"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA

“Azərbaycan-Ermənistan münasibətlərinin Gürcüstanla olan münasibətlər səviyyəsinə çatması onillər çəkə bilər...”
 
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının həyata keçirilməsi Bakı ilə İrəvan arasında iqtisadi-ticarət əlaqələrinin normallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında məlumat verərək, hələlik ixrac olunan məhsulun növünü açıqlamayıb və detallı məlumatın müvafiq şirkətlər tərəfindən veriləcəyini bildirib. Bundan öncə Azərbaycandan Ermənistana müxtəlif neft məhsulları, o cümlədən dizel yanacağı və benzin ixrac edilib, həmçinin Azərbaycan ərazisindən Ermənistana Rusiya və Qazaxıstandan tranzit daşımalar həyata keçirilib. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin martında Ermənistandan Azərbaycana 960 ABŞ dolları dəyərində ilk kiçik həcmli mal idxalı da qeydə alınıb. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında hələ Sülh Sazişi imzalanmadığı bir vaxtda iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Bəzi yanaşmalara görə, belə addımlar sülh prosesinin nəticəsi olmalı, digər fikirlərə əsasən isə məhz qarşılıqlı iqtisadi əlaqələrin qurulması tərəflər arasında etimadın formalaşmasına və Sülh Sazişinin tezliklə imzalanmasına xidmət edə bilər. 
 
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında bildirib ki, siyasi sazişin sülhün təsbit olunmasında mühüm rolu olsa da, real sülhün formalaşması daha uzun və çoxşaxəli prosesdir.
 
Tofiq Zülfüqarov qeyd edib ki, sülh anlayışı yalnız siyasi sazişin imzalanması ilə məhdudlaşmır: 
 
“Biz başa düşməliyik ki, siyasi sazişin, təbii ki, sülhü təsbit etmək üçün rolu çox vacibdir. Amma sülh çox böyük bir məfhumdur. Onun daxilində müxtəlif mövzular var. O cümlədən, iki ictimaiyyət, iki xalq arasında ardıcıl şəkildə qarşılıqlı olaraq sülhə meyilli elementləri genişləndirmək”, - deyə diplomat vurğulayıb.
 
O, qeyd edib ki, Sülh Sazişinin imzalanmasından dərhal sonra Azərbaycan və Ermənistan xalqları arasında dostluq münasibətlərinin formalaşacağını gözləmək doğru deyil:
 
“Demirəm ki, tərəflər Sülh Sazişinə qol çəkəndən sonra Ermənistan tərəfi deyəcək ki, sazişə qol çəkilib, artıq biz bundan sonra dost olacağıq. Belə bir şey olmayacaq. Yenə deyirəm, bu və ya digər sazişin öz yeri var. Amma bu proses illərlə davam edəcək. Sülh şəraitinin formalaşması üçün illər keçməlidir”.
 
Zülfüqarovun sözlərinə görə, bu prosesdə ticarət əlaqələri ilə yanaşı, kommunikasiyaların istifadəsi, təbliğat və ideoloji amillər də mühüm rol oynaya bilər. O bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin Azərbaycan-Gürcüstan əlaqələrinin mövcud səviyyəsinə çatması üçün illər, hətta onilliklər tələb oluna bilər.
 
“Burada həm ticarət öz rolunu oynamalıdır, həm kommunikasiyaların istifadəsi, təbliğat, ideologiya və s. Yəni Ermənistanla əlaqələrimizin, məsələn, Gürcüstanla olan münasibətlərimizin səviyyəsinə çatması üçün, hesab edirəm ki, illər, bəlkə də onilliklər lazım olacaq. Ona görə də bu istiqamətdə addımlar da lazımdır. Lakin bu münaqişədən qalan qalıqlar da aradan götürülməlidir”, - deyə sabiq nazir əlavə edib.
 
Diplomat diqqətə çatdırıb ki, qarşılıqlı münasibətlərin normallaşdırılması ilə yanaşı, münaqişədən qalan problemlərin həlli istiqamətində də Ermənistan tərəfindən konkret addımlar atılmalıdır.
 
“Bildiyiniz kimi, bu yaxınlarda minaların təmizlənməsi mövzusunda beynəlxalq konfrans keçiriləcək. Biz gözləyirik ki, həmin konfrans çərçivəsində Ermənistandan da bizə qarşı hansısa sülhə meyilli addımlar atılsın. Ən azı, onların verdiyi xəritələr reallığa uyğun olmalıdır. Halbuki mütəxəssislər onların maksimum 20-30 faiz gerçəkliyə uyğun olduğunu bildirirlər”, - deyə Zülfüqarov vurğulayıb.
 
O, hesab edir ki, Ermənistanda hələ də məsələyə müharibə prizmasından yanaşan qüvvələr mövcuddur: “Deməli, Ermənistanda hələ də hansısa qüvvələr var ki, bu məsələyə hələ də müharibə prizmasından baxırlar. Bu da reallıqdır, biz reallığı da hər şeydən gözləyirik”.
 
Sabiq  baş diplomat eyni zamanda Azərbaycanda Sülh Sazişi ilə bağlı bəzi yanaşmaları da tənqid edib. Onun sözlərinə görə, sülhün əldə olunması Ermənistanın irəli sürdüyü bütün tələblərin qəbul edilməsi anlamına gəlmir.
 
“Bir sözlə, bu, çətin bir prosesdir. Son vaxtlar Azərbaycanda bəziləri belə başa düşürlər ki, Sülh Sazişi ermənilərin istəklərinin bu və ya digər şəkildə yerinə yetirilməsi deməkdir. Məsələn, sərhədlər məsələsi. Yəni, deyək ki, sərhədlər mütləq Paşinyanın pencəyinin yaxasına vurduğu o nişanda təsvir olunan xəritədəki kimi müəyyənləşməlidir. Bu, Ermənistanın istəyidir. Amma bu o demək deyil ki, axırda məhz bu şəkildə olmalıdır”, - deyə o bildirib.
 
Tofiq Zülfüqarov qeyd edib ki, “sülh istəmək” ölkənin milli maraqlarından imtina etməsi kimi başa düşülməməlidir:
 
“Bəzi tənqidçilər də mən bu fikirləri səsləndirəndə mənə də tənqidlər səsləndirirlər ki, sən sülh istəmirsən. Biz sülh istəyiriksə, deməli, ermənilərin istəklərinin hamısını qəbul etməliyik. Bu, anormal bir yanaşmadır.
 
Biz sülh istəyirik, amma öz maraqlarımızı təmin etmək üçün siyasi iradəmiz də olmalıdır, istəyimiz də olmalıdır. Yoxsa belə çıxır ki, belə bir sülh istəsəydik, onda müharibəni də aparmazdıq, Qarabağ da onlarda qalardı.
 
Yəni bizim cəmiyyətdə bu məntiqsiz fikirləri səsləndirən insanlar var və əslində, bunları tənqid etməliyik. Sülh bizim maraqlarımızı açıq şəkildə təmin edərkən, biz ona, inşallah, nail olacağıq...”
 
Sultan Laçın
Tarix: Dünən, 23:14
Xəbəri paylaş



Xəbər lenti