi-dəniz donanması formasını hədsiz sevdiyinə görə, həyat yoldaşına nüvə çantalarını gəzdirənlərin də bu cür forma geyinməsini xahiş edib. İkinci versiyaya görə isə, nüvə çantasını gəzdirənləri prezidenti digər müşayiət edən hərbçilərdən fərqləndirmək üçün.

Nüvə çantası ilə bağlı maraqlı hadisələr də baş verib.

Amerika Birləşmiş Ştatlarında nüvə çantası bank kartlarına bənzər xüsusi kodlu kartlarla açılır. Prezident Ceyms Karterin kostymu kimyəvi təmizlənmə məntəqəsinə gedəndə çantanın kartı yaddan çıxaraq pencəyinin cibində qalıb.
Digər bir Amerika prezidenti Ronald Reyqan isə həmin kartı adi bank kartı kimi, pulqabında saxlayıb.

2001-ci ilin sentyabrın 11-də Amerikada baş verən məlum hadisələr zamanı prezident Corc Buş ilk dəfə nüvə çantasını açaraq onun istifadə təlimatı ilə tanış olub.

2019-cu ildə Vladimir Putinin nüvə çantası ilk dəfə olaraq Rusiyanın “Zvezda” kanalında nümayiş olunub. Yəqin ki, Putin bununla bir daha öz gücünü nümayiş etdirib.

Qeyd edək ki, dünyada 9 ölkə, ABŞ, Rusiya, Fransa, Çin, İngiltərə, Pakistan, Hindistan, İsrail və Şimali Koreya nüvə silahına malikdir. Arzu edək ki, bu ölkələrin başçılarına nüvə çantasından istifadə etmək qismət olmasın, dünyamız sülh və əmin-amanlıq içərisində yaşasın.

İlham Cəmiloğlu, Musavat.com

Tarix: 2-05-2020, 14:47
Xəbəri paylaş



Xəbər lenti