Hələ də COVID-i xatırlayan ikinci bir dövlət varmı?


Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılsın.
Yəqin ki, Oktyabrın birində də növbəti bəyanat verəcəklər : "Karantin müddəti gələn ilin yanvarına kimi uzadıldı..."
Adama sual verərlər: haradadır bu axtardığınız COVID? Hazırda dünyanın hansı ölkəsində belə bir qlobal təhlükə qalıb? Sərhədləri qapatmaqla biz özümüzü kimdən və harada mövcud olan infeksiyadan qoruyuruq? Bizdən başqa dünyada quru sərhədləri hələ də bağlı olan, hələ də COVID-i xatırlayan ikinci bir dövlət varmı?
Artıq neçə ildir ki, ölkənin quru sərhədləri bağlıdır və buna indiyə qədər hökümət tərəfindən heç bir məntiqli, ağlabatan izah verilməyib. Qarabağ müharibəsinin ən şiddətli dönəmlərində, mülki əhalimizin dəfələrlə düşmənin terror hücumlarına məruz qaldığı vaxtlarda belə, ölkənin quru sərhədləri bircə gün də olsun bağlanmamışdı. Hətta bu gün bir-biri ilə amansız müharibə aparan Rusiya və Ukraynanın belə quru sərhədləri qonşu ölkələrlə  qapadılmayıb.
Görəsən, quru sərhədlərinin bağlı saxlanılmasının ölkə iqtisadiyyatına, vətəndaşın sosial, maddi və psixoloji vəziyyətinə vurduğu ağır zərərləri hökumətdə hesablayan bir qurum varmı?  Quru sərhədimizin  Gürcüstan, Rusiya və İran tərəfində milyonlarla soydaşımızın yaşadığından xəbəriniz yoxdurmu? Biz öz qapılarımızı öz soydaşlarımızın üzünə niyə bağlayırıq? Genişlənmək, iqtisadi cəhətdən böyümək və bütövləşmək əvəzinə, niyə sərhədlərə kilid vurub özümüzü müasir dünyadan təcrid edirik?
Başqa dövlətlər dənizlərə, okeanlara, yeni bazarlara çıxış əldə etmək, vətəndaşlarının Avropaya vizasız gediş-gəlişini təmin etmək üçün min bir öhdəlik götürür, böyük diplomatik gedişlər edirlər; biz isə əlimizdə olan mövcud əlaqələri də məhdudlaşdırırıq.
Sonra da oturub düşünürük ki, inkişaf tempində qonşulardan niyə geri qalırıq...

Müəllif: Şahin Nəcəfov,

AXS.az

Tarix: Dünən, 22:08
Xəbəri paylaş



Xəbər lenti