Akdəniz Universitetinin tibbi farmokologiya fakültəsinin professoru Coşkun Usta koronavirus dərmanının tapılması ilə bağlı iddialara inanmamağı tövsiyə edib.O bildirib ki, koronavirusa qarşı vaksin hazırlanması ilə bağlı bütün dünyada iş gedir, yoluxan xəstələrin müalicəsində bir çox dərmanlardan istifadə olunur. Ancaq yeni dərmanın tapılması və onun təkmilləşdirilməsi müddəti 5 və 10 il arasında dəyişir. Rusiyanın tapdığı dərman isə öncədən qızdırmanın müalicəsində istifadə olunan dərman olub”.
Professorin iddialarına görə, dərman hazırlanması bəsit bir anlayış deyil, bir şeyin xəstənin vəziyyətinə yaxşı təsir etməsi hələ onun dərman olacağı demək deyil: “Dərmanın yan təsirlərinin də araşdırılmasına ehtiyac var. Ancaq bu yan təsirləri insan üzərində araşdıra bilməzsiniz. Sadəcə heyvanlar üzərindəki testlər üçün belə 1-2 il zamana ehtiyac var. Tam mənada bir dərmanın bazara çıxması 5-10 il arasında bir zaman tələb edir”.
Coşkun Usta bildirib ki, insanlar hazırda bir ümid axtarırlar və bəzi insanlar da onların duyğularından sui-istifadə edir: “Bundan sonra da koronavirusla bağlı çox adam çıxıb dərman və ya vaksin tapdığını iddia edəcək. Ancaq hansısa maddəni cəmiyyətə dərman deyə təqdim etmək olmaz.
Professor deyib: “Daha öncə qrip üçün istifadə edilən dərmanları koronavirusa qarşı da sınamağa başladılar. Ona görə də yeni bir dərman hazırlandığını demək olmaz. Hidroksixlorinin koronavirusa qarşı effekt verməsindən sonra bu dərmanın da fayda verəcəyini düşünərək tətbiq etməyə başladılar”.
Professor vurğulayıb ki, əslində mövcud dərmanları bu cür sınamaq qanuni deyil: “Ancaq o qədər böyük bir pandemiya yaşanır ki, nə yaxşı təsir edirsə, sınamağa çalışırlar. Ancaq Rusiyadan gətirilən dərmanla Türkiyədə bizim tətbiq etdiyimiz dərman fərqlidir. Rusların istifadə etdiyi dərmanın daha çox psixiatrik yan təsirləri var. Məsələn, depressiya və tez təlaşlanan xəstələr bu dərmanı içərsə, vəziyyətləri daha da pisləşə bilər, depressiya və təşviş hissi artar. Halbuki , onsuz da koronavirus gündəmi ilə insanların sıxıntısı çox böyükdür, o səbəbdən bu dərmanı istifadə edənlərdə belə bir yan təsirlərin olması ehtimalı çoxdur”.
Musavat.com
Tarix: 14-04-2020, 20:31