TÜRKİYƏ QARŞISINDA TƏHDİDƏ ÇEVRİLƏN ƏRƏB CƏBHƏLƏŞMƏSİ:ərəb dövlətlərində formalaşan "türk düşmənçiliyi" nədən qaynaqlanır? - TƏHLİL


Şahin Mengü

“Cumhuriyet” qəzeti, Türkiyə, 13 aprel 2020-ci il

 

Sərhəd qonşularımız olan ərəb dövlətləri qlobal pandemiyanı bəhanə edərək, Türkiyəyə qarşı qurduqları cəbhəni daha da gücləndirirlər.  Axırıncı dəfə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsinin mart ayının sonlarında Suriya Prezidenti Bəşər Əsədə zəng edərək “Mövcud olan bu çətin zamanlarda Suriya xalqı ilə çiyin-çiyinəyik” cümləsi xarici mətbuatda da əks olundu.  Sadə bir telefon zəngi kimi görsənən bu telefon danışığı, əslində, çox diqqətçəkicidir.

Türkiyənin qarşısındadırlar

İbtidai tayfa idarəçiliyinə söykənən körfəzdəki Ərəb Əmirlikləri inqilabçı və respublikaçı BƏƏS ərəb rejimlərini özlərinə qarşı həyati təhlükə yaradan problem kimi görürlər. Bu səbəbdən də BƏƏ Suriya hadisələrinin başlanğıcında, fürsət tapan kimi, Səudiyyə Ərəbistanı ilə birlikdə Bəşər Əsədi devirmək və mövcud rejimi dəyişmək üçün müxtəlif silahlı cihadçı qruplaşmalara dəstək verən ölkələrin sırasında gəlirdi. Ancaq Rusiyanın Əsədin lehinə olan müdaxiləsindən sonra rejimi dəyişmək layihəsinin reallaşmayacağını görən BƏƏ rəhbərliyi öz məqsədini ört-basdır etdi.

BƏƏ bu hadisələr fonunda Dəməşqdəki konsulluğunu Bəhreynlə birgə yenidən fəaliyyətə açdı.

Birləşmiş Ərəb Əmirlikləri bir tərəfdən Suriya rejimi ilə əlaqələri düzəldərkən, bir tərəfdən də Türkiyəni başqa cəbhədən sıxışdırmaq üçün PKK-PYD terror təşkilatları ilə əlaqələrini gücləndirir.

Xarici media isə Körfəz ölkələriylə Əsəd yaxınlaşmasını Türkiyəyə qarşı hazırlanan yeni bir ərəb cəbhəsi olaraq şərh edir. Bu hadisələrə Livyanın böyük bir hissəsini idarə edən Xəlifə Həftar da dəstək verir. Sonuncu dəfə Dəməşqdə yerləşən Liviya səfirliyi Xəlifə Həftarın rəhbərlik etdiyi hökumətin tabeliyinə keçərək, yenidən fəaliyyətə başlayıb.

Səfirliyin açılışı zamanı hər iki ölkənin rəsmiləri “ortaq düşmən Türkiyə”yə qarşı mübarizədən söhbət açıblar. Ərəb dövlətlərinin Türkiyəyə qarşı yaranan bu düşmənçilik siyasətinin altında həm də bu dövlətlərin maliyyələşdirdiyi terrorçu qruplaşmalar və öz rejimləri üçün təhdid hesab etdikləri “Müsəlman Qardaşlar” təşkilatına Türkiyənin güclü dəstəyi dayanır.

Belə görünür ki, güclü təsirə malik bir çox ərəb dövləti artıq Türkiyə qarşısında birləşərək, yeni cəbhə yaradırlar. Halbuki belə bir mənzərənin ortaya çıxmaması AKP iqtidarı idarəsində artıq lağlağı mövzusuna çevrilən “Monşer diplomatiyası”nın bölgə dövlətləri ilə münasibətlərində öndə gələn hədəflərindən olub.

“Monşerlər” heç vaxt razılaşmayan, ən önəmli “ərəb mübarizəsi” adlanan Fələstin və İsraillə münasibətlər məsələsində belə fikir ayrılığı olan ərəb dövlətlərinin mövzu “türk düşmənliyi” olduğunda bir yerə gəldikləri bilinən məsələlərdən sayıldığındn, onların bir yerə gəlməsinə icazə verməmək üçün diqqətli davranardılar.

Bölgə dövlətləri ilə ayrı-ayrılıqda inkişaf etdirilən ortaq maraqlara dayanan yaxşı münasibətlər  indi qarşımızdakı iri ərəb cəbhəsinin, heç olmasa, önünü kəsə bilərdi.

Strateji dərinlik

Vaxtilə – Xarici İşlər Nazirliyinin hələ darmadağın edilmədiyi və “Monşer Diplomatiyası”nın mövcud olduğu 2008-ci ildə – Türkiyə ərəb köməyi ilə rekord həddə səs alaraq, BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti namizəd seçilmişdi. 2014-cü ildə isə Xarici İşlər Nazirliyinə “camaatçılar” dolduruldu və ölkənin xarici siyasəti yavaş-yavaş tənəzzülə uğramağa başladı. Həmin tarixdə eyni namizədlik üçün yığılan səs sayı isə əvvəlkindən dəfələrlə az oldu və nəticədə, Türkiyə bu seçkidə məğlub oldu.

2014-cü ildə BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Misir Səudiyyə Ərəbistanının Türkiyə əleyhinə geniş kampaniya təşkil etdiyi bilinən faktlardandır.

Ərəblərin Türkiyə qarşısında birləşməsi və yeni cəbhə yaratmasının iqtisadi və siyasi nəticələri təkcə həmin dövlətlərlə deyil, həm də digər beynəlxalq əlaqələrimizdə də ciddi böhranlar yaradacaq. Qiyməti özündən daha dəyərli “strateji dərinlik” hesab olunan Əhməd Davudoğlunun yerinə, lağlağı mövzusu edilən “monşerlər” dinlənilsəydi, Türkiyə indi Suriya bataqlığında çabalamazdı. Həmin o lağlağı mövzusu olan “monşer”lərə sual verilsəydi, Əhməd Davudoğlunun başlanğıcda böyük bir sevinclə əlaqələr qurduğu orta əsr qalığı ərəb rejimlərinin çətin vəziyyət görən kimi, indi olduğu qədər, bir addımla Əsədin yanına qaçacağını da anladardılar.

Hadisələrdən çıxarılan nəticə

Türkiyənin keçmişdəki dünyəvi dövlətlərinin problemsiz apardığı ərəb siyasəti İslammeyilli bir siyasətlə necə bərbad vəziyyətə salınması və ərəblərin biz türkləri “açıq düşmən” olaraq görmələri, xarici siyasətin təməlində din faktorunun olmasının nəticələri beynəlxalq münasibətlər haqqında dərc edilən dərsliklərə salınmalıdır.

Aparılan bu yanlış siyasət yolundan dönməyin yeganə variantı Türk xarici siyasətinin fundamentində din faktorunun aradan qaldırılması və ərəblərlə münasibətdə Cümhuriyyətin qurduğu siyasi yolla, sağlamlığı uzun illər müddətində isbat olunmuş siyasi qanunlara geri dönməkdir. Ancaq Türkiyəyə rəhbərlik edən Rəcəb Tayyib Ərdoğanda belə bir düzəliş iradəsi, təəssüf ki, hiss olunmur. Belə olan təqdirdə, siyasi gedişata irad bildirəcək siyasi müxalifət də gözə görsənmir.

Tərcümə Strateq.az-ındır.

Tarix: 15-04-2020, 21:14
Xəbəri paylaş



Xəbər lenti