“Çox absurd qərardır, çimərlikdə virus yoxdur, rayonda var?” Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, bəzi şəhər və rayonlarda sərt karantin rejimi yumşalmalarla, xüsusi karantin rejimi isə bütün ölkə üzrə 2020-ci il 31 avqusta qədər uzadıldı. Ölkə əhalisinin narahatlığına səbəb olan əsas məqamlardan biri Abşeron yarımadası ilə rayonlar arasında gediş-gəlişin yenə də açılmaması ilə bağlıdır. Belə ki, avqustun 31-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması məhdudiyyətləri qalmaqda davam edəcək.
Sözügedən qərar paytaxt və bölgə sakinlərini nə kimi sıxıntılarla üzləşdirib, hansı planlarını təxirə salıb? AYNA məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Beləliklə:
Elyar İslamoğlu: Bir ildən artıqdır ki, valideynlərimi görmürəm. Yeganə istəyim - Naxçıvan reyslərinin normal qaydada fəaliyyət göstərməsidir”.
Ağa Cəfərli: “Bir neçə rayona getməyi planlaşdırırdım. Çünki bu, səhhətim üçün görə çox vacib idi. Qadağaya görə gedə bilmədim və bu, mənim səhətimə mənfi təsir göstərir”.
Tural Turan: “Taksilər, icazə olsa belə, çox baha aparır. İki-üç dəfə qiyməti qaldırıblar. Atamın Bakıda işləri var, gələ bilmir. Valideynlərim bizi, biz onları ziyarət etməkdə çətinlik çəkirik. İstirahət planlarımız alt-üst olub”.
Səbinə Abdullayeva: “İyun ayinda iki ildir ki, gedə bilmədiyim doğma rayonum Tovuza getməyi, orada yaşayan doğmalarımı ziyarət etməyi planlaşdırmışdım. Təəsüf ki, bu yay sırf karantinə görə alınmadı”.
Esmira Qasımova: “Mən qış aylarında Türkiyəyə turpaket almışdım. Sərt karantin rejiminə görə gedə bilmədik. İndi də nə turumuzun pulunu qaytarırlar, nə də rayonlara gediş-gəlişi bərpa edirlər. Şərt də belədir ki, reyslər normala dönəndən 2 ay sonra pullar qaytarılacaq. Antalyaya, Marmarisə payızda reyslərin olacağı gözlənilmir. Yəni normal vaxtda belə, bu bölgələrə reyslər yay aylarında daha çox olur. Deməli, bunun üçün növbəti ili gözləməliyik. Rayonlara də elə bu səbəbdən getmək istəyirdim. Uşaqlar da hər şeydən məhrum olublar”.
Günel Rəcəb: “Qalxanvari vəzi çatışmazlığından əziyyət çəkirəm. Oksigen çatışmazlığı, baş ağrılarım olur. Uşaqlarda da hipoksiya var. Bölgələrə istirahətə gedəcəkdik ki, həm canımız, həm də ruhumuz dincəlsin. Dörd divar arasında, stress içində yaşamaqdan bezdik. Sözün əsl mənasında əsarətdəyik”.
Sevinc Süleymanova: “Mənim işim üçün sakit mühit lazımdır, Bakıda da hamı evdə idi. Ailəmə narahatlıq yaratmamaq üçün kəndə köçmüşəm. Artıq 3 aydır ki, buradayam. Karantin illərdir Azərbaycanı təmsil etdiyim, jurnalistlər üçün Yalovada təşkil olunan konfransa getməyimə mane oldu. Ancaq ona görə məyus oldum. Məzuniyyətə xaricə gedəcəkdim. Amma buna görə üzülmək yersizdir. Hazırda xəstəlik hər yerdə var, gəzməyi sonraya da saxlamaq olar. Əsas ailə və ətrafımızın sağlamlığını riskə atmamaqdır. Ailəmdən kənar, tək çətin olsa da, olduğum yerdə xoşbəxt olmağa çalışıram”.
İdris Almməmədov: “Valideyinlərin yaşlısı, xəstəsi, ehtiyaclısı var. Gediş-gəliş məhdudiyyətinə görə onlara baş çəkə bilmirik. Çünki hansısa rayona gedəndə qayıtmaq problem yaradır. Qayıtmayanda isə işindən olursan”.
Nəzakət Məmmədova: “Çox əsassız qadağadır. İnsanlara təmiz rayon havası lazımdır ki, immunitet güclənsin. Bu cür qadağalarla biz üzü payıza, qışa zəif orqanizmlə qədəm qoyub, xəstəliyə necə qalib gələ bilərik? Yay bitibsə, çimərlik bundan sonra bizim nəyimizə lazımdır? Çimərlikdə virus yoxdur, rayonda var? Çox absurd qərardır. Qadağaların bu qədər uzanması artıq əks effekt verməyə başlayıb. Bunun məsuliyyətini kim daşıyacaq? Ümumdünya Səhiyyə Təşkilatı manipulyasiya olunan bir təşkilatdır və dəfələrlə səhv qərarlar qəbul etdikləri məlum olub. Onun 3 aylıq müddəti uzatmasına uyğun planlar quran ölkələrdən biri Azərbaycandır və mən bunu səhv addım hesab edirəm. Vəziyyət 5 ayda düzəlməyibsə, 3 ayda düzələcək?”
Cahangir Nəbiyev: “Keyfiyyətli tibbi xidmətə əlçatanlıq sıfra enib. Öz büdcəmizlə belə, Bakıya həkim müayinəsinə gedə bilmirik”.
Cavanşir Abbaslı: “Demək olar ki, heç bir planım təxirə düşmədi, əksinə, son 15 ildə heç olmadığım qədər doğma Gədəbəyimdə oldum. Sadəcə, 10 manatlıq yolu 50 manata gəlib-getməyi yaşayan biri kimi, koronavirusun da hədəf kimi kasıbları seçdiyini gördüm. O qədər problem yaşamasam da, insanlar var ki, nə qədər zülüm çəkdiklərini görürəm”.
Sevinc Zülfüqar: “Sırf bu məhdudiyyətlərə görə, 5 aydır ki, işə qəbulla bağlı imtahanım yubanır. Ən pisi isə odur ki, artıq 7 aydır ki, bacımı görə bilmirəm”.
Zeyba Babayeva: “Şəxsən bizim evimizin təmirinin başa çatması ləngiyir. Kimsə bilmir ki, sabah başına nə iş gələcək. Onsuz da məmləkətimizdə ömür qısadır. Ən azından, əlində tutarlı səbəbi olub getmək istəyənlərin arzusu nəzərə alınıb, maneçilik törədilməməlidir”.
Ülviyyə Şahin: “Rayonlarla heç bir əlaqəm olmadığı üçün qərarın dəyişilmədən qalması mənə hər hansı problem yaratmadı. İstirahət etmək və gəzmək üçün Türkiyəyə getməyi nəzərdə tutmuşdum. Səbr edək və hər şeyin yaxşı olacağına fokslanaq. Mütləq ki yaxşı olacaq”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 6-08-2020, 13:36