Çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır: Başqa yol görünmür


Çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır: Başqa yol görünmür
Natiq Cəfərli: “Kubadan, Baltikyanı ölkələrdən, Türkiyədən tibb işçiləri cəlb etmək mümkündür”
 
“Rəsmi məlumatlara inansaq, Çinin Vuhan şəhərində 1 nəfərin 2019-cu ilin noyabr ayında koronavirusa yoluxması 7 aydan sonra dünyanın 200 ölkəsində 10 milyon nəfərin yoluxmasına, 500 min nəfərin isə həyatını itirməsinə səbəb oldu. Yəni, 1 nəfər həndəsi silsilə ilə dünyada 10 milyon nəfərə yaxın adamı yoluxdurdu”.
 
AYNA xəbər verir ki, bu sözləri ReAL Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli COVID-19-la mübarizədən danışarkən deyib. O bildirib ki, bu rəqəm hələ testlə təsbit edilən saydır: “Simptomsuz və rəsmi qeydiyyata alınmayan yoluxan sayı isə dünya üzrə, çox güman ki, bu saydan azı 10-15 dəfə, bəlkə də 100 dəfə çoxdur. Bunu dəqiq bilən də yoxdur”.
 
“Vuhanda 1 nəfərlə başlayan virus 7 aya bu qədər yayılıbsa, məntiqlə, bu ilin sonuna həndəsi silsilə ilə dünya əhalisinin, azı 70-75 faizi virusa yoluxacaq və kollektiv immunitet yaranmağa başlayacaq. Hansı ki, artıq yaranır. Bu modeldə yeganə çıxış yolu yoluxmanın sürətini azaltmaqla səhiyyə sistemini virusla mücadiləyə hazırlamaqdır. Yəni, daha çox çarpayı, avadanlıq, dərman ehtiyatı yaradılmalıdır. Başqa yol görünmür. Vaksin hazır olana qədər bu belə davam edəcək. Vaksin isə ən yaxşı halda gələn ilin ilk yarısında kütləvi istehsal ediləcək”, - deyə Cəfərli vurğulayıb.
Natiq Cəfərli:
“Yaxşı, nə edək bəs?!” sualına cavaba gəldikdə isə iqtisadçı bildirib ki, özümüzü və yaxınlarımızı qoruyaq, qapalı məkanlarda maska taxaq, fiziki məsafəni gözləyək, əllərimizi təmiz saxlayaq: “Hökumət isə yeni təcili yardım maşınları, süni tənəffüs aparatları, dərmanlar almalı, çarpayı sayını təcili artırmalıdır. Yəni, daha detallı statistika və cəmiyyətlə kommunikasiya strategiyası hazırlanmalıdır”.
 
“Amma bir məsələ çox çətindir. Həkim, tibb işçiləri sayı çatmır. Bu məsələnin həlli üçün təcili ayrıca proqram qəbul edərək xaricdən yüksək maaşla mütəxəssislər cəlb edilməlidir. Ən azı 1000 həkimə, 5000 tibb xidməti işçisinə ehtiyac var. Onları Kubadan, Baltikyanı ölkələrdən, Türkiyədən cəlb etmək mümkündür”, iqtisadçı qeyd edib.
Tarix: 25-06-2020, 14:24
Xəbəri paylaş



Xəbər lenti