
Aparıcı Zamirə Dadaşova aldığı divar kağızı ilə bağlı problemlə üzləşdiyini açıqlayıb.
O, sosial şəbəkədə paylaşım edərək “İtaliano Parati” mağazasını istehlakçı hüquqlarını pozmaqda ittiham edib.
Z.Dadaşova bildirib ki, ümumi dəyəri 2300 manat olan divar kağızlarını nağd ödənişlə alsa da, ona kassa çeki təqdim edilməyib. Onun sözlərinə görə, xarici istehsal adı ilə satılan məhsullardan biri sonradan yerli istehsal çıxıb və divara vurulduqdan sonra üzərində qaralma və rəng dəyişikliyi yaranıb.
Aparıcı qeyd edib ki, mağaza əvvəlcə zərərin qarşılanacağını və divar kağızlarının yenisi ilə əvəz ediləcəyini vəd edib. Lakin sonradan göndərilən ustalar köhnə divar kağızlarını söksələr də, onları yenisi ilə əvəz etməkdən imtina ediblər.
“Evimə girib mənim əmlakıma zərər vurub heç nə olmamış kimi çıxıb gediblər. Mən adi Azərbaycan vətəndaşıyam və dövlətimin qanunlarına güvənirəm. Bilirəm ki, haqq-ədalət mənim tərəfimdədir” deyə, aparıcı paylaşımında yazıb.
Z.Dadaşova məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini də bildirib. O, mağazadan dəymiş maddi ziyanın ödənilməsini, istehlakçı hüquqlarının pozulması ilə bağlı araşdırma aparılmasını və hadisənin ictimailəşdirilməsini xahiş edib.Axşam.az