"Tərbiyəni tərbiyəsizdən götürən cəmiyyət formalaşır" - Aytən Ələkbərova


Cəmiyyətimizdə son dövrlər uşaqların şiddətə meyillilik göstərməsi halları getdikcə daha çox müşahidə olunur. Ölkəmizdə əvvəllər əsasən yetkinlik yaşına çatmış şəxslərin cinayət törətməsi üstünlük təşkil edirdisə, artıq azyaşlı və yeniyetmələrin iştirakı ilə baş verən cinayətlərin sayı da az deyil. Demək olar ki, hər gün sosial şəbəkələrdə “7 yaşlı uşağa 19 bıçaq zərbəsi vuran yeniyetmə saxlanıldı”, “İdrak liseyində 15 yaşlı şagird müəllimini güllələdi”, “15 yaşlı uşaq 17 yaşlı yeniyetmə tərəfindən bıçaqlandı” kimi başlıqlı xəbərlərlə qarşılaşırıq.

Bəs müasir dövrdə uşaqların cinayətə və şiddətə meyilliliyinin, zorakılığa həvəs göstərməsinin günahkarı kimdir? – Valideyn, məktəb heyəti, yoxsa uşağın formalaşdığı sosial çevrə?

Bu mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq Aytən Ələkbərova bildirir ki, uşaqların şiddətə meyilliliyinin əsas səbəbləri arasında valideynlərin övladlarını zorakı oyunlara yönləndirməsi, məktəb mühitində uşaqların psixoloji durumundan daha çox yalnız dərs göstəricilərinin ön planda tutulması, həmçinin ekran qarşısında böyüklərin nümayiş etdirdiyi uyğunsuz davranışların artması mühüm rol oynayır:

“Son dövrlər uşaqlarda yaranan bu aqressiyanın səbəbi ümumiyyətlə nədən başladı? Cəmiyyət olaraq nələrə icazə verdik ki, biz bu aqressiyanı artıq normal qarşılamağa başladıq? Əvvəllər ailədə bir az söz-söhbət olanda, uşaq evdən çıxıb məktəbə gedərkən əllərini ovucunun içinə sıxaraq ‘kimsə ilə qarşılaşmayım, bu gün evimizdə səs-küy olub’ düşüncəsində olurdu. Bu gün isə uşaq davanı daha rahat qarşılayır. Çünki biz bu gün sosial platformalarda yetkin yaşında olan insanların bir-birlərinə qarşı aqressiyasını görürük”.

Psixoloq qeyd edir ki, uşaqların aqressiv davranışlarının artmasında televiziya və sosial verilişlərin də təsiri az deyil:

“Bu gün sosial verilişlərdə alim və ya ekspert adı altında çıxış edən insanların bir-biri ilə dava etməsinin, su atmasının şahidi oluruq. Uşaqlar bu mühitdə böyüyür və yeniyetməlik dövründə həmin davranışlar şüuraltında kodlaşır. Nəticədə bu gün azyaşlılar arasında baş verən zorakılıq hallarını görürük. Əgər əvvəllər baxdığımız filmlər və cizgi filmlərində mərhəmət, köməksevərlik aşılanırdısa, bu gün bəzi cizgi filmlərində əldə bıçaq kiminsə qovalandığını görürük. Təbii ki, bu cür məqamlar sonradan amansız hadisələrə gətirib çıxarır”.

media-inshot_20260209_183307469

A. Ələkbərova uşaqların şiddətə meyilliliyinin əsas səbəblərindən biri kimi valideyn məsuliyyətsizliyini də xüsusi vurğulayır:

“Burada kompüter oyunlarının da rolu böyükdür. Valideynlər ‘neyləyim, övladımdır, pleysteşn istəyir, məcburam almağa’ deyərək bu tələblərə boyun əyirlər. Nəticədə kreditə girən valideyn borcu necə ödəyəcəyini düşündüyü halda, övladlar bir-birinə zorakı oyunlar ötürür, hətta pullu oyunlara da üz tuturlar. Bu isə uşaqları daha aqressiv və xaotik davranışlara sövq edir”.

Psixoloq məktəblərdə şagirdlərin psixoloji vəziyyətinin mütəmadi olaraq qiymətləndirilməsinin vacibliyini qeyd edir:

“Əgər dünən 7 yaşlı uşağın 19 bıçaq zərbəsi aldığını eşitmişiksə, bu gün müəllimini güllələyən şagird haqqında xəbər oxuyuruq. Deməli, ilk növbədə məktəblərdə müəllimlərlə valideynlər arasında davamlı ünsiyyət qurulmalıdır. Eyni zamanda praktik psixoloqlara müraciət edilməlidir. Biz bunun qarşılığında mütləq ödəniş tələb etmirik. Təəssüf ki, çox az məktəb bu cür təşəbbüs göstərir. Halbuki uşaqlarla vaxtında psixoloji söhbətlər aparılsa, risk qrupunda olan şagirdlər barədə valideynlərə əvvəlcədən ‘SOS’ siqnalları verilə bilər”.

Həmsöhbətimiz əlavə edir ki, hazırda məktəblərdə əsas diqqətin BSQ və KSQ nəticələrinə yönəlməsi uşaqlarda ciddi psixoloji yüklənməyə səbəb olur:

“Uşaqlar daşıya bilmədikləri beyin yükü ilə üz-üzə qalır, təşviş pozuntuları və xroniki yorğunluq yaranır. Bu hallar isə bəzən çox ağır, hətta faciəvi nəticələrə gətirib çıxarır. Böyüklərin davranışını örnək götürən şagird və tələbələrə ciddi nəzarət lazımdır. Söz silahı ilə vuran alimin şagirdi də sabah güllə atar. Tərbiyəni tərbiyəsizdən götürən bir cəmiyyət formalaşır”.

Tarix: 11-02-2026, 09:07
Xəbəri paylaş



Xəbər lenti