Yəhya Hatim
“Marocco World News”, 16.04.2020
2019-cu ilin sonlarında COVID-19-un başlanğıcından bəri, “Google Trends”-in məlumatına görə, “karantin” sözünün internet axtarışları 10.000% artıb. Bu söz qısa zamanda dünyanın əsas başlığına çevrilib.
Səhiyyə mütəxəssisləri karantinin koronavirus pandemiyasının yayılmasını nəzarətdə saxlamağın və dünya populyasiyalarına təsirini məhdudlaşdırmağın ən təsirli yollarından biri olduğunu düşünürlər.
Xəstəliklərin bütün qitələrə sürətlə yayıla biləcəyi bugünkü dünyada karantinin effektivliyi təcridetmə metodunun müasir dövrdə ideal vəziyyətdə olması mənası vermir. Yoluxmanı cilovlamaq üçün bir vasitə kimi karantin arxasında duran elmin bir neçə əsrlik tarixi var.
Tarixçilər Əhdi-Ətiqdə və İslam peyğəmbəri Məhəmmədin (c.) həyatına dair qeydlərə əsasən sanitar izolyasiyasının mənşəyinə dair şübhədə olsa da, bu gün məlum olduğu kimi, karantin tədbirlərinin hazırlanmasında Qərbdə “Avisenna” kimi tanınan müsəlman alim İbn Sinanın (980-1037) əsərlərindən istifadə olunub.
İlk dəfə 1025-ci ildə nəşr olunan beş cildlik “Tibb Qanunu” (“əl-Qanun fit-Tibb”) adlı ensiklopediyasında İbn Sina xəstəliklərin yayılmasına nəzarət etmək üçün karantin tətbiq edilməsi fikrini müdafiə edib.
Müsəlman alim xəstəliyin çılpaq gözlə görünməyən, – əsrlər sonra, mikroskoplar ixtirasından sonra sübut edilmiş bir kəşflə isbatlanmış – çox kiçik hissəciklər vasitəsilə yayıla biləcəyini izah edib.
Tarixçilər razılaşır ki, İbn Sinanın əsəri müasir karantinin əsasını qoyub. Bəziləri iddia edirlər ki, “karantin” sözü İbn Sinanın təcrid üsulunu təyin etdiyi ərəbcə “əl-ərbəiniyyə” (“qırxıncı”) sözündən yaranıb.
Bununla yanaşı, digərləri bu terminin erkən italyan dilinin Venesiya ləhcəsindəki “quarantena” sözündən qaynaqlandığına inanırlar.
Venesiyalı tacirlər 14-cü və 15-ci əsrlərdə “qara ölüm” – vəba dövründə bütün gəmilərin sərnişinləri və ekipajı sahilə çıxmazdan əvvəl təcrid olunmalarının tələb olunduğu qırx günlük möhlət təyin edirdilər.
Ziddiyyətli hekayətlərə baxmayaraq, İbn Sinanın dövrünü qabaqlayıb və müasir tibbin atası şöhrəti tapıb.
İbn Sinanı Qızıl İslam Əsrinin bir çox zamandaşlarından ayıran şey onun elmi irsinə həm İslam dünyasında, həm də Qərbdə ehtiram göstərilməsidir.
“Tibb Qanunu” 12-ci əsrdə İspaniyada latın dilinə tərcümə olunub. O vaxtdan bəri əsər Qərb tibb sahəsinə dominatlıq edir.
Ən qədim Avropa universiteti olan Bolonya Universiteti İbn Sinanın “Qanun”unu tibbi təhsilin əsası olaraq ilk dəfə 13-cü əsrdə qəbul edib.
13-17-ci əsrlər arasında İbn Sinanın tibbi ensiklopediyası Avropanın ən qədim ali məktəblərində, o cümlədən Belçikadakı Leuven Universitetində, Fransadakı Monpelye Universitetində və Polşadakı Krakov Universitetində tibbi təhsil proqramlarının təməli idi.
Bu gün İbn Sinanın mirası COVID-19 pandemiyasına qarşı mübarizədə dünyanı qoruyur, onun transsərhəd ruhu artan qlobal həmrəylik meylində canlanır.
Tərcümə: Strateq.az