Koronavirus dərsləri


Rövşən Hacıbəyli

Evdə oturub pəncərədən çölə baxıram. Hər gün səhərin gözü açılmamış maşınını minib həyətdən çıxan, ya da piyada gedən adamların sayı, demək olar, sıfıra enib, maşınlar bütün günü həyətdə, adamlar evlərində. Arada həyətə düşüb gəzişmələri, dərdləşmələri də var. Ancaq həyat dayanmış kimi görünür, elə bil quşlar da əvvəlki şövqlə oxumur. Həyatsa sosial şəbəkələrdə daha çox canlanıb. Burada diqqəti əsasən yardım kampaniyaları çəkir, didişmələr bir az arxa plana keçib. Hamı mehribanlaşıb, xeyirxah olub, sanki.
Koronavirusun gətirdiyi yardım kampaniyası isə getdikcə genişlənir. Xalqımız özünə qayıdır, yoxsula, kimsəsizə kömək ənənəsini sanki yenidən dirçəldir. Bəziləri “Yaxşılıq eləyib bir şey umursansa, etməsən, yaxşıdır” atalar məsəlindən nəticə çıxarır, yəni bu yaxşılığını reklam etmir, adının çəkilməsini, üzünün görünməsini istəmir. Ancaq bəziləri bunu açıq-aşkar reklam kampaniyasına çevirir, ucuz təbliğat aparır, istər Bakıda, istərsə də regionlarda. Göstəri üçün rəqabət də duyulmaqdadır. Bunun dövlətə dəstək adıyla sırınması isə hansısa maraqdan, fürsət düşmüşkən daha çox yaltaqlanmaq istəyindən qaynaqlandığı görünür, əlbəttə, hamıya aid edilə bilməz. Təmənnalı, məqsədli, görüntü üçün olan yardım xeyirxahlıq örnəyi sayıla bilməz, belələrinin elədiyinin Tanrı yanında da savabı yoxdur; savab güdənlər üçün. Dünən dostlardan biri yazmışdı ki, hardasa gətirib yardım paylayıblar, üzlərinə maska taxıblar, şəkil çəkilməsinə icazə verməyiblər. Çox gözəl. Ancaq bunlarla yanaşı, yardımdan yararlanıb təbliğatını aparanlar da az deyil((
Belələrindən biri Saatlıdan deputat mandatı verilən Əziz Ələkbərlidir. Onun necə mandat almasıyla işimiz yox, çünki saatlılıların lap binadan bəxti gətirməyib, heç tanımadıqları, üzünü belə görmədikləri adamlar onların adından deputat kürsüsünə əyləşdirilib; səs verdiklərinin əvəzinə…
Koronavirus təhlükəsi Azərbaycanda da dövlət səviyyəsində ciddiyə alınandan, adamların evdən çıxması yasaqlanandan sonra ölkənin müxtəlif yerlərində imkansızlara, kimsəsizlərə yardım kampaniyası başlayıb. Bu kampaniya həm də ona görə başladı ki, hakimiyyət sanki adamları bir anda köməksiz duruma saldı. Adamları evə salandan sonra az da olsa onların haqqında düşünmək qərarına gəlib yaşayış minimumuna heç də adekvat olmayan 190 manat yardıma start verdi. Buna qədər “xalq yardımı” işə düşmüşdü…
Saatlıda bu işi çiçəyi burnunda deputat Əziz Ələkbərlinin təşəbbüsü kimi geniş təbliğ edirlər. Şəkillər, videolar yayır, hansısa mağazada hansısa hacının, kərbəlayının yardımını da deputatın hesabına yazırlar. Çox utancverici haldır. Yardım olunan yaşlıların, qadınların, uşaqların belə şəklini çəkib paylaşmaq, ayıb, həm də adamları aşağılamaqdır(( Sabah həmin şəkil indi boynu bükülü uşağın bir neçə il sonra qarşısına çıxanda hansı hissləri keçirəcəyini təsəvvür edin. Düzdür, bəziləri bu şəkilləri, videoları başqaları da qoşulsun deyə, çəkdiklərini bildirirlər. Ancaq demədikləri də var: yardım kampaniyası aparan qruplara bəziləri pulla kömək edir, onlarda da verdikləri pulun ünvanına çatıb-çatmaması qorxusu olur. O üzdən bəzən foto, video istəyirlər. Anlaşılandır, çünki belə kampaniya aparanlarla bağlı müxtəlif vaxtlarda xoşagəlməz xəbərlər yayılıb. Ancaq indiki halda bunu başqa cür etmək olar, həmin görüntüləri yalnız yardım edən adamın özünə verməklə. Başqa yol artıq hər iki iştirakçının gördüyü işi gözə soxması kimi dəyərləndirilməlidir. Haqlı olaraq da sosial şəbəkələrdə bu addımlar ciddi qınağa tuş gəlir. Salyandan deputat təyin olunan Fəzail Ağamalının Bərdə təmsilçisinin elədiyi kimi(( Saatlıda durum bir qədər fərqlidir, adam başqalarının etdiyini də öz adına yazdırır((
Açığı, rayonumuzun bu təyinatlı deputatı haqqında heç bir bilgim yox idi, yalnız bu təbliğat şousu vaxtı maraqlandım, onun AMEA-nın Folklor İnstitutunda işlədiyini, həm də İnstitutun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi olduğunu öyrəndim. Həm də xeyli təəccübləndim, həqiqətən, orda işləyirsə, folklordan xəbəri olmalı, atalar sözlərini hamıdan yaxşı bilməli, üstəlik, əməl etməlidir.

  • Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər.
  • Yaxşılıq elə, minnət qoyma.
  • Əl tutmaq Əlidən qalıb.
  • Sağ əlin verdiyini sol əl bilməməlidir və s.
    Əziz müəllim bu məsəllərdən daha çox sadalaya bilər, həvəsi olsa. Üstəlik, “Dədəm Qorqudun Kitabı”nı da oxumamış olmaz. Orda da ibrət götürüləsi çox şey var.
    Veriyin paya görə kimsədən təşəkkür ummamalı, həyatın dibinə enib imkansız adamların şəklini videosunu çəkib özünü təriflətdirməməlisən, insan oğlu!
    Hamıya can sağlığı arzulayır, bütün dünyanınsa bu bəladan tezliklə qurtulmasını diləyirəm. Özünüzə yaxşı baxın! Dədəm Qorqud nə deyirdi:
    Hanı dediyim bəy ərənlər?!
    Dünya mənim deyənlər!
    Əcəl aldı, yer gizlədi;
    Fani dünya kimə qaldı?
    Gəlimli-gedimli dünya,
    Son ucu ölümlü dünya…
Tarix: 14-04-2020, 20:01
Xəbəri paylaş



Xəbər lenti