Türkiyədə koronavirus səngiməyə başlayıb.
Cebhe.info xəbər verir ki, bu xoş məlumatı Səhiyyə naziri Fəxrəddin Qoca verib. Nazir bildirib ki, indiyə qədər alınan nəticələr koronavirusun az ziyanla başa çatacağını söyləməyə əsas verir. Artıq Türkiyədə yoluxma sayının da tədricən azaldığına diqqəti çəkən nazir virusa yoluxmanın 4-cü həftəsində bu nəticənin ortaya çıxdığını vurğulayıb: "Virusun yayılma sürətini nəzarət altına almağı bacardıq. Bu, filyasion nəticəsində mümkün olub. Filyasion təmas zəncirinin qırılmasıdır. Bu üsulu heç bir ölkə həyata keçirməyib. 11 martda açıqladığımız ilk yoluxmadan son yoluxmaya qədər bu üsulu tətbiq etdik. Ölüm sayında azalma əldə edən ölkələrdənik. Xəstələrlə təmas halında olan şəxsləri izləyir və müalicə edirik. Dünyada isə ancaq şikayətlərlə əlaqədar müalicə tətbiq olunur".
Nazir bildirib ki, xəstələrin təmas etdiyi 261 989 nəfər müəyyən edilib: "Yəni hər xəstənin kimlərlə görüşdüyü müəyyən olunub və dərhal nəzarətə götürülüb. Filyasion heyəti 3 nəfərdən ibarət olur və dərhal şəxsin ünvanına gedir".
Nazirin sözlərinə görə, bu heyətlər 81 bölgədə çalışır.
Xatırladaq ki, Türkiyədə bu gün 33 min test edilib və 4062 yoluxma müəyyən olunub. 107 nəfər ölüb. 842 nəfər sağalıb.