ABŞ hərbi gəmisi Qara dəniz sularına doğru yol alıb. Musavat.com xəbər verir ki, ABŞ Dəniz Hərbi Qüvvələrinin veb-səhifəsində “USS Ross” raket gəmisinin Qara dənizdə planlaşdırılmış əməliyyatda iştirak edəcəyi açıqlanıb.Əməliyyatın məqsədi NATO müttəfiqləri və bölgə partnyorları ilə birgə dəniz hərbi potensialının və hazırlığının nümayişini həyata keçirməkdir.
Amerika belə izah edir ki, Qara dəniz hövzəsində müttəfiqlərinin təhlükəsizliyinin və bölgənin sabitliyinin gücləndirilməsində iştirak edir. Rusiya Qara dəniz donanmasında bəyan edib ki, Amerika gəmisinin hərəkətini müşahidə edəcək.
Kreml bu açıqlamadan kənara çıxmayıb. Bu, 2020-də Qara dənizə daxil olan ilk ABŞ esminesidir. Bu, Vaşinqtonun əzəli rəqibi Moskvaya “əlcək atmaq” kimi qiymətləndirilir.
Bəs, Rusiyanın cavabı necə olacaq?
Elxan Şahinoğlu: “Pentaqon planlarını reallaşdırır, Rusiyanın gücü isə..”“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun
Musavat.com-a bildirdiyinə görə, bəzilərinin koronavirus pandemiyasından sonra geosiyasi proseslərin yeni nizama daxil olacağı gözləntiləri elə bu xəbərlə boşa çıxmaqdadır.
Onun sözlərinə görə, ABŞ-Rusiya və ABŞ-Çin qarşıdurması yenə də davam edəcək: “Amerikanın hərbi gəmilərini Qara dəniz sularına daxil etmək planı təzə deyil. Pentaqon Rusiyanın koronavirusla mübarizəyə başı qarışdığı bir vaxtda planlarını həyata keçirməyə çalışır. Göründüyü kimi, dünyanın düzəni heç də tamamilə dəyişməyə doğru getməyəcək. Koronavirusdan sonra böyük dövlətlərin mübarizəsi davam edəcək”.
Politoloq bildirib ki, Rusiya Amerika gəmilərinin Qara dənizə yerləşdirilməsinə etiraz edirdi: “Amma istənilən gəmi istənilən dənizdə üzə bilər. Rusiya indi ağır vəziyyətlə üzləşib, itkiləri var və Pentaqon bunu dəyərləndirmək niyyətindədir. Sözsüz ki, virus Amerikaya da böyük zərbə vurub, ölüm sayında birincidir, iqtisadi zərbələrinin miqyas ölçüyəgəlməzdir. Lakin Rusiya ABŞ-la baş-başa gəlmək gücünə qadir deyil və Pentaqon istəklərini reallaşdırır”.
Ramiyə Məmmədova: “Rusiya Baltik dənizdə ABŞ donanmasına qarşı təxribata yol verib, indi Qara dənizdə cavabı verilir”
Siyasi ekspert Ramiyə Məmmədova isə hesab edir ki, Rusiyanın Krımı anneksiyası və Ukraynanın şərqində yeni münaqişə ocaqları yaratması Vaşinqtonla Kreml arasında “soyuq müharibə”ni davam etdirir. “ABŞ deyə bilər ki, NATO üzvü olan Türkiyə kimi müttəfiqi və Krım məsələsində yanında olduğu Ukraynanın təhlükəsizliyi üçün hərbi gəmisini Qara dənizə daxil edib. Amerika Şərqi Avropada müttəfiqlərini Rusiyanın artan aqressiyasından müdafiə etmək üçün şimalda Baltik, cənubda isə Qara dənizdə öz hərbi imkanlarını genişləndirmək istəyir. Ancaq nəzərə almalıyıq ki, Krımda Rusiyanın güclü hərbi dəniz donanması var. Bundan sonra Rusiya Qara dəniz hövzəsində öz hegemonluğunu bərpa etmək üçün səylərini artıra bilər”, - deyə politoloq ehtimal edir.
R.Məmmədovanın fikrincə, Rusiya Baltik dənizdə NATO və ABŞ donanmasına qarşı təxribatlara yol verib, indi Qara dənizdə bunun cavabı verilir.Politoloqun sözlərinə görə, hazırda pandemiya səbəbindən açıq gərginlik gözlənilmir, amma ABŞ-Rusiya münasibətlərinin yenidən kəskinləşəcəyi göz qabağındadır.
Tarix: 15-04-2020, 09:03