Bakı Şəhər 1 saylı Əmlak İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşların narazılıqları artıq pik həddə çatıb

Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbərinin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb.
Bakı Şəhər 1 saylı Əmlak İdarəsi və onun rəhbəri Mustafa bəyin fəaliyyəti ilə bağlı vətəndaşların ciddi və əsaslı narazılıqları artıq pik həddə çatıb. Bu barədə dəfələrlə şikayətlər işıqlandırılsa da, qurum rəhbərliyi qanunsuz əməllərindən əl çəkmir, dövlətin apardığı islahatlara açıq şəkildə kölgə salır. Ölkədə vətəndaş məmnuniyyəti ilə bağlı yeni idarəçilik tendensiyası irəli sürülsə də, Mustafa bəy köhnə idarəetmə metodları və "rüşvət" iştahası ilə bu prosesə qarşı çıxır, xalqı dövlətdən narazı salaraq hakimiyyətlə üz-üzə qoyur.
Məsələnin mahiyyəti kifayət qədər sadədir. Vətəndaş əlində olan bələdiyyə qərarı, XDS qərarı və arxiv arayışı ilə torpağının və ya evinin sənədləşdirilməsi (çıxarış alınması) üçün adıçəkilən quruma müraciət edir. Lakin İdarə rəhbəri Mustafa bəy özündən "yeni hoqqalar" və qanunsuz bəhanələr uyduraraq, sənədlərdə guya hansısa çatışmazlıqların olduğunu idarə edir və vətəndaşa imtina verir.
Hüququ tapdanan vətəndaş çıxış yolunu İnzibati Məhkəməyə müraciət etməkdə görür. Məhkəmə işi araşdırır, Mustafanın verdiyi imtinanın tamamilə "əsassız" olduğunu sübut edir və vətəndaşın xeyrinə qərar çıxarır. Məhkəmənin qərarı onlayn sistem vasitəsilə dərhal Əmlak İdarəsinin bazasına daxil olur, bir nüsxəsi isə vətəndaşa təqdim edilir. Qərarın qanuni qüvvəyə minməsi üçün bir ay vaxt tanınır.
Budur rəzalət də məhz bu bir aylıq gözləmə müddətində baş verir. Mustafa bəy məhkəmə qərarını icra etmək əvəzinə, vətəndaşın gəlib ona rüşvət verməsini gözləyir. İstədiyi məbləği ala bilmədikdə isə ağlasığmaz və qanunsuz bir hiyləyə əl atır.
Normalda apellyasiya şikayətini onlayn sistemlə etmək həm daha asan, həm də şəffaf olduğu halda, Mustafa bəy prosesi izləyən hakimin nəzarətindən qaçmaq üçün fərqli yol seçir. O, bəzi özəl ekspres poçt xidmətləri ilə ( "Atlas Express" və "Kaspi MMC" ) əlbir olaraq qaranlıq bir maxinasiya qurur.
Qərarın qüvvəyə mindiyi son günün səhəri tezdən poçt vasitəsilə məktub göndərilir. Lakin bu məktubun üzərinə "keçmiş (geri) tarixlə" möhür vurdurulur. Məqsəd odur ki, guya İdarə qərar qüvvəyə minməmişdən bir neçə gün əvvəl vaxtında apellyasiya şikayəti veribmiş kimi görünsün. Beləliklə, hakimin və vətəndaşın xəbəri olmadan qanundan yayınmaq və məhkəmə müddətini saxtalaşdırmaq üçün gözbağlayıcılıq edilir.
Aidiyyəti hüquq-mühafizə və nəzarət orqanları Bakı Şəhər 1 saylı Əmlak İdarəsində kök salmış bu idarəçilik hoqqalarına, vətəndaşları incidən rüşvət mexanizminə və poçt maxinasiyalarına təcili şəkildə hüquqi qiymət verməlidir. Bu qanunsuzluq cəzasız qalmamalıdır!
Sakit Muradov
TEREF
Tarix: Bu gün, 10:30
Xəbəri paylaş



Xəbər lenti