Firdovsi İsmayılov: “Biz heç vaxt bu qədər işsiz qalmamışdıq” Karantin rejimi elan olunandan bu yana ölkəmizdə kütləvi mərasimlərin keçirilməsi qadağan edilib. Restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət, eyni zamanda ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Bu da yüzminlərlə insanın işsiz-gücsüz qalması deməkdir.
Son günlərdə açıqlanan statistik nəticələrin nisbətən ürəkaçan olması insanlarda 5 avqustdan sonra iş yerlərinin açılacağına, həyatın nisbətən əvvəlki axarına geri dönəcəyinə dair ümid yaratmışdı. Lakin Operativ Qərargahın son brifinqində açıqlanan qərarda heç bir ictimai-iaşə obyektinin fəaliyyətinə icazə verilmədiyi bildirilirdi. Evdən çıxma ilə bağlı icazələrin ləğv edilməsi və çimərliklərdə müəyyən qaydalar çərçivəsində istirahət üçün icazə ilə bağlı qərar verildi.
Doğrudur, çimərliklərin açılması mütəxəssislərin də fikirlərində səsləndiyi kimi, əhalidə immunitetin möhkəmləndirilməsi üçün zəruri hesab edilirdi. Lakin işi olmayan, maddi imkanı olmayan, güzəştlərlə təmin edilməyən əhali bu qərarı yetərli hesab etmir. Mövcud vəziyyətdən səbir kasası dolub-daşan insanlar öz etirazlarını bildirir, ictimai-iaşə obyeklərinin açılmasını zəruri hesab edirlər. Operativ Qərargaha bununla bağlı müraciətlər ünvanlayırlar.
AYNA-ya danışan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (AKMA) ağsaqqal üzvü Firdovsi İsmayılov, 5 aydır fəaliyyət göstərməyən restoran, otel, kiçik kafe və digər iaşə obyektlərində çalışanların vəziyyətinin kritik həddə çatdığını deyir: “Aprel və mart aylarında dövlətin sahibkarlara ayırdığı kompensasiyanı az da olsa, aldıq. Amma bu günə qədər heç bir yerdən qazanc əldə edə bilməyən aşpaz, ofisiant, barmen, xidmətçi və sair işçilərin vəziyyəti çox kritik həddə çatıb. Aramızda 5-10 faiz kolleqa yoldaşımız var ki, onlar onlayn işləyirlər. Lakin onların da iş saatı çox, qazancları isə əvvəlki dönəmdə aldıqları məvacibin yarısı qədərdir”.
“Mart ayından bu günə qədər işsiz qalmışıq. Biz aşpazlar heç vaxt bu qədər işsiz olmamışdıq. Mövcud vəziyyətlə bağlı Azərbaycan Milli Kulinariya Assosiasiyası və Azərbaycan Kulinariyası Mütəxəssisləri Assosiasiyası lazımi instansiyalara müraciət edib. Düşünürəm ki, Dövlət Turizm Agentliyi də vəziyyətlə bağlı müraciətimizin yuxarı instansiyalara çatdırılmasında bizə dəstək olar”, - müsahibimiz bildirir.
Operativ Qərargahın son qərarına görə, 31 avqusta qədər ictimai-iaşə obyektləri bağlı olacaq. 190 manat birdəfəlik yardımı da bir çox insan ala bilmədi. Firdovsi İsmayılovun sözlərinə görə, aşpazlar arasında da əmək müqaviləsi olanlar (dondurulmuş müqavilə) var: “Buna görə onlar da 190 manat yardımı ala bilmədilər. İnsanlar bu dönəmdə pulsuzluqdan heç normal qidalana da bilmədilər, psixoloji durumları da korlandı. Hər kəs ac və aqressiv olub”.
“Uzun illər bu peşənin sahibi olan şeflər xalqın xeyirində-şərində, dövlət tədbirlərində, ölkə xaricində canla-başla çalışıblar. Azərbaycanın bayrağını ucalara qaldırmışıq və bununla qürur duyuruq. Biz dövlət başçısını dəstəkləyir və yaxın zamanda problemimizin həlli istiqamətində ciddi addımlar atılacağına inanırıq”, - kulinar vurğulayır.
Müəllif:
Aləmdə Nəsib
Tarix: 6-08-2020, 21:43