Növbəti dəfə də deputatlara pul verilməsi xəbəri yayılsa, reaksiya yenə eyni olacaq Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən. Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!” Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual. AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik. Koronavirus xəbərləri ilə bol olan mətbuatımızda ötən həftə yayılan bir xəbər bomba kimi partladı və sosial şəbəkələrdə xeyli müzakirə olundu. Qeyri-koronavirus xəbərlərinə tamarzı qalan oxucular da böyük həvəslə virusdan başqa də nəyinsə baş verməsi barədə məlumatı sinirdilər və əksəriyyəti öz etirazını bildirdi. Söhbət Qurban bayramı ilə əlaqədar deputatlara verilən 549 manat bayrampulundan gedir.
Əslində, elə bir qeyri-adi hadisə baş verməmişdi. Bu vəsait deputatlara hər bayramda köçürülürdü. Amma nədənsə bu dəfə yaman hay-küy qopdu. O qədər hay-küy qopdu ki, hətta, savadlı, yeni deputatlarımızdan biri olan Erkin Qədirli belə, öz təəccübünü gizlədə bilmədi.
“Bu, köhnə qaydadır, illərdir tətbiq olunur. Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul ödəyirlər (beş yüz nə qədərsə). Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub”, - dedi Erkin müəllim.
Qədirli düz deyir, bu qayda çoxdan qəbul edilib. Axı niyə, məhz indiki dövrdə bu məsələ millətdə belə qıcıq yaratdı və onun dediyi kimi “Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur”? Həm oxucuya, həm Erkin müəllimə, həm də onun kimi maaşla dolanan tək-tük deputata izah edim.
Camaatı qınamayın. Bizim insanlar vərdiş ediblər ki, döşündə deputat nişanı olan adam sovet dövrünün “raykom”u fason bir şey olmalıdır. O, metroda, ictimai nəqliyyatda gəzməməli, mütləq sürücüsü olmalı, bahalı kostyum geyinməli, son model telefon gəzdirməli, istənilən nazirliyə, müəssisəyə müraciət edəndə sözü keçməlidir. Milli Məclisin ənənəvi deputatı “xalqın qulluğunda duran millət vəkili” olduğu üçün iş otağına həftədə bir-iki dəfə dəyməli, qalan vaxt xalqın nümayəndələrinin də maaşa işlədiyi öz obyektlərinin problemləri ilə məşğul olmalı, ya da kimisə işə qoymalı (təbii ki, dədə xeyratına yox), axşamlar şəhərin bahalı restoranlarının birində şam etməli, dövlət tədbirlərində ranqından asılı olaraq birinci də olmasa, 2 və ya 3-cü sırada elə oturmalıdır ki, televiziyalarımızın kameralarına mütləq düşsün, övladlarını xaricdə oxutmalı, əgər oxuyub qurtarıblarsa, ixtisaslarından asılı olaraq, polisə, XİN-ə və sair dövlət qurumuna işə düzəltməli, bir sözlə, maaşa (o ki, qala bayrampuluna) ehtiyacı olmamalıdır. O, bu pulu ya almamalı, ya da alsa belə, bir-iki ailəyə yardım edərək, onların hadisə yerində “təsadüfən” peyda olan jurnalistə təşəkkür etmələrini təmin etməlidir. Sonra da müsahibə verməlidir ki, mən etdiyimi heç zaman reklam etmirəm...
Təbii ki, sadaladıqlarım bütün deputatlara aid edilməsə də, illərdir, yox, onilliklərdir Milli Məclisdə oturan və sadaladığım həyat tərzi sürən insanlara aiddir. Biz öyrəşmişik ki, bir deputat barədə danışanda, mütləq qeyd edək ki, bu adamın tütün, digərinin banan və daha nələr biznesi var. Üçüncüsünün dərman biznesi, dördüncünün isə istirahət mərkəzləri, fermaları var. Daha birisi kiminsə qudası, qudasının oğlu, əlqərəz, seçilmişlərdəndir.
Odur ki, milləti qınamayın. Onlar hələ də elə bilirlər ki, son seçkilərin qalibi olmuş bütün deputatlar hələ də o “raykom-fasonlardır”. Amma orada maaşa baxan insanlar var və onların yalnız qanunvericiliklə məşğul olması müqabilində bu maaşı alması tamamilə ədalətlidir.
Əminik ki, növbəti dəfə də millət vəkillərinə pul verilməsi xəbəri yayılsa, reaksiya yenə eyni – kəskin və qıcıqlı olacaq. Son seçkilər zamanı insanlarda tipik deputat anlayışını dəyşəcək insanların gəlişinə bir ümid vardı. Amma, nəticələr onu göstərdi ki, elə mütləq əksəriyyət elə millətin dediyi kimi yaşayanlardır. Hakimiyyətin “seçilməsinə maneçilik törətmədiyi” Erkin Qədirli qarışıq, təzə iki-üç nəfər var ki, onların da necə deputat olacağı birazdan bilinəcək.
Tərs kimi, koronavirus imkan vermədi ki, bu insanları düz-əməlli tanıyaq. Bilək ki, gələn dəfə onlara səs verək və onlar bayram pulu alanda anlayışla qarşılayaq, ya yox. Bəlkə deputatlıq onların o qədər xoşuna gəldi ki, həmin adamlar ikinci dəfə seçilən zaman da onlar haqqında “onun da filan yerdə restoranı var” ifadəsi eşidəcəyik…
Geniş xalq kütlələrindən fərqli olaraq, biz jurnalistlər yaxşı bilirik ki, hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır (https://fed.az/az/dovlet/deputatlarin-elavelerle-birlikde-aldigi-mevacib-maas-bayrampulu-tetilpulu-pensiya-kime-ne-qeder-dusur-69009). Parlament sədrinin rəsmi maaşı 2471 manat, birinci müavinin rəsmi maaşı 2347 manat, müavinin rəsmi maaşı 2224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.
Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib. Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3201 manat, birinci müavinin aylıq gəliri 3077 manat, müavinin aylıq gəliri 2954 manat, komitə sədrlərinin aylıq gəliri 2707 manat, sıravi deputatın aylıq gəliri 2433 manat edir.
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara bayrampulu verilir. Bundan başqa, deputatlar yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730x3), parlament sədrində 7413 manat (2471x3), birinci müavində 7041 manat (2347x3), müavində 6672 manat (2224x3), komitə sədrlərində 5931 manatdır (1977x3).
Bəlkə də adi vaxtda bu rəqəmlər normal qarşılanardı. Amma koronavirus dövründə yaşayırıq. Bütün bunlardan sonra deyirsiniz ki, neçə aydır 190 manat müavinətə möhtac qalan, Qurban bayramı vaxtı heç də hamının evində qurbanlıq ətlə dolu qazan qaynamayan camaat deputatlara verilən 549 manat bayrampulu xəbərini normal qarşılasın? Dedim axı, milləti qınamayın, Erkin müəllim...
Tarix: 3-08-2020, 12:23