
Bakı sakini Ramin Həsənov Suraxanı rayonu, 31 saylı şəhər poliklinikasının diş həkimi Natiqə Əhmədovadan şikayətçidir.
Siyaset.info-ya məlumat verən vətəndaş diş həkiminin onun yeniyetmə oğlunun həyatını təhlükəyə atmasından şikayət edib. Səhiyyə Nazirliyinə, TƏBİB və poliklinikanın baş həkiminə müraciət edən Ramin Həsənov bildirib ki, uşağı babası onu diş həkiminə aparıb:
“Orada rentgen olmadığına görə Qaraçuxurda olan poliklinikaya gediblər. Sonra Natiqə Əhmədovanin yanına qayıdıblar. Həkim dişin birini düzəldib, ikinci diş üçün təzədən rentgenə göndərib. Hər şey qaydasında olduğu üçün ikinci dişin də işinə başlayıb. Amma uşaq görüb ki, həkim kobud işləyir və ona kəskin ağrılar verir. Natiqə Əhmədova da heç bir sınaq etmədən (“prob” qoymayıb – red) uşağa iynə vurub. Nəticədə uşaq şoka düşüb, əsməyə, tərləməyə başlayıb. Babası da içəridə olmayıb və bu barədə ona heç məlumat verilməyib. Həkim dərhal naşatır spirti verib ki, uşaq özünə gəlsin. Ondan sonra uşaq istəməyib o həkimin yanına getsin, ona görə dişin işi yarımçıq qalıb”.
Şikayətçi qeyd edib ki, həkim gecə zəng edərək pulunu tələb etməyə başlayıb: “Halbuki dövlətin səhiyyə ocağıdır, tibbi sığorta var. Bununla belə razılaşdıq ki, pul verək, təki dişi düzəltsin. Buan görə həkim ümumi 100 manat almışdı. Amma sonra uşağı başqa həkimə göndərdik. Həmin həkim də baxanda uşağın dişində yad cism aşkarladı. Demə, Natiq Əhmədov iynə vuranda qırılıb içində qalıb. Ancaq bunu da babasına deməyib. Rentgen bunu göstərdi, biz şikayət edəndə isə boynuna almadı. Nəhayət, baş həkim işə qarışdı, onda etiraf elədi ki, özü edib. Amma yenə də kobud danışmağa davam etdi”.
Şikayətçi deyib ki, şikayətlərdən sonra həkim pulu kartla geri qaytarıb, özü də işdən uzaqlaşdırılıb və özəl klinikada fəaliyyətini davam etdirib: “Amma gəlib üzr istəmədi və bəhanə elədi ki, guya işdən çıxa bilmir. Hərçənd gəlib biizmlə görüşməli, etdiyi səhlənkarlığı üzbəüz boynuna almalı, üzrxahlıq etməliydi ki, “prob”suz iynə vurub, uşağı şoka salıb, üstəlik də, iynəni sındırıb içində alıb, heç bir tədbir görməyib. Hətta sonradan bizə məlum oldu ki, sağlam dişi çıxarırmış. Halbuki müalicə etmək olardı. Ona görə də belə səhlənkar həkimin ucbatından uşağın həyatına təhlükə yaranıb, o da öz fəaliyyətini başq yerdə davam etdirir”.
Siyaset.info