Azərbaycanda bəzi özəl tibb müəssisələrində, xüsusilə, əməliyyat və digər tibbi xidmətlər üçün kartla ödəniş etmək istəyən vətəndaşlara qiymət nağd ödəniş zamanı olan ödənişdən daha yüksək deyilir. Misal üçün, əvvəlcə 200 manat qiymət təklif edilən bir əməliyyat üçün, ödəniş kartla ediləcəyi zaman qiymətin 250 manata yüksəldiyi iddia olunur. Bu məbləği deyil, əvvəlki məbləği ödəmək istəyən vətəndaşlara isə nağd ödəniş etmək təkid olunur. Bu vəziyyət vətəndaşlarda narazılığa səbəb olur və hüquqi məsələləri gündəmə gətirir.
Bəs, belə hallar qanunla necə tənzimlənir? Vətəndaşlar nağdsız ödəniş edərkən bu halla qarşılaşdıqda nə etməlidirlər və bu məsələ ilə bağlı hansı hüquqi tədbirlər görülə bilər?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Manset.az-a verdiyi açıqlamada bildirib ki, bu hal tibb müəssisəsinin qiymət siyasətini düzgün icra etməməsi və istehlakçı hüquqlarını pozmasıdır.
“Bu, birmənalı şəkildə qanun pozuntusudur. Vətəndaşlar belə halla qarşılaşdıqda mütləq şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər. Eyni zamanda edilən şikayət tibb müəssisəsi ilə bağlı olduğuna görə, mütləq şəkildə Səhiyyə Nazirliyinə, o cümlədən lisenziyanın birbaşa verilməsinə məsul olan İqtisadiyyat Nazirliyinə də müraciət edilməlidir. Əgər həqiqətən məsələdə həqiqətən də hər hansı bir pozuntu olduğu təsdiq olunarsa, bununla bağlı müvafiq araşdırma aparılacaq, şəxslərin izahatı alınacaq və o cümlədən, Azərbaycan Respublikasının İnzibati və Cinayət qanunvericiliyinə uyğun tədbirlər görüləcək”.
Ramil Süleymanov əlavə edib ki, belə bir vəziyyətdə qanunvericiliyə uyğun olaraq, tibbi müəssisələr cərimə oluna bilər. Bu tip qanun pozuntuları dövlətin istehlakçı hüquqlarını qoruma məqsədini zədələyir və belə halların qarşısının alınması üçün ciddi tədbirlər görülməsi vacibdir.
Qeyd edək ki, Azərbaycanda qiymət dəyişikliklərinin və ya əlavə xərclərin istehlakçıya əvvəlcədən bildirilməsi qanuni tələblərdəndir.


















